Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

7 May 2022 12:50

Uğurların zəmanəti Heydər Əliyev irsinə sədaqətdir

Tarixi şəxsiyyətlərin tarixi xidmətləri tarixin axarını xalqının sabahlarına istiqamətləndirmə missiyası ilə ölçülür. Zamanında hadisələrə müdrik qiymət verməyi bacaran tarixi şəxsiyyətlər məqamında xalqının xilaskarı olmağı bacarır. Müasir və müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı  ümummilli lider Heydər Əliyev belə tarixi şəxsiyyətlərdəndir.
Bir qərinədən də çox zaman kəsiyində Azərbaycana rəhbərlik etmiş ulu öndər Heydər Əliyev bütün həyatı boyu xalqımızın sabahlarını düşünərək ali amalı uğrunda mübarizə aparıb. Sovetlər dönəmində də, Azərbaycanın müstəqilliyi bərpa edildikdən sonra da.
Azərbaycan bir əsrdə iki dəfə dövlət müstəqilliyi qazanan azsaylı ölkələrdəndir.
Müstəqil Azərbaycan dövləti hazırkı inkişaf mərhələsinə asan yolla çatmayıb. 1991-ci ildə yenidən müstəqillik əldə etdikdən sonra müxtəlif sosial-iqtisadi, siyasi problemlərlə üzləşən, vətəndaş müharibəsinin astanasında olan Azərbaycan, bunlara və separatizm cəhdlərinə görə müstəqilliyini itirmək təhlükəsi ilə qarşılaşdı, ölkədə ictimai-siyasi gərginlik daha da dərinləşərək anarxiya həddinə çatdı. Bu vəziyyət 1993-cü ilə qədər davam etdi. 1993-cü ilin iyununda ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gəlməsindən sonra ölkəmizdə xaotik proseslərin qarşısı alındı - ictimai-siyasi sabitlik təmin edildi; Azərbaycan xalqının və dövlətinin tarixin səhnəsində özünəməxsus yer tutmasını, gerçək müstəqilliyini əldə edərək qoruyub saxlamasını təmin edən dahi şəxsiyyət ulu öndər Heydər Əliyev olmuşdur.
Ölkəmizdə ictimai-siyasi sabitliyin qorunmasının, mövcud iqtisadi inkişafın, hərtərəfli tərəqqinin təməlində ümummilli lider Heydər Əliyevin azərbaycançılığı, inkişaf strategiyası, müəyyənləşdirdiyi daxili və xarici siyasət  dayanır. Ulu Öndərin istər SSRİ dönəmində, istərsə də müstəqillik illərində ölkəmizə rəhbərliyi dövründə respublikamızın iqtisadi və sosial tərəqqisinin təmin olunması, xalqın rifahının daha da yaxşılaşdırılması istiqamətində tarixi əhəmiyyətə malik olan misilsiz işlər görülüb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Milli Məclisdə Azərbaycan parlamentinin 100 illiyi münasibətilə iclasda çıxışı zamanı bu məqamlara toxunaraq deyib ki, Heydər Əliyevə Azərbaycan xalqının rəğbəti, dəstəyi həmişə çox böyük olmuşdur: "Bunun əsas səbəbi ondan ibarətdir ki, O, Azərbaycana sovet dövründə rəhbərlik edən zaman respublikamızın uğurlu inkişafına təkan vermişdi. O vaxt Azərbaycan sovet məkanında 15 respublikadan fərqlənirdi, çünki Rusiyadan başqa cəmi iki respublika donor kimi fəaliyyət göstərirdi, onlardan biri Azərbaycan idi. Azərbaycan ən geridə qalmış yerdən Heydər Əliyevin dövründə, 1980-ci illərin əvvəllərində ən qabaqcıl yerlərə çıxmışdır və insanların rifah halı böyük dərəcədə yaxşılaşmışdır. Digər səbəblər isə ağır günlərdə Heydər Əliyevin cəsarətli addımları ilə bağlıdır. 20 Yanvar faciəsindən sonra O, dərhal sovet hökumətinin Azərbaycan xalqına qarşı törətdiyi cinayəti rəsmən pislədi, Kommunist Partiyasından çıxdı və Azərbaycan xalqı Onun simasında liderini gördü".
