Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

14 May 2022 12:00

“Azərbaycanın müasir tarixinin bütöv bir dövrü ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır”

Müasir Azərbaycan dövlətinin quruluş və inkişaf dövrü, heç şübhəsiz, xalqımızın ümummilli lideri, görkəmli sərkərdə Heydər Əliyevin adı ilə bağlıdır. Ölkəmizə rəhbərlik etdiyi dövrlərdə Heydər Əliyev Azərbaycanın hərtərəfli inkişafına, qüdrətlənməsinə öz töhfəsini vermiş, təkcə bu gün üçün deyil, qarşıdakı onilliklər, yüzilliklər üçün dövlətimizin inkişaf strategiyasını müəyyən etmişdir.
Ulu öndər Heydər Əliyev zəngin və çoxşaxəli siyasi fəaliyyəti ilə xalqımızın yaddaşında əbədilik qazanmışdır. Böyük şəxsiyyətin Azərbaycan xalqı qarşısındakı tarixi xidmətlərindən biri də müasir Azərbaycan Ordusunun memarı olmasıdır. Müstəqilliyimizin və ərazi bütövlüyümüzün etibarlı qarantı olan bugünkü güclü, rəşadətli Azərbaycan Ordusu xalqımızın ümummilli lideri Heydər Əliyevin şah əsərlərindən biridir.
Ulu öndər Heydər Əliyevin anadan olmasından 99 il ötür.  Ümummilli Liderin Azərbaycan xalqı qarşısında müstəsna xidmətləri, ölkəmizin müstəqilliyinin qorunub möhkəmləndirilməsində, demokratik hüquqi dövlətin qurulmasında və onun hərtərəfli inkişafında misilsiz fəaliyyəti xalqımız tərəfindən daim xatırlanır və onun əziz xatirəsi böyük məhəbbətlə, ehtiramla yad edilir.
Əbədiyaşar Komandanın anadan olmasının 99-cu ildönümü münasibətilə keçirilən növbəti tədbir Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsində baş tutdu. Əvvəlcə hərbi hissənin ərazisində yerləşən Ümummilli Liderin büstü önünə tər güllər qoyuldu. Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının xatirəsini bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan  Respublikasının Dövlət Himni səsləndirildi.
Sonra konfrans zalında davam edən tədbirdə polkovnik Zahir Quliyev çıxış edərək Azərbaycan xalqının taleyində və tarixində silinməz izlər qoymuş Heydər Əliyevi bir daha dərin ehtiramla xatırladıqlarını bildirdi. "Azərbaycanın müasir tarixinin bütöv bir dövrü ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Dünya şöhrətli siyasətçi, görkəmli dövlət xadimi, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev çox zəngin və mənalı ömür yaşayıb. Hər ayı, hər günü bir dastan olan bu böyük ömrün nişanələri xatirələrimizdə daim yaşayır. Hər il mayın 10-da Ulu Öndərlə bağlı xatirələr bir daha dilə gəlir, müxtəlif vaxtlarda çəkilmiş fotoşəkilləri, sənədli filmləri bizi Heydər Əliyevli günlərə qaytarır. Ulu Öndər bu gün cismən aramızda olmasa da, onun ruhu çox şaddır. Dahi Liderin arzuları reallaşdı, Azərbaycan öz tarixi torpaqlarına qovuşdu. Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz 2020-ci ilin 27 sentyabrında başlayan əks-hücum əməliyyatlarını tarixi qələbəmizlə başa vurdu. 44 gün davam edən Vətən müharibəsində Ulu Öndərin banisi olduğu müasir ordumuz Ermənistanın 30 ilə yaxın qurduğu istehkamları darmadağın edərək, işğal altındakı torpaqlarımızı azad etdi. Noyabrın 8-də Azərbaycan xalqı uzun illər yaşamadığı sevinci və fəxarət hissini yaşadı. 28 ildən sonra Şuşa şəhəri işğaldan azad edildi. Ali Baş Komandan İlham Əliyev "Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur" - deyən Ümummilli Liderin vəsiyyətini həyata keçirdi, xalqımıza Böyük Qələbə sevincini yaşatdı. Vətən müharibəsində dərindən düşünülmüş hərbi strategiya, döyüş əməliyyatlarının məharətlə həyata keçirilməsi Azərbaycanın müstəqil dövlət və ordu quruculuğunu tam təsdiq elədi. Bu Qələbə  Azərbaycanın beynəlxalq mövqelərinin daha da möhkəmlənməsində, nüfuzunun yüksəlməsində böyük rol oynadı. Prezident İlham Əliyevin 44 gün ərzində yerli və xarici media vasitəsilə haqq səsimizi dünyaya çatdırması, xalqa müraciətlərində səsləndirdiyi fikirlər hər bir azərbaycanlıda böyük sevinc və qürur hissi yaratdı. Bu tarixi qələbəni, zəfər bayramını bizə yaşadan ulu öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı ölkə Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin qətiyyəti, siyasi iradəsi oldu".
