Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

30 Aprel 2022 19:09

“Hərbi xidmət Vətən qarşısında övladlıq borcumuzdur”

“Azərbaycan Respublikası vətəndaşlarının 2022-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, ordu sıralarına çağırılan gənc əsgərlərin qəbulu davam edir.
Sərəncamın tələblərinə uyğun olaraq müddətli həqiqi hərbi xidmətə yararlı gənclərin "N" hərbi hissəsində qəbulu prosesini izlədik.
Hərbi hissənin zabiti polkovnik-leytenant Əliheydər Fərəcov gənc əsgərlərin qəbulu, yerləşdirilməsi, eləcə də xidmətə və kollektivə uyğunlaşdırılması prosesinin ciddi nəzarətdə saxlanıldığını bildirdi. Zabit, həmçinin hərbi xidmət keçməyin üstünlüklərindən də danışdı: “Gənclərdə vətənpərvərlik hissinin formalaşmasında, onların cəmiyyətə yararlı şəxsiyyət kimi hazırlanmasında və digər  mənəvi keyfiyyətlərə yiyələnməsində əsgəri xidmətin rolu böyükdür. Belə ki, hərbi xidmət dövründə gənclər milli-mənəvi dəyərlərimizə sədaqət ruhunda gələcəyin nümunəvi vətəndaşları kimi formalaşır, dözümlülük, möhkəmlik, müxtəlif şəraitlərə uyğunlaşmaq kimi üstün keyfiyyətlər qazanırlar. Komandir heyəti olaraq şahidi oluruq ki, ailədə və təhsil ocaqlarında Vətənə məhəbbət, milli-mənəvi dəyərlərə sədaqət, dövlətinə, millətinə bağlılıq ruhunda tərbiyə olunan gənclərimiz də hərbi xidmət keçməyin vacibliyini dərk edir, Vətən qarşısında borcun öhdəsindən uğurla gəlməyə çalışırlar. Onlar hərbi hissəyə gəldikləri ilk gündən nizam-intizamlı olmağa, tədris olunan hərbi biliklərə dərindən yiyələnməyə səy göstərirlər".
Zabitlə birlikdə çağırışçıların hərbi hissədə qəbulu prosesi ilə tanış olduq. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndəsi çağırışçıları hərbi hissənin nəzarət-buraxılış məntəqəsinə təhvil verir. Gənclərin sevinc, həyəcan qarışıq hisslər keçirdiklərini simalarından açıq-aşkar görmək olurdu. Üzlərindəki təbəssüm Vətən sevgisindən, hərbi xidmətə istəkli olmalarından xəbər verirdi. İlk olaraq çağırışçılar şəxsi heyətin uçotu bölməsinə gələrək qeydiyyatdan keçirlər.  
Gizir Şamil Mustafayev bildirdi ki, çağırışçılar adlı siyahılar əsasında yoxlanılır, hərbi biletlərindəki məlumatlar elektron bazaya daxil edilir və müvafiq bölmələrə təyin olunurlar.
