Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

23 Aprel 2022 11:05

“Yaxşı dost ən böyük sərvətdir”

İnsan bütün yaş dövrlərində dosta, sirdaşa ehtiyac duyur. Təsadüfi deyil ki, yaxşı dost qazananlar həyatda qiyməti ölçülməz bir nemətə sahib olduqlarını deyərlər. Bu gün ordumuzda əsgərlər arasında qarşılıqlı hörmət, qardaşlıq bağları güclü olduğu kimi, möhkəm dostluq münasibətləri də mövcuddur.
"N" hərbi hissəsində xidmət edən əsgərlər Anar Qurbanov və Nəvai Nəsirov xidmət dövründə dostluğun təməlini atanlardandırlar. "Vəfalı olmaq dostluğun ən əsas şərtlərindəndir", - deyə əsgər Anar Qurbanov  söhbətə başladı: "Atam hər zaman mənə dünyada ən böyük sərvət yaxşı dosta sahib olmaqdır, deyirdi. Əvvəllər onun dediyi fikrin mahiyyətini dərk etməsəm də, böyüdükcə nə qədər haqlı olduğunu anladım. Fikrimcə hansı insanın qəlbində məhəbbət, səmimiyyət yuva salıbsa, o insanın dostu çox olar. Qəlbində nifrət, kin olanın dostu olmaz.
Bu gün dostlarımla aramızda qarşılıqlı səmimiyyət və hörmət hökm sürür. Ən maraqlı anlarım dostlarımla keçirdiyim zamanlardır. Həmişə dostlarımı və aramızda olan dostluğu qorumağa çalışıram. Hərbi xidmətdə özümə Nəvai kimi mərd, qorxmaz, Vətənini canından çox sevən dost qazandım. O, ilk gündən hərbi xidmətə alışmağımda mənə köməklik göstərib. Burada demək olar ki, vaxtımızın çoxunu birgə keçiririk. Asudə vaxtlarımızda məşğələlərdə öyrəndiklərimizi təkrarlayır, müxtəlif məsələləri müzakirə edirik. Çox vaxt dostumla döyüş növbətçiliyini birgə aparırıq. Bu, məni daha da ruhlandırır".
Əsgər Nəvai Nəsirov da Anar kimi dost qazandığından sevincli olduğunu bildirdi: "Dostluq insan üçün ən müqəddəs hisslərdən biridir. Dost dostla heç bir zaman istehza etməməlidir, təvazökar olmalı, təkəbbürlülükdən uzaq olmalıdır. Dost dostun sirrini ölənə kimi qoruyub saxlamalıdır. Əhdinə sadiq olmalı, xilaf çıxmamalıdır. Anar sədaqətli, yaxşı dostlardandır. Asudə vaxtlarımızda onunla söhbətləşir, gələcək planlarımızdan danışırıq. Hərbi xidməti başa vurduqdan sonra da dostluğumuzu davam etdirəcək, bu gün xəyalını qurduğumuz planlarımızı gerçəkləşdirməyə çalışacağıq".
Hərbi hissələrimizdə belə dostlarla tanış olduğum üçün sevincliyəm. İnanıram ki, mərd əsgərlərimizin dostluğu da əbədi olacaq.

Oruc MUSTAFAYEV "Azərbaycan Ordusu"