Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

7 May 2022 12:50

Şəhid ailələrinə diqqət və qayğının təzahürü...

Azərbaycan xalqı ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda şəhid olanları heç zaman unutmur, onların xatirəsini daim əziz tutur. Doğma yurdlarımıza qovuşmaq, ərazi bütövlüyümüzü təmin etmək üçün mərd oğullarımız canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar, gələcək nəsillərə örnək ömür yadigar qoydular. Hər bir Azərbaycan vətəndaşı qürur mənbəyimiz olan şəhidlərimizi, onların keçdiyi həyat yolunu, qəhrəmanlıqlarını tanımalı və tanıtmalıdır. Bu mübarizədə şəhidlik zirvəsinə ucalanların xatirəsini yaşatmaq, onları gəncliyə nümunə göstərmək hər kəsin vətəndaşlıq borcudur.
Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarını tanıtdırmaq məqsədi ilə müxtəlif silsilə tədbirlər keçirilir. "N" hərbi hissəsinin bir qrup hərbi qulluqçusu müqəddəs Ramazan bayramı ərəfəsində Vətən müharibəsində şəhid olan  Elmar Cəfərovun doğum günü münasibətilə ailəsini ziyarət etdilər.
Elmar Cəfərov 1995-ci il mayın 2-də Gədəbəy rayonunun İvanovka kəndində anadan olub. Vətən müharibəsi başlayanda savaşlara qatılıb. Nəzakət ananın gözünün ağı-qarası tək oğlu olan Elmar Cəfərov döyüşlərdə xüsusi qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə yüksəlib. Qeyd edim ki, Elmar Cəfərov müddətli həqiqi hərbi xidmətini Xüsusi Təyinatlı Qüvvələrdə keçmişdi. Əsgər kimi Aprel döyüşlərində də iştirak edib.  
Vətən sevgisini hər şeydən üstün tutaraq, torpaqlarımızın azadlığı uğrunda canını  qurban edən Elmar Cəfərov Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə ölümündən sonra "Cəbrayılın azad olunmasına görə", "Vətən uğrunda" və "Hərbi xidmətlərə görə" medalları ilə təltif olunub.
Görüş zamanı hərbi qulluqçular dünya müsəlmanlarının mənəvi birlik, həmrəylik, bərabərlik rəmzi olan Ramazan bayramı münasibətilə şəhidimizin ailə üzvlərini təbrik etdilər.
Mayor Rəşad Əliyev Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında ordumuzun qazandığı tarixi qələbədən, döyüşlərdə Azərbaycan əsgərinin göstərdiyi qəhrəmanlıq və igidlik nümunələrindən danışdı. Həmçinin torpaqlarımızın azadlığı uğrunda şəhid olanların ailələrinin və sağlamlığını itirənlərin daim dövlətimiz və ordumuz tərəfindən diqqət mərkəzində saxlanıldığını vurğuladı. Şəhidlərimizin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial məsələlərinin həllinə xüsusi diqqət göstərən dövlət başçımızın şəhidlərimizin böyük ehtiramla yad edilməsi üçün müvafiq qərarlar qəbul etdiyini diqqətə çatdırdı.
Nəzakət ana şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidentinə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirdi. Qalib ölkənin vətəndaşları kimi rəşadətli ordumuzun əldə etdiyi tarixi qələbəni böyük qürurla qeyd etdiklərini deyərək, bu böyük zəfərin qazanılması üçün Elmar kimi qəhrəman övladların öz canlarını fəda etdiklərini bildirdi. Fəxarətlə vurğuladı ki, bu gün onların ruhları şaddır, çünki tarixi qələbə qazandıq, 30 ilə yaxın müddətdə düşmən işğalı altında olan torpaqlarımız azad edildi. Bizə Böyük Qələbə sevincini yaşadan Azərbaycan Ordusunun bütün əsgər və zabitlərinə təşəkkürümüzü bildiririk.

Mahmud MÖHBALIYEV  "Azərbaycan Ordusu"