Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

14 May 2022 12:00

“Hazırlıqlı ordunun qələbəsi mütləqdir”

Vətən torpağı müqəddəsdir. Tarix bizə sübut edir ki, xalqımızın igid oğulları hər zaman ana Vətənin keşiyindədirlər. Onlar Vətən torpağının hər qarışı uğrunda canından keçməyə hər zaman hazırdırlar. Vətənə olan məhəbbəti canından üstün tutanlar 2016-cı ilin Aprel döyüşlərində və İkinci Qarabağ müharibəsində qorxmazlıq və mərdlik nümayiş etdirərək qəhrəmanlıq salnamələri ilə tarix yazdılar.
Minlərlə gəncimiz işğalçılara qarşı döyüşmək, Vətən torpağını azad etmək üçün irəli atıldı. Xalqına güvənən ordu, ordusuna güvənən xalq qələbəyə kökləndi. Millətimiz bir yumruq tək həmrəylik nümayiş etdirərək xalq-ordu birliyinin nümunəsi oldu. Əsgərlərimiz səngər-səngər, döyüş-döyüş irəlilədikcə xalqın sevinc harayı dünyaya car çəkirdi. "Qələbə bizimdir!", "Qarabağ Azərbaycandır!" şüarları düşməni qorxuya salırdı. Qorxu isə düşmənin məğlubiyyətinin təməliydi. Bütün dünya Azərbaycan xalqının nələrə qadir olduğunu bir daha gördü, əsl vətənpərvərliyin şahidi oldu. Bu cür dəstəkdən və Ali Baş Komandanın siyasi iradəsindən ilham alan cəsur döyüşçülərimiz yeni qələbələrə köklənir, Qarabağı kənd-kənd, rayon-rayon, şəhər-şəhər azad edirdilər.
Sürətlə irəliləyən Azərbaycan Ordusu bizə əcdadlarımızdan əmanət qalan yurdumuzu 44 gün ərzində işğalçılardan azad etdi. Düşməni tarixi torpaqlarımızdan qaçmaq məcburiyyətində qoydu. Bundan başqa, haqq savaşımızın gedişatında Ermənistan dövlətinə ağır siyasi və iqtisadi zərbələr endirildi. Heç bir qüvvənin durdura bilmədiyi Azərbaycan Ordusunun gücü Ali Baş Komandanın illərlə döyüş hazırlığının yüksəldilməsinə yönələn ordu quruculuğu siyasətinin təzahürü oldu.
İkinci Qarabağ müharibəsindəki Zəfərdən sonra da ordumuzda şəxsi heyətin sosial-məişət şəraitinin və döyüş hazırlığının daha da yüksəldilməsi istiqamətində Ali Baş Komandan İlham Əliyevin tapşırıqları səngimədən həyata keçirilir. "N" hərbi hissəsində bunun canlı şahidi olduq. Şəxsi heyət praktiki məşğələlərdə döyüş hazırlığını artırırdı.
Dərs prosesindən sonra baş leytenant Laçın Qənbərov ilə həmsöhbət olduq. O bildirdi ki, 2022-ci il döyüş hazırlığı planına uyğun olaraq, döyüş qabiliyyətinin artırılması məqsədilə məşğələlər və dərslər planlaşdırılmış qaydada həyata keçirilir. “Şəxsi heyət ixtisas, atəş və taktiki biliklərini təkmilləşdirir. Vətən müharibəsində qazanılan döyüş təcrübəsi nəzərə alınmaqla tanklarla şərti düşmənə qarşı atəş tapşırıqları praktiki olaraq icra edilir”.
Öyrəndik ki, gənc zabit torpaqlarımızın azadlığı, ərazi bütövlüyümüzün bərpası uğrunda gedən döyüşlərin iştirakçısıdır. Laçın Qənbərov tank bölməsinin komandiri olaraq Vətən müharibəsinə qatılıb. Onun rəhbərlik etdiyi bölmə düşmənin qruplaşmalarını və texnikasını məhv edib, ona ağır itkilər yaşadıb. Mənfurların xeyli sayda atəş nöqtələrini, sığınacaqlarını, postlarını, tank və digər zirehli texnikalarını yararsız hala salıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə tarixi ərazilərimizin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə görə Qənbərov Laçın Şakir oğlu "Füzulinin azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif olunub.