Sonra çağırışçılar psixoloqlarla söhbətlərə cəlb edildilər. Şəxsi heyətin yüksək mənəvi-psixoloji hazırlığının, psixoloji dayanıqlılığının saxlanılması və təmin edilməsi məqsədilə "Silahlı Qüvvələrdə psixoloji işin təşkili və aparılması haqqında Təlimat"ın tələblərinə uyğun olaraq hər bir gənc əsgərlə fərdi söhbət aparıldı və psixoloji testlər keçirildi. Hərbi hissənin psixoloqları kapitan Amil Məhərrəmoğlu, leytenantlar Rüzgar Səlimzadə və Elgiz Sabirli gənclərlə səmimi söhbətlər edərək, xarakterlərini, qayğılarını öyrəndilər. Kapitan Amil Məhərrəmoğlu hərbi xidmətə yeni gələn gənclərlə psixoloji söhbətlərin, testlərin aparılmasının vacibliyindən söz açdı. "Gənc əsgərlərin xidmət şəraitinə uyğunlaşması və psixoloji sağlamlığının qorunması məqsədilə mütəmadi olaraq kollektiv, qrup və fərdi qaydada psixoloji yardım və dəstək fəaliyyəti həyata keçirilir, söhbətlər aparılır. İlkin tanışlıq zamanı onların psixi sağlamlıqlarının qiymətləndirilməsinə, şəxsi keyfiyyətlərinin aşkarlanmasına, hərbi xidmət şəraitinə uyğunlaşdırılmasına xüsusi diqqət yetiririk. Çağırışçılarla apardığımız söhbətlər və testlər nəticəsində onların özünəxas davranış formasının standart və obyektiv dəyərləndirilməsini aparırıq. Onların duyğu, düşüncə, inanc və davranışlarına dair müəyyən məlumatlar öyrənirik. Hal-hazırda yeni gələnlərlə ilkin tanışlıq prosesi gedir. Sonrakı günlərdə isə bu istiqamətdə fəaliyyətimiz mütəmadi olaraq davam edəcək".
Psixoloqlarla söhbət bitdikdən sonra çağırışçılar həkim müayinəsinə yollandılar. Müasir avadanlıqlarla təchiz olunan tibb məntəqəsində ilk olaraq şəxsi heyətin boyu və çəkisi qeydə alınmaqla, tibbi kitabça açıldı. Rentgen aparatı ilə gənc əsgərlərin ağciyərləri və daxili orqanları yoxlanıldı. Stomatoloq, cərrah və terapevt müayinəsi aparıldı. Tibb xidməti polkovnik-leytenantı Kamal Həsənov, ümumiyyətlə, tibb məntəqəsində şəxsi heyətin vaxtaşırı tibbi müayinəsinin aparıldığını bildirdi. "Hal-hazırda hərbi hissəmizə yenicə gələn gənclər ümumi müayinədən keçirilir, peyvəndlənməsi aparılır və COVID-19 pasportları yoxlanılır. Nümunəvi xidmət üçün sağlamlıq ən əsas şərtdir. Sağlam əsgərin döyüş hazırlığı da, mənəvi-psixoloji hazırlığı da yüksək olur. Biz həkimlər də çalışırıq ki, əsgərlərimiz xəstələnməsinlər. Ona görə də gənclərin səhhətini daim diqqətdə saxlayır, onlarla xəstəlik törədən viruslardan qorunmağın yolları haqqında mütəmadi olaraq maarifləndirici söhbətlər aparır və  bölmələrdə dezinfeksiya işləri görürük. Gördüyünüz kimi, tibb məntəqəmiz ən müasir tibbi avadanlıqlarla təchiz olunub. Xidmətə yeni başlayan gənclərin sağlamlığına biz cavabdehik. Kollektivimiz bu mühüm vəzifənin öhdəsindən bacarıqla gəlir".
Həkim komissiyası tərəfindən ümumi şəkildə yoxlanan çağırışçılar əşya anbarına göndərildilər. Burada onlar hərbi geyimlərlə təmin olunduqdan sonra xidmət edəcəkləri bölmələrinə təhvil verildilər.
Gizir İlqar Hüseynov növbə ilə çağırışçılara təzə alt və üst geyimlərini təqdim etdi. Onlar hərbi geyim formasıyla tam şəkildə təmin olundular. Zabit Əliheydər Fərəcov bildirdi ki, gənc əsgərlərin qida, geyim, əşya, əmlakla təminatına və digər sosial-məişət şəraitinə ciddi diqqət yetirilir. Hərbi hissəyə yenicə daxil olan şəxsi heyət birinci olaraq geyim, əşya-əmlakla təmin edilərək müasir tələblərə cavab verən əsgər yataqxanalarında yerləşdirildi. Zabit hərbi hissədə bütün təminatların yüksək səviyyədə olduğunu vurğuladı. "Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində  şəxsi heyətin bütün təminatları yüksək səviyyədədir. Bu qayğının nəticəsində  istər şəxsi heyətin döyüş hazırlığı, istərsə də  ruh yüksəkliyinin artırılması və maddi-məişət şəraitinin yaxşılaşdırılması üçün bütün imkanlar yaradılıb. Hərbi hissəmizdə ən müasir avadanlıqlarla təchiz olunmuş yeməkxana, yataqxana, tibb məntəqəsi, hamam və camaşırxana fəaliyyət göstərir. Həmçinin əsgər yataqxansında ideoloji, xidməti, tədris, məişət və istirahət otaqları əsgərlərin istifadəsinə verilib. Azərbaycan əsgərinə göstərilən diqqət və qayğı, yaradılan yüksək məişət şəraiti onların  əsgəri xidmətlərini uğurla keçməsinə zəmin yaradır. Belə şərait  xidmətə yeni başlayan gənclərin gələcəkdə bacarıqlı əsgərlər kimi formalaşmasında xüsusi əhəmiyyət kəsb edəcək".
