Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

14 May 2022 12:00

Azərbaycan Ordusunun şəxsi heyəti ilə keçirilən ictimai-siyasi hazırlıq dərsi (İctimai-siyasi hazırlıq dərsinin qrup rəhbərinə kömək)

Mövzu: İnformasiya təhlükəsizliyi

Suallar:

1. İnformasiya haqqında əsas anlayışlar.

2. Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi siyasəti.

3. İnformasiya təhlükəsizliyi və ona qarşı yönəlmiş təhdidlər.

4. Hərbi qulluqçu və informasiya təhlükəsizliyi.

İnformasiya haqqında əsas anlayışlar
 
İnformasiya istehsal faktoru olaraq cəmiyyət üçün imtina edilməz və çox vacib amildir. İnformasiya - ətraf mühit haqqında istənilən məlumatdır. O, təkcə texnologiyalarla emal olunan anlayış olaraq deyil, hər hansı bir təşkilatın tərkibində müxtəlif quruluşlarda mövcud ola bilər. Mütəxəssislərin araşdırmalarına görə informasiya aşağıdakı mühitlərdə mövcud ola bilər:
- Fiziki mühit: kağız, taxta, faks, qutular, şkaflar və s.;
- Elektron mühit: kompüterlər, mobil qurğular, elektron poçt, yaddaş qurğuları (USB flash, CD-DVD, disket və s.) və s.;
- Sosial mühit: telefon danışıqları, söhbətlər, yemək fasilələri, nəqliyyat vasitələri və s. sosial fəaliyyət vasitələri;
- Təqdimat platformaları: internet saytları, broşüralar, reklamlar, təqdimatlar, təlimlər, video və ya digər vizual mühitlər.
İnformasiyanın ən vacib amillərdən birinə çevrildiyi vaxtda onun təhlükəsizliyi də olduqca vacibdir.
İnformasiya təhlükəsizliyi dedikdə informasiyanın və informasiya mühitinin təsadüfi  və ya düşünülmüş, təbii və ya süni xarakterə malik təsirlərdən müdafiə vəziyyəti başa düşülür. Belə təsirlər informasiyaya və ya informasiya obyektlərinə, həmçinin informasiya istifadəçisinə və sahibinə yolverilməz ziyanlar vura bilir.
İnformasiyanın mühafizəsi - informasiya təhlükəsizliyinin təmin olunması üçün həyata keçirilən kompleks tədbirlərdir. İndiki zamanda informasiyanın təhlükəsizliyi ən çox yayılmış üç əsas xüsusiyyətə əsaslanır: konfidensiallıq, tamlıq və əlçatanlıq.
İnformasiyanın konfidensiallığı həddindən artıq məhdud dairədə olan insanlar ilə tanış olmağın mümkünlüyünü ifadə edir. Bu insanlar informasiya sahibləridirlər. Əgər informasiyanı bu şəxslərdən başqa icazəsi olmayan digər şəxslər də istifadə edə bilirlərsə, onda informasiyanın konfidensiallığı itmiş olur. Bəzi informasiya növləri üçün konfidensiallıq əsas atribut sayılır (məsələn, hərbi hissəyə dair məlumatlar, strateji tədqiqatlarla bağlı olan məlumatlar, tibbi qeydlər, sığorta ilə bağlı yazılar və s.). Bəzi hallarda konkret şəxslər barədə olan məlumatlarda da konfidensiallığı saxlamaq lazımdır (məsələn, hərbi qulluqçu haqqında informasiyanı, tibbi müəssisələrdə pasientlərin vəziyyəti haqqında məlumatları və s).

Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi siyasəti

Müasir dövrdə informasiya axınının dünyanın hər yerində sürətləndiyi bir vaxtda hətta informasiyanı daha çox yaradan ölkələr belə yaratdıqlarının "əsirinə" çevrilirlər. Bu, artıq dünyanı bürüyən ciddi bir təhlükədir. İnsanlar hər an informasiyaların təsirində, hətta təhdidindədirlər. İnformasiya insanların əhvalına sürətlə təsir edir, onları yönləndirir.
İnformasiya texnologiyasının inkişafı ilə əlaqədar daha asan və tez əldə edilən informasiya dövlətin və cəmiyyətin özünü ifadə etmək baxımından ideal vasitə hesab edilir. Bu səbəbdən son zamanlar iqtisadiyyatda, siyasətdə və hərbdə "informasiya əməliyyatı" və "informasiya müharibəsi" terminləri geniş istifadə edilir. Dünyada informasiya müharibəsi texnologiyalarının inkişafı və dövlətlər arasında baş verən hərbi və siyasi qarşıdurmalar belə söyləməyə əsas verir ki, yaxın gələcəkdə qarşı tərəf üzərində üstünlük informasiyanın ələ keçirilməsi, onlara tez reaksiya verilməsi, real vaxt çərçivəsində qarşı tərəfin informasiya mənbələrinin məhv edilməsi ilə əldə olunacaq. Bu gün cəmiyyətdə milli informasiya resurslarının mühafizəsi məsələsi çox aktualdır. İnkişaf etmiş dövlətlər tərəfindən informasiya silahının tətbiqi və qlobal informasiya infrastrukturunun yaradılması bu ölkələrin dünyada lider ölkə olmaq ideyasından irəli gəlir. İnternet açıq informasiya şəbəkəsinin genişlənməsi, kompüter cinayətkarlığının artması, siyasi və iqtisadi məqsədlərə çatmaq üçün yüksək səviyyədə informasiya hücumu təhlükələrinin çoxalması informasiya müharibəsi və informasiya təhlükəsizliyi kimi məsələlərin aktuallığına səbəb olub.
Müasir dünya geosiyasətində informasiya və təbliğatın  beynəlxalq ictimai rəyə təsir imkanlarından geniş danışılır.  Hazırda bir ölkənin başqa dövlətin ərazisində mövcud informasiya sistemlərini nəzarət altına alması  və yaxud  idarə etməsi  yalnız  onun hərbi və milli təhlükəsizlik məsələlərinə təsirlə  yekunlaşmır. Bu, həm də yerli ictimai rəyin kənar təsirlərə məruz qalmasına və idarə edilməsinə,  ölkənin idarəçilik sisteminin pozulmasına və iflic olmasına səbəb ola bilər. Mütəxəssislərin fikrincə, xarici texnologiyanın mövcud gücü ilə hazırda ayrı-ayrı ölkələrin daxili idarəçilik sistemləri arasındakı rabitə  əlaqələrini nəinki kəsmək və pozmaq, hətta bu sistemə girərək, dezinformasiya yaymaq yolu ilə onların fəaliyyətini yönəltmək və sarsıtmaq mümkündür. Bu da həmin ölkələrin daxili sabitliyini, idarəetmə orqanlarının ahəngdar fəaliyyətini pozur ki, nəticədə milli təhlükəsizliyə xarici müdaxilə üçün əlverişli şərait yaranır.
Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi siyasəti dövlət, ictimai və fərdi informasiya ehtiyatlarının qorunmasına, habelə informasiya sahəsində milli maraqların müdafiəsinə yönəlmiş tədbirlər kompleksinin həyata keçirilməsindən ibarətdir.
İnformasiya təhlükəsizliyi siyasətinə toxunan Azərbaycan Respublikası Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev vurğulamışdır ki, "Hazırda bizə qarşı dünyada sistemli informasiya müharibəsi aparan qüvvələr mövcuddur. Elə ölkələr var ki, orada nəinki hər həftə, hər gün Azərbaycanla bağlı böhtan xarakterli yazılar dərc edirlər. Təbii ki, bu əlaqələndirilmiş bir antiazərbaycan siyasətidir. Bu işdə,  ilk növbədə, erməni lobbisinin fəallığını qeyd etmək lazımdır. Onlar  mütəmadi olaraq Azərbaycanın milli-mədəni dəyərlərini, real inkişafını və həqiqətlərini inkar edərək, onu geridə qalmış, antidemokratik, antixristian ölkə kimi dünyaya təqdim etməyə çalışır".
Azərbaycanın informasiya təhlükəsizliyi mühitinin mövcud vəziyyətinin təhlili göstərir ki, şəxsiyyət, dövlət və cəmiyyətin həyati əhəmiyyətli bütün maraqlarının  daha yüksək  səviyyədə qorunması hazırda həm də ölkənin informasiya təhlükəsizliyi siyasətinin əsas məqsədi kimi çıxış etməli, onun dinamik inkişaf səviyyəsinin tələblərinə cavab verməlidir.

