Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

30 Aprel 2022 19:09

Azərbaycançılıq məfkurəsi milli dövlətçiliyimizin işıqlı yoludur!

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində zabit, kursant, professor-müəllim heyəti ilə Azərbaycan Yazıçılar Birliyinin və Rusiya Yazıçılar İttifaqının üzvü, Prezident təqaüdçüsü, "Qızıl kəlmə" mükafatçısı Sadıq Qarayevlə "Azərbaycançılıq məfkurəsi, vətənpərvərlik və müasir ədəbiyyat" mövzusunda görüş keçirildi.
Ümummilli lider Heydər Əliyevin və Vətənimizin azadlığı, müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Əvvəlcə alim-yazıçı Sadıq Qarayevin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş olundu.
Görüşü açıq elan edən polkovnik Nizami Mövlanov bildirdi ki, azərbaycançılıq ideologiyası milli həmrəyliyi, bütövlüyü təmin edən, milli təəssübkeşlik və vətənpərvərlik hissini gücləndirən məfkurədir. Müstəqil dövlətin formalaşması üçün ordu, konstitusiya, bayraq, gerb, himn kimi atribut və rəmzlər vacib hesab edilir.
Polkovnik qeyd etdi ki, ulu öndər Heydər Əliyev azərbaycançılıq ideyasını ümummilli ideologiyaya çevirib: "1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycanın 30 ilə yaxındır müstəqil dövlət kimi mövcudluğunu qoruyub saxlamasında dahi şəxsiyyətin misilsiz rolu danılmazdır. Çünki azərbaycançılıq ideologiyası bizə dövlətini, xalqını sevməyi, eyni zamanda, Azərbaycan adlı dövlətin əsl vətəndaşı olmağı öyrədir. Ümummilli lider Heydər Əliyevin "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!"  kəlamı yüksək vətəndaşlıq şüuru kontekstində azərbaycanlı olmağın nə qədər şərəfli və məsuliyyətli olduğunu göstərmək baxımından mühüm önəmə malikdir...
44 günlük Vətən müharibəsində də dinindən və dilindən, etnik mənsubiyyətindən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşının vətənpərvərlik nümayiş etdirməsi məhz həmin ideologiyanın xalqımızda təcəssüm tapmasının sübutu idi. Bu baxımdan, qazandığımız möhtəşəm Qələbədə hər bir azərbaycanlının xüsusi töhfəsi olduğunu söyləmək olar".
Alim-yazıçı Sadıq Qarayev çıxışında qeyd etdi ki, azərbaycançılıq konsepsiyası geniş anlayış olub, özündə azərbaycançılıq məfkurəsini, Azərbaycan xalqı və Azərbaycan dövlətçiliyi anlayışlarını, milli-mənəvi dəyərləri, Azərbaycan dili və Azərbaycan ədəbiyyatını, Azərbaycan mədəniyyətini azərbaycanşünaslıq prinsiplərini cəmləşdirir. İstər ölkə daxilində, istərsə də Azərbaycandan kənarda yaşayan, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü naminə fəaliyyət göstərən, onun demokratik dövlət kimi inkişafı üçün çalışan hər kəs azərbaycançılıq ideyasının daşıyıcısıdır.
Görüşdə alim-yazıçı Sadıq Qarayevin "Sarvansız zamanlar", "Sahilsiz təzadlar" və "Sahibsiz kölgələr" kitabları müzakirə edildi.
Çıxış edən millət vəkili Razi Nurullayev, AMEA-nın professoru İsmayıl Kazımov, biologiya üzrə elmlər doktoru Həsən Babayev, ədəbi tənqidçilər Kənan Hacıyev, Əsəd Əsədov, fəlsəfə üzrə elmlər doktoru Fizuli Qurbanov, yazıçı Etibar Yaqubov, taekvondo üzrə Avropa və dünya çempionu Məftun Salmanov, yazıçı Lətifə Əliyeva və başqaları  bildirdilər ki, ixtisasca təbiətşünas olan Sadıq Qarayevin elmdəki peşəkarlığı onun məsuliyyətlə çalışmaq bacarığına malik olduğunu göstərir. Ana dilinin milli ruhu yazıçının əsərlərində aydın hiss olunur. Bu, elmi maarifçiliyin təbliği baxımından da maraq doğurur və əhəmiyyətlidir. Azərbaycan ədəbiyyatında milli düşüncənin yaranması, keçdiyi inkişaf yolu və milli ideologiya kimi formalaşmasından bəhs edən bu əsərlər Azərbaycan xalqı var olduqca müraciət olunacaq və öz elmi dəyərini heç zaman itirməyəcək.
Kursantlar müəllifin "Azərbaycançılıq məfkurəsi", "Aləmlərin söhbəti", "And" və s. şeirlərini səsləndirdilər.
Görüşün sonunda alim-yazıçı Sadıq Qarayev müzakirədə yaxından iştirak edənlərin suallarını cavablandırdı.

Günay TAĞIYEVA "Azərbaycan Ordusu"