Lazımi əşyalarla təmin edilən gənclər bölmələrə təhvil verilir, orada çağırışçıların saçları səliqəyə salındıqdan sonra hərbi formalarını geyinib xidmətə başlayırlar.
Günün nizam qaydası ilə tənzimlənən fəaliyyətlərində onlar sıra hazırlığı məşğələlərində iştirak edir, andiçmə mərasiminə hazırlaşırdılar.
...Gənc əsgərlərin sıra hazırlığı məşğələsini izlədik. Təcrübəli gizir Anar Həsənov onlara nizam-intizamlı olmağı, verilən əmr və tapşırıqları vaxtlı-vaxtında yerinə yetirməyi tövsiyə etdi. O, qeyd etdi ki, məşğələlərdə əsgərlərə Azərbaycan Respublikası  Silahlı Qüvvələrinin Sıra Nizamnaməsinə uyğun olaraq dərslər keçirilir, sıra  hərəkətlərini və yerişini, əsgəri salamlaşma qaydalarını, hərbi qulluqçuların düzülüşdən qabaq və sırada vəzifə borclarını, sıra hazırlığına olan tələbləri, yuxarı rəislərə yaxınlaşma qaydalarını, eləcə də digər elementləri öyrədirlər. Əvvəlcə sıranın müqəddəsliyindən danışan gizir nizam-intizamın sıradan başlandığını bildirdi. "Ordu quruculuğunda daim diqqətdə saxlanılan məqamlardan biri də şəxsi heyətin nizam-intizamlı olmasıdır. Nizam-intizam isə ən əvvəl sıradan başlanır. Xidmətə gələn gənclərin hərbi həyatla ilk tanışlığı da məhz sırada olur. Sonrakı xidməti dövrlərində də əsgərlərin gündəlik fəaliyyətləri arasında sıra hazırlığı mühüm yer tutur".
Müşahidə etdik ki, əsgərlər də verilən komandaları cəld yerinə yetirərək öyrədilənləri mənimsəməyə can atırdılar.
Gənc əsgərlərdən İlkin Həşimli, Əvəzağa Səfərov, İlham Əliyev, Pirəhməd Hüseynov və digərləri ilə həmsöhbət olub, təəssüratlarını öyrəndik. Onlar ilk dəfə hərbi forma geyinib sırada dayandıqları günün yaddaşlarına əbədi həkk olunduğunu bildirdilər. Hərbi xidmətin onlar üçün Vətən qarşısında övladlıq borcu olduğunu qeyd etdilər. Komandir heyətinin diqqət və qayğısından, mehribanlığından, hərbi hissədəki şəraitdən razılıq etdilər.  Qüdrətli dövlətimizlə, Müzəffər Ali Baş Komandanımızla və rəşadətli ordumuzla qürur duyduqlarını dedilər. Qalib ordunun adına layiq, bacarıqlı əsgərlər olub, torpaqlarımızın keşiyində inamla dayanmaq amalı ilə xidmətə gəldiklərini vurğuladılar.

Mahmud MÖHBALIYEV, Orxan HÜSEYNLİ  "Azərbaycan Ordusu"