Tədbirin gedişində polkovnik Mirhəmid Nağıyev çıxış edərək Ulu Öndərin ordu quruculuğundakı misilsiz xidmətlərindən danışdı. Heydər Əliyevin hələ 1969-cu ildə respublika rəhbərliyinə gəlişindən sonra müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesinin geniş vüsət aldığını vurğuladı. "Ümummilli Liderin təşəbbüsü ilə Bakıda Cəmşid Naxçıvanski adına Hərbi Məktəb yaradıldı. O zaman bu qərarı vermək böyük cəsarət tələb edirdi. Azərbaycanda milli hərbi kadr hazırlığı üçün baza rolunu oynayacaq məktəbin yaradılması çox cəsarətli addım idi. Həmin dövrdə bir-birinin ardınca Moskvadan Bakıya göndərilən komissiyalar Azərbaycanda belə bir hərbi məktəbə ehtiyac olmadığını əsaslandırmağa çalışsalar da, Ümummilli Liderin mahir diplomatiyası və uzaqgörən siyasəti bu cəhdlərin qarşısını almış, həmin məktəbin fəaliyyəti Azərbaycanda hərb sənətinə marağın güclənməsinə, azərbaycanlı zabit kadrların hazırlanmasına gətirib çıxarmışdır. Təsadüfi deyil ki, Cəmşid Naxçıvanski adına Hərbi Məktəb Azərbaycan müstəqilliyini bərpa edəndən sonra ordu quruculuğunda əsas bazalardan birinə çevrildi. Ulu öndər Heydər Əliyev 1993-cü ildə yenidən hakimiyyətə qayıtdıqdan sonra Silahlı Qüvvələrin Ali Baş Komandanı kimi hərbi sahədə də dirçəlişə nail ola bildi. O, yerli özünümüdafiə və könüllü batalyonlar adı altında fəaliyyət göstərən silahlı birləşmələri ləğv edərək, vahid komandanlıq altında nizami ordu yaratdı. Ön xəttə səfər edərək, döyüşçülərlə səngərdə görüşməsi və onları döyüşə ruhlandırması öz real bəhrəsini verdi. Çox keçmədi ki, 1994-cü ilin əvvəllərində Füzuli rayonunun Horadiz qəsəbəsi istiqamətində düşmənə qarşı uğurlu hərbi əməliyyat həyata keçirildi. 1994-cü il mayın 12-də elan olunan atəşkəsdən sonra Azərbaycanda nizamlı, müasir səviyyəli ordunun qurulması prosesinə böyük inamla start verildi. Ölkədə nizami ordu quruculuğu formalaşdırılmağa başlandı. Orduda xidmət edən gənclərə yüksək diqqət və qayğı göstərən, onların xidmətini hər zaman yüksək qiymətləndirən Əbədiyaşar Komandan çıxışlarının birində hərbçilərimizə olan rəğbətini belə ifadə etmişdi: "Bütün peşələr şərəflidir, lakin hərb peşəsi bütün peşələrdən şərəflidir. Hərbçi olmaq sizlərin də ən birinci seçiminiz olmalıdır. Çünki bu yol mərdlik, cəsurluq, vətənpərvərlik yoludur. Bu yol qəhrəmanlıq yoludur".
Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirildikdən sonra "Vətənə, xalqa dövlətə xidmət ömrümüzün mənasıdır" devizi altında ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə keçirilmiş bilik yarışmasının qalibləri və xidmətdə fərqlənən hərbi qulluqçular mükafatlandırıldılar.
Anım tədbirinin ikinci hissəsində Müdafiə Nazirliyi Hərbi Polis İdarəsinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin zəngin irsi ilə yaxından tanış olmaq məqsədilə şəxsi heyətin və onların ailə üzvlərinin Heydər Əliyev Mərkəzinə ekskursiyası təşkil olundu.
Əvvəlcə ulu öndər Heydər Əliyevin adını daşıyan Mərkəzlə tanış oldular. Üç mərtəbədən ibarət mərkəzdə ən son texnoloji yeniliklərdən istifadə edilməklə dahi şəxsiyyət Heydər Əliyevin həyat və fəaliyyətinə dair ətraflı məlumat interaktiv formada təqdim edilir. Mərkəzin əməkdaşları iştirakçılara məlumat verərək bildirdilər ki, orjinal dizaynı və burada tətbiq edilən yeni texnologiyalarla fərqlənən Mərkəz öz binasının modern üslubu ilə həmahəng təşkil edir.
Xatırladaq ki, Mərkəz məşhur memar Zaha Hadidin layihəsi əsasında inşa edilərək 2012-ci ilin mayında istifadəyə verilmiş, 2013-cü il mayın 10-da isə Heydər Əliyev Mərkəzinin rəsmi açılışı olmuşdur. Artıq müasir Bakının simvollarından birinə çevrilən Mərkəzdə ümummilli lider Heydər Əliyevə aid maraqlı faktlar və fəaliyyətinin bütün dövrlərini əhatə edən video və foto arxiv sənədləri, eləcə də müxtəlif unikal eksponatlar nümayiş etdirilir. Muzeydə ən son texnoloji yeniliklərdən istifadə edilməklə məlumatlar ziyarətçilərə interaktiv formada təqdim edilir. Burada Ümummilli Liderin ailəsinin ötən əsrin 30-cu illərində çəkdirdiyi fotoşəkillər, ulu öndər Heydər Əliyevin SSRİ Dövlət Təhlükəsizlik Komitəsində çalışdığı zaman istifadə etdiyi zabit və general geyimləri, müxtəlif dövrlərdə istifadə etdiyi dörd xidməti avtomobil, layiq görüldüyü orden və medallar, Sovetlər zamanı və müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə müxtəlif dünya ölkələrinin dövlət və hökumət başçıları ilə görüşlərini əks etdirən fotolarla tanışlıq ekskursiya iştirakçıları tərəfindən böyük maraqla qarşılandı.

Mahmud MÖHBALIYEV, İbrahim MƏMMƏDBƏYOV "Azərbaycan Ordusu"