İnformasiya təhlükəsizliyi və ona qarşı yönəlmiş təhdidlər

İnformasiya təhlükəsizliyinin ən zəif nöqtəsi insan faktorudur və ona qarşı yönəlmiş hücumların geniş yayılmasına Azərbaycanda çox təsadüf edilir. Bu, əsas insanlarla qarşılıqlı əlaqədə olaraq saxta profillərdən (başqa adla açılmış və ya hər hansı bir saxta şirkət, kampaniya və s.), virtual dostluq və tanışlıqdan istifadə etməklə aldatmaqdır. Əsas məqsəd isə bu yollarla etibar qazanmış mənbədən sui-istifadə etməklə məlumat yığmaqdır.
Bu gün texnologiya həddən artıq inkişaf etdiyinə görə məlumat toplamaq istəyən qüvvələr yeni üsullara əl atır və onlar bu yolda uğurlu nəticələr əldə edirlər. Bu üsullara kompüter (mobil) oyunlarını misal gətirsək yanılmarıq. Belə ki, bəzi aparıcı dövlətlərin kəşfiyyat strukturları fəaliyyət taktikalarını dəyişmişlər. Onlar öz agentlərinə trilyonlarla pul xərcləmək istəmirlər. Əvəzində isə Yer kürəsinin hər bir insanı onların casusu ola bilər. Bu iş həm könüllü, həm də pulsuzdur.
Məsələn, son zamanlar "Pokemon Go" virtual oyunu xeyli populyarlaşmışdır. Azərbaycanda da pokemon həvəskarları günü-gündən artır. Artıq "Facebook"da "Pokemon Go Azerbaijan" səhifəsi də yaradılıb və minlərlə istifadəçi tərəfindən bəyənilib. Məlumatlara görə, bu oyun ABŞ kəşfiyyatının yeni layihəsidir. Layihənin mahiyyəti ondan ibarətdir ki, oyun aludəçiləri xarici kəşfiyyat orqanını maraqlandıran obyektlərə yönləndirilir və çəkilən fotolar kəşfiyyat qərargahına daxil olur. Oyun zamanı istifadəçiyə tapşırıq verilir ki, müəyyən yerdə pokemon var və onu tutmaq lazımdır. Oyunçular işarə verilən yerə yönəlir və lazımi yerin fotosunu çəkirlər. Toplanan informasiyalar avtomatik olaraq kəşfiyyat bazasına daxil olur. Beləliklə, insanlar könüllü şəkildə lazımi yerlərin, obyektlərin, binaların fotolarını çəkir və xarıcı kəşfiyyata casusluq edirlər.
Həmçinin xarici kəşfiyyat tərəfindən maliyyə sərf etmədən məlumat toplamasının digər yolları da mövcuddur. Məsələn:
- "Touch pad" - Telefonun, yaxud kompüterin barmaq izi ilə açılması. Bu, insanların öz barmaq izlərini könüllü şəkildə xarici kəşfiyyata ötürməsi deməkdir.
- "Geolokasiya" - İnsanlar sosial şəbəkələrdə hazırda harada olduqlarını göstərirlər. Bu, onları rahat şəkildə izləmək imkanı qazandırır.
- "Selfie" - Populyarlığı ilə xəstəliyə çevrilən selfi planetin bütün insanlarının öz fotolarını könüllü şəkildə xarici kəşfiyyat orqanının bazasına göndərməsinə şərait yaradır. Artıq "dərin güclər" dünyanın ən ucqar yerində yaşayan insanı da üzdən tanıyır. Onlar buna selfi sayəsində nail olublar. Maraqlı məqamlardan biri də odur ki, xarici kəşfiyyatın məlumat topladığı bu cür vasitələr, yaxud oyunlar qısa zaman ərzində bütün dünyada məşhurlaşır. Hesab etmək olar ki, bu vasitələrə populyarlıq qazandırmağın da arxasında müəyyən planlar vardır. Yoxsa selfi kimi adi bir foto çəkilişin xəstəliyə çevrilməsinə nə səbəb ola bilərdi?