1993-cü il oktyabrın 3-də ölkəmizdə keçirilən prezident seçkilərində ümummilli lider Heydər Əliyev xalqımızın böyük əksəriyyətinin etimadını qazanaraq 98,84 faiz səslə Azərbaycan Respublikasının Prezidenti seçildi. Bundan sonra ulu öndər Heydər Əliyevin gərgin fəaliyyəti və səyləri sayəsində ölkəmizdə ictimai-siyasi sabitlik təmin edildi, sosial-iqtisadi vəziyyət yaxşılaşdırıldı, inkişafın dinamik əsası qoyuldu.
1994-cü il mayın 12-də cəbhədə atəşkəsin əldə edilməsindən sonra dövlətçiliyin möhkəmləndirilməsi, nizami ordu quruculuğu, eləcə də ölkə həyatının bütün sahələrində dinamik inkişafın təmin edilməsi baxımından zəruri tədbirlər görüldü. Reallaşdırılan, ardıcıl və sistemli tədbirlərin nəticəsi kimi ölkədə əmin-amanlıq yarandı, sabitlik bərqərar oldu, azad bazar iqtisadiyyatına keçidlə bağlı özəlləşdirməyə şərait yaradıldı, geniş miqyaslı islahatlara başlandı. Böyük İpək Yolunun bərpası, Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizlərinin açılması, Xəzər hövzəsinin karbohidrogen ehtiyatlarının işlənməsi və dünya bazarlarına nəql edilməsi layihələri həyata keçirildi. 1994-cü il sentyabrın 20-də  Azərbaycanın ən yeni tarixində dönüş nöqtəsi olan neft müqavilələri imzalandı. "Əsrin müqaviləsi" adlandırılan bu Saziş ölkəmizin gələcək inkişafına və təhlükəsizliyinə etibarlı zəmin yaratdı, Azərbaycanın dünya xəritəsindəki mövqeyini möhkəmləndirdi.
Ulu Öndərin xalqımız və dövlətimiz qarşısındakı misilsiz xidmətlərindən biri də uğurlu dövlət quruculuğu prosesinin əsasının qoyulmasıdır. Bu, Azərbaycanın müasir müstəqil dövlət kimi inkişafı baxımından çox mühüm əhəmiyyətə malikdir. Təkmil siyasi sistemin, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesinin, siyasi mədəniyyətin əsasının qoyulması, davamlı siyasi-hüquqi islahatların həyata keçirilməsi, eyni zamanda, milli həmrəylik və bütövlüyü təmin edən ideologiyanın yaradılması bu kontekstdə xüsusilə vurğulanmalıdır.
1995-ci il noyabrın 12-də keçirilən referendumla müstəqil Azərbaycan Respublikasının ilk milli Konstitusiyası qəbul edildi. Zaman keçdikcə demokratik yolla prezident, parlament və bələdiyyə seçkiləri keçirildi. Qanunvericilik sahəsində aparılan hüquqi islahatlar nəticəsində şəxsiyyət azadlığı və toxunulmazlığına təminat yaradıldı. Siyasi plüralizm, söz və vicdan azadlığına geniş meydan açıldı, mətbuat üzərindən senzura götürüldü. Şərqdə ilk dəfə olaraq ölkəmizdə ölüm hökmü ləğv edildi. Siyasi-iqtisadi və sosial-mədəni həyatın bütün sahələrində Avropa Şurasının tələbləri baxımından dəyişikliklərə əsaslı zəmin yaradıldı. Azərbaycan 2000-ci il yanvarın 25-də Avropa Şurasına üzvlüyə qəbul olundu.
Ümummilli liderimiz Heydər Əliyevin 1993-2003-cü illərdə gördüyü möhtəşəm işlər Azərbaycana rəhbərliyinin birinci dövründəki xidmətlərinin davamı kimi qiymətləndirilir. Qətiyyətlə deyə bilərik ki, ötən əsrin 90-cı illərinin əvvəllərində qazandığımız müstəqilliyin iqtisadi əsası 70-80-ci illərdə qoyulmuş möhkəm təmələ, güclü intellektual və iqtisadi potensiala söykənir.