"Azərbaycan Ordusunda xidmət etmək hər birimiz üçün qürurdur”, - deyən Laçının gözlərindən Vətən sevgisi aydın sezilirdi. “Müharibə zamanı da şahid olduq ki, hər bir azərbaycanlının qəlbi Vətən sevgisi ilə döyünür. Bu hisslər düşmənə sarsıdıcı zərbələr endirməyə güc verirdi. Hər sarsıdıcı zərbəylə qələbəyə köklənir, ərazilərimizi qarış-qarış işğalçı qüvvələrdən təmizləyirdik. Düşmən anladı ki, özgə torpağına göz qoyan gözündən olar. Bu da nəticə - Azərbaycan Ordusu qələbə qazandı".
Daha sonra baş leytenant Qənbərov bizi şəxsi heyət ilə tanış etdi. Bildirdi ki, burada xidmət edən hərbçilərimizin peşəkarlığı danılmazdır, çünki bilik səviyyələri yüksəkdir. Daim çalışır, hərbi biliklərini daha da artırırlar. Hər birinin məqsədi Vətənə olan övladlıq borcunu şərəf və ləyaqətlə yerinə yetirməkdir.
Gizir Sərxan Güləliyev qeyd etdi ki, başlıca vəzifəmiz döyüş tapşırığının uğurla yerinə yetirilməsidir. "Bu səbəbdən illik döyüş hazırlığı planına əsasən, dərslər və məşğələlər keçirilir. Vətən müharibəsi göstərdi ki, hazırlıqlı ordunun qələbəsi mütləqdir. Uzun illər dəfələrlə atəşkəsi pozan namərd düşmən hər dəfə cavab atəşi ilə susdurulurdu. Buna baxmayaraq, yeni təxribatlar törətməyə qalxırdılar. Ali Baş Komandanımızın döyüş əmrini səbirsizliklə gözləyən ordumuz 2020-ci il sentyabrın 27-də erməni silahlı qüvvələrinin növbəti təxribatına layiqincə cavab verdi. Bizim taqım da ön xətdə gedən döyüş əməliyyatlarına qatıldı. Bütün tapşırıqları həvəslə yerinə yetirirdik. Bəlkə də illərdir doğma yurdumuzdan ayrı düşmək bizi bu qədər tez irəli atılmağa sövq edirdi. Qarabağı azad görməyə çalışırdıq. Çalışdıq... Bacardıq... Lakin Qarabağı azad edib, azad görməyən şəhidlərimiz və hər qarış torpağında izi olan qazilərimiz də oldu. Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirəm”.
Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları Rəşad Mehdiyev, Elşad Əsgərov, Elməddin Bayramov və Cəlil Şərifov da komandirləri ilə həmfikir olduqlarını bildirdilər: "Köçkünlük həyatı yaşayan insanların həsrətinə son qoyduq. Bundan sonra da mənfur düşmənin torpaqlarımıza əl uzada bilməməsi üçün silah və texnikanı həvəslə öyrənməli, döyüş tapşırıqlarını dəqiq yerinə yetirməliyik”.
Öyrəndik ki, təlimdə icra olunan çalışmalarda əsas məqsəd komandir heyətinin, sürücü-mexaniklərin döyüş texnikasını idarəetmə qabiliyyətlərini, eləcə də tuşlayıcı-operatorların texnikadan hərəkətdə və dayanaraq atəş açma bacarıqlarını təkmilləşdirməklə bərabər, tank bölmələrinin döyüş hazırlığının daha da yüksəldilməsidir.
İllik döyüş hazırlığı planına əsasən keçirilən dərs və məşğələlər hərbi qulluqçuların döyüş hazırlığı ilə bərabər, şəxsi heyətin mənəvi-psixoloji, fiziki və atəş hazırlığının yüksəldilməsinə yönəlir. Bu səbəbdən Beynəlxalq yarışlarda da Azərbaycan Ordusu özünü müsbət cəhətdən göstərməyi bacarır. Misal olaraq, "Beynəlxalq ordu oyunları-2021" çərçivəsində keçirilən "Tank biatlonu" müsabiqəsində Azərbaycan tankçılarının yarışın final mərhələsinə keçməsini göstərmək olar. Yüksək nəticə nümayiş etdirən tankçılarımız müsabiqəni 4-cü yerdə başa vurublar. Bu bir daha sübut edir ki, tankçılarımızın da, digər qoşun növlərinin də döyüş hazırlığı yüksəkdir və Azərbaycan Ordusu dünyanın ən güclü orduları siyahısında layiqli yerini tutur. Hamısı bilir ki, qüdrətin başlanğıcı döyüş hazırlığıdır.

İbrahim MƏMMƏDBƏYOV "Azərbaycan Ordusu"