Hərbi qulluqçu və informasiya təhlükəsizliyi

İnformasiya təhlükəsizliyi hər sahədə olduğu kimi, hərbi sahədə də öyrənilməli və bütün şəxsi heyətin məlumatlandırılması təmin olunmalıdır. Əks halda təhdidlərin yaranması qaçılmaz olacaqdır. Hərbi hissələrdə informasiya təhlükəsizliyi qaydalarına riayət edilməlidir. Müasir texnologiya bir çox üstünlüklər təqdim etməklə yanaşı, müəyyən problemlər də yaradır. Məsələn, smartfon tipli mobil telefonlardan istifadə etməklə hərbi qulluqçular tərəfindən xidmət etdikləri hərbi hissələrin və ya hərbi texnikanın foto və video görüntülərin yayılması informasiya təhlükəsizliyi baxımından çox təhlükəli haldır. Xidmət yerindən yayılan foto və videolar qarşı tərəfə kifayət qədər informasiya verə bilər və bu kimi hallar yolverilməzdir.
Döyüş əməliyyatları zamanı və sonra bu hallar tez-tez baş verir. İnformasiya təhlükəsizliyi qaydaları hərbi qulluqçular tərəfindən dəfələrlə pozulur. Misal üçün "Filan istiqamətdə yer azad elədik", "Bu şərəfsiz erməninin yeməyidir", "Bu bizim yeni qazdığımız səngərdir" və s. ifadələr başlığı altında məlumatlar paylaşılır ki, bu üsulla da cəbhədəki vəziyyət haqqında bütün lazımi informasiyanı düşmən əldə edə bilir. Eyni zamanda, erməni tərəfi sosial şəbəkələrdə saxta profillər yaradaraq cəbhə zonasında bizim hərbi qulluqçular tərəfindən çəkilən şəkillərin, video çarxların şərh bölməsinə aldadıcı suallar, şərhlər yazaraq məlumat toplamağa cəhd edirlər və bəzən bu haqda xəbərdar olmayan hərbçilər onlara öz istək və təəssüratlarını açıq şəkildə çatdırırlar. Beləliklə, erməni işğalçıları tərəfindən məlumat toplamaq üçün hər hansı bir kəşfiyyat xarakterli əməliyyat keçirilməsinə ehtiyac qalmır və onlar məlumatın əksər hissəsini açıq mənbələrdən toplayırlar.
Bu kimi təhlükələrdən qorunmaq və gələcəkdə qarşısının alınması üçün müvafiq qaydalar mövcuddur və hərbi qulluqçulardan (habelə, hərbi hissələrdə çalışan mülki şəxslərdən) bu qaydalara riayət edilməsi tələb olunur. Azərbaycan Ordusunda informasiya təhlükəsizliyi tədbirlərinin təşkili üzrə əsas qanunlar, əmr və sərəncamlar aşağıda göstərilmişdir:
1. Azərbaycan Respublikasının "Dövlət sirri haqqında" qanunu.
2. "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikası Silahlı Qüvvələri ilə təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamı.
3. Azərbaycan Respublikasının Cinayət Məcəlləsi. Maddə: 274, 276, 284, 285.
4. Azərbaycan Respublikası Müdafiə nazirinin və Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müvafiq əmr, sərəncam və göstərişləri.
Hərbi qulluqçu bilməlidir ki, hərbi hissə ilə bağlı məlumatların başqa şəxsin və ya şəxslərin əlinə keçməsi informasiyanın konfidensiallığının pozulması deməkdir. Bu səbəbdən, sosial mühəndislik hücumlarından qorunmağın ən yaxşı yolu təhlükəsizlik qaydalarına riayət etməkdir. Məsələn:
- "Odnoklasniki", "İnstagram", "Whatsapp", "Skype" və s. sosial şəbəkələrində, habelə e-poçtunuzda hərbi xidmət fəaliyyətini əks etdirən foto və ya videoların nümayişi, xidməti/ məxfi məlumatların ötürülməsi və bu kimi sair fəaliyyətlər qadağandır;
- Cəbhə boyu ərazilərdə yayımlanan, mənbəsi naməlum olan və ya xarici ölkələr, xüsusən də Ermənistan tərəfindən, açıq Wi-Fi internet şəbəkələrindən istifadə etmək qadağandır;
- Hərbi hissəyə dair sənədlərin mülki obyektlərdəki kompüter texnikasında hazırlanması və çap edilməsi qadağandır;
- Hərbi hissələrdə şəxsi kompüterlərdə xidməti sənədlərin, habelə məxfi qrifli sənədlərin hazırlanması, saxlanılması və ya çap edilməsi qadağandır;
- Hərbi hissədə smartfon tipli mobil telefonlardan istifadə edilməsi qadağandır və s.
Bu baxımdan, Azərbaycan Ordusunda xidmət edən hər bir hərbi qulluqçu informasiya təhlükəsizliyi qayda-qanunlarına riayət etməli və informasiya təhlükəsizliyinə cavabdeh şəxs kimi bilavasitə özü olduğunu bilməlidir.

İdeoloji İş və Mənəvi-Psixoloji  Təminat İdarəsi