Milli ideologiyanın yaradılması da ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət quruculuğu siyasətinin mühüm tərkib hissəsindən biridir. Xalqımızın Ümummilli Liderinin müəllifi olduğu azərbaycançılıq ideologiyası sadəcə öz dövlətimizin ərazisində yaşayan şəxsləri yox, eyni zamanda, bütün dünyada məskunlaşan azərbaycanlıları əhatə etdi. Dünya azərbaycanlılarını vahid mərkəzdə birləşdirən milli məfkurəyə çevrildi.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin mövcudluğu və şərəfli tarixi də dahi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlıdır. Müasir Azərbaycan Ordusunun formalaşması Heydər Əliyevin dövlətçilik təfəkkürünün, siyasi uzaqgörənliyinin və təşkilatçılıq qabiliyyətinin məntiqi nəticəsidir. Milli ordu quruculuğu sahəsində Heydər Əliyev irsinin əvəzsiz dəyəri ondadır ki, bu dəyər başlanğıcını hələ Sovetlər dövründən götürüb. Azərbaycanın tarixi ənənələrinin davam etdirilməsi, gənclərin qəhrəmanlıq ənənələri əsasında formalaşması, sərkərdələrin və görkəmli hərb xadimlərinin şərəfli yolunun yaşadılması Heydər Əliyevin hər zaman diqqət mərkəzində olub.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Sovet dövründə diqqət yetirdiyi məsələlərdən biri də SSRİ Silahlı Qüvvələri tərkibində azərbaycanlı zabitlərin məsul vəzifələrə irəli çəkilməsi məsələsi idi. O, azərbaycanlı zabitlərin Sovet qoşunlarında hansı vəzifələrdə olmasını və vəzifə təyinatlarında necə irəliləməsini daim izləyir, çalışırdı ki, yüksək vəzifəli Sovet zabitləri arasında azərbaycanlılar da olsun. Xidmətləri və təşkilatçılığı ilə fərqlənən bir sıra zabitlərin və generalların daha yüksək və məsuliyyətli vəzifələrə təyin olunmasına Heydər Əliyev yardımçı olmuşdu və bunu özü də məmnunluqla xatırlayırdı.
Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə Bakıda iki ali hərbi məktəb var idi. Bakı Ali Ümumqoşun Komandirlər Məktəbi və Bakı Ali Hərbi Dənizçilik Məktəbi. Bu məktəblərin hər ikisi İttifaq miqyasında sayılıb-seçilən məktəblərdən idi və təhsil almaq üçün İttifaqın müxtəlif şəhərlərindən bura axın güclü idi.
Heydər Əliyev Bakı Ali Ümumqoşun Komandirlər Məktəbinin rəhbərliyinə yüksək rütbəli azərbaycanlı kadrların gətirilməsinə nail oldu. Bu məktəbə qəbul olunanlar arasında azərbaycanlıların sayının artırılması üçün geniş təşkilati işlər aparıldı. Sovet dövründə milli zəmində aparılan hərbi-təşkilati işin ən gərəklisi  Azərbaycanda general Cəmşid Naxçıvanski adına hərbi-internat məktəbin açılmasıdır. Bu məktəbin açılması ulu öndər Heydər Əliyevin vaxt ötdükcə öz əhəmiyyətini daha da artıracaq tarixi nailiyyətinin, böyük dühanın öz xalqının gələcəyinə bağlılığının heç zaman unudulmayacaq nişanəsidir. Çox böyük maneələrə  baxmayaraq, milli hərbi ənənələrin canlandırılması və gənclərin hərb işinə cəlb edilməsi üçün fövqəladə əhəmiyyətə malik olan belə bir təhsil ocağının açılması dahi şəxsiyyət Heydər Əliyevin mübarizliyinin, fədakarlığının təntənəsi idi. Bu məktəbin açılışına nail olmaq üçün Heydər Əliyev həm də İttifaq rəhbərliyi ilə çarpışmadan qalib çıxdı və əslində, bu mübarizliyi ilə həmin məktəbdə təhsil alan azərbaycanlılar üçün də canlı bir örnək oldu.
