Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

27 Aprel 2022 18:00

Kursantlar xalçaların hər ilməsində bir tarix gördülər

Cəmşid Naxçıvanski adına Hərbi Liseyin kursantları tez-tez ölkəmizin tarixi yerlərinə, muzeylərə, nəbatat bağlarına ekskursiya edirlər. Belə tədbirlər kursantların vətənpərvər bir şəxsiyyət kimi formalaşmasında, dünyagörüşünün zənginləşməsində, biliklərinin artırılmasında mühüm rol oynayır. Buna görə də hərbi təhsil ocağının rəhbərliyi mütəmadi olaraq belə gəzintilər təşkil edir. Bu tədbirlər artıq hərbi liseydə ənənəyə çevrilib.
Bu günlərdə kursantlar Azərbaycan Milli Xalça Muzeyini ziyarət etdilər. Ekskursiya zamanı gələcəyin zabitləri muzeydə nümayiş olunan Təbriz, Qarabağ, Şirvan və başqa bölgələrdə toxunmuş qədim xalçalarla tanış oldular. Əsrlərcə yaşı olan xalçalarda tarixin izlərinə nəzər saldılar. Təkcə qədim xalçalarla deyil, həm də bu xalçaların toxunmasında istifadə olunan alət və avadanlıqlarla, dəzgahlarla tanış oldular.  
Mayor Orxan Ağasoy təşkil olunan ekskursiyaların əhəmiyyətindən söz açaraq bildirdi ki, kursantlarımızın istirahət günlərinin səmərəli keçməsi üçün bütün imkan və vasitələrdən istifadə edirik. Muzeylə tanışlıq kursantlarımızın ürəyincə oldu. Muzey bələdçiləri xalçaçılığın tarixi barədə ətraflı məlumat verdilər. Bizi maraqlandıran sualları cavablandırdılar. Azərbaycan Milli Xalça Muzeyini ziyarət etmək kursantlarımızın yaddaşında dərin iz buraxdı”.
- Azərbaycan Milli Xalça Muzeyini ilk dəfədir ziyarət edirdim, - deyə kursant Zeynalabdin Şairli təəssüratlarını bizimlə bölüşdü. - Xalçaçılıq tarixi ilə bağlı kifayət qədər məlumatlı idim. Təbriz, Qarabağ, Şirvan və başqa xalçalar bir anlıq bizi ötən əsrlərə apardı. Gözlərimiz qarşısında sanki böyük bir tarix canlandı. Bu bizim mədəniyyət tariximizdir. Bunu hamımız öyrənməliyik. Əminəm ki, növbəti ekskursiyalarımız, ziyarətlərimiz də maraqlı və yaddaqalan olacaq.
Kursantlardan Sultan Əhmədov, Tamerlan Heydərov, Məhəmməd Teymurov və başqaları da Azərbaycan Milli Xalça Muzeyinə etdikləri ekskursiya barədə fikirlərini bizə danışdılar. Söhbət zamanı hiss etdim ki, bu gəzinti gələcəyin zabitləri üçün həm asudə vaxtı keçirmək, həm də biliklərini zənginləşdirmək baxımından səmərəli oldu.  Təəssüratlarından o da hiss olundu ki, kursantlar muzeydə hər xalıda, hər ilmədə bir tarix gördülər.

Vahid MƏHƏRRƏMOV "Azərbaycan Ordusu"