Böyük tarixi şəxsiyyət Heydər Əliyev dəfələrlə demişdi ki, bütün varlığı ilə Vətəninə və xalqına qırılmaz tellərlə bağlıdır: "Azərbaycan xalqının tarixi nailiyyəti olan Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi özüm üçün ən əsas vəzifələrdən biri hesab edirəm. Heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini harada olursa-olsun, yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm. Azərbaycan Respublikası bundan sonra da onun başına nə gəlirsə-gəlsin, müstəqilliyini itirməyəcək, yenidən heç bir dövlətin tərkibinə daxil olmayacaq, heç bir dövlətin əsarəti altına düşməyəcək".
Müstəqil Azərbaycan dövləti Ulu Öndərimizin şah əsəridir.
Hamımız üçün fərəhlidir ki, Azərbaycan xalqı üçüncü minilliyə öz müstəqil dövləti ilə qədəm qoymuşdur. Minilliyin başlanğıcında Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı dövlətçilik, iqtisadi-siyasi, sosial-mədəni sahələrdə böyük uğurlar qazandı, dünya birliyində öz yerini möhkəmlətdi.
Ümummilli lider Heydər Əliyevin müəllifi olduğu dövlət quruculuğu siyasətinin fonunda görülən işlər və əldə edilən nailiyyətlər onu deməyə əsas verir ki, Ulu Öndər Azərbaycanı, sözün əsl mənasında, müstəqil ölkəyə çevirdi, müstəqilliyimizi daimi və dönməz etdi.
Ümummilli lider Heydər Əliyev müəyyənləşdirdiyi milli inkişaf kursunu özündən sonra inamla davam etdirə biləcək layiqli siyasi davamçısını yetişdirdi. 2003-cü ilin oktyabrında xalqa müraciətində "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri İlham Əliyev başa çatdıra biləcək..." - deyən Ulu Öndərin uzaqgörənliyi, müdrikliyi bu gün hər kəsə bəllidir. Ulu Öndərin yarımçıq qalmış əsas işlərindən biri Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, işğal altındakı ərazilərimizin azad edilməsi idi. Torpaqlarımız işğaldan azad edildi. Dövlətimizin başçısı da xalqa müraciətində bunu bir daha diqqətə çatdırdı və Ulu Öndərin vəsiyyətini yerinə yetirdiyinə görə özünü xoşbəxt hiss etdiyini bildirdi: "Mən bu gün, eyni zamanda, ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!"
Prezident İlham Əliyev dövlət başçısı kimi fəaliyyət göstərdiyi müddətdə həm Ümummilli Liderin, həm də xalqın ona bəslənən ümidlərini tamamilə doğrultdu. Həmin vaxtdan Azərbaycanda bütün sahələrdə aparılmış islahatlar daha da dərinləşdi, ölkəmiz dinamik inkişaf yoluna çıxarıldı. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həlli istiqamətində ümummilli lider Heydər Əliyevin başladığı siyasi kursu yüksək peşəkarlıq və uğurla başa çatdırdı. Müzəffər Ali Baş Komandanın sərkərdəliyi ilə rəşadətli Azərbaycan Ordusu 30 illik həsrətə 44 gündə son qoyaraq işğal olunmuş əzəli və əbədi torpaqlarımızı azad etdi. Azərbaycan XXI əsrdə Zəfər paradı keçirən yeganə dövlət olaraq tarixə düşdü.
Bütün bunlar göstərir ki, ulu öndər Heydər Əliyevin hüquqi dövlət quruculuğu sahəsində əsasını qoyduğu siyasət bu gün uğurla davam etdirilir. Respublikamız hazırkı qlobal iqtisadi böhran şəraitində belə, sürətli sosial-iqtisadi inkişafını qoruyub saxlayır, böyük infrastruktur layihələri, regional proqramları həyata keçirir, Avropanın enerji təhlükəsizliyində sözünü deyir. Heydər Əliyev ideyalarından qaynaqlanan bu siyasət gələcəkdə daha böyük uğurlara aparır. Bu uğurların zəmanəti böyük tarixi şəxsiyyət Heydər Əliyevin siyasi irsinə sədaqətdir...
 
Günay TAĞIYEVA "Azərbaycan Ordusu"