Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

23 Aprel 2022 11:04

Vətən müharibəsində qazanılan Zəfər xarici ölkələrdə də öyrənilir

Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatlarının Oklahoma ştatı ilə "Ştatla Tərəfdaşlıq Proqramı" çərçivəsində qurulmuş əlaqələrin 20 ili tamam olur. Keçən zaman müddətində dövlətlər arasında bütün sahələrdə çox yaxşı diplomatik əlaqələlər qurulub. Oklahoma Milli Qvardiyası və Azərbaycanın Müdafiə Nazirliyi də bu illər ərzində zabitlərin inkişafı, tibbi əməliyyatlar, logistika, aviasiya təhlükəsizliyi və kibermüdafiə sahəsində çoxsaylı mübadilələr proqramları vasitəsilə əməkdaşlıq ediblər.
Bu münasibətlə martın 28-dən aprelin 2-dək Oklahoma Milli Qvardiyasının dəvəti ilə Azərbaycan Müdafiə Nazirliyinin 5 zabiti - polkovnik-leytenant Anar Eyvazov, tibb xidməti polkovnik-leytenantı Səxavət Hüseynov, tibb xidməti kapitanları - Ramin Alıyev, Elvin Məmmədov, tibb xidməti baş leytenantı Zaur Əhmədzadə Oklahoma ştatında keçirilmiş "Yaralıların toplama məntəqəsindən tibbi təxliyəsi" adlı tədbirdə iştirak ediblər.
Səfər haqqında məlumat verən polkovnik-leytenant Anar Eyvazov bildirdi ki, tərəfdaş olduğumuz ölkənin tibb xidməti zabitləri ilə birlikdə hərbi qulluqçuların ilkin tibbi hazırlıq dövrünə cəlb olunması, tədris dövrünün müddəti, özünə və yoldaşına ilk tibbi yardım göstərilməsi fonunda nəzəri, praktiki məşqlərin keçirilməsi, tibbi yardım dəstlərinin, tibbi texnikaların təchizatı və quru, hava yolu ilə təxliyə prinsipləri mövzusunda fikir mübadiləsi apararaq ordumuzda tibb xidmətində səmərəliliyin artırılması məqsədilə təcrübə qazandıq. "Bütün bunlarla yanaşı, bu tədbir daha çox fikir mübadiləsi çərçivəsində baş tutdu. Mövzu ilə əlaqədar hər iki tərəf öz təcrübəsindən yararlanaraq fikirlərini bildirdi. Bu baxımdan Vətən müharibəsi bizim üstünlüyümüz idi ki, biz yeni metodlardan, yeni texnologiyalardan istifadə haqqında öz fikirlərimizi çatdırdıq. Bu, onlar üçün daha çox maraq kəsb edirdi. Belə ki, Azərbaycanın döyüş təcrübəsi və taktikası bu gün dünyanın inkişaf etmiş ölkələrinin hərbi məktəblərində də öyrənilir. Son dərəcə çətin relyefdə 44 gün ərzində ən müasir döyüş silahlarının tətbiqi ilə şanlı Qələbə qazanan Azərbaycan Ordusu yüksək peşəkarlıq nümayiş etdirdi. Ordumuz ilk gündən düşmən sədlərini yararaq irəlilədi və qələbə qazandı.
Vətən müharibəsində qələbənin tarixi əhəmiyyətinə toxunan Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev çıxışlarının birində qeyd etdi ki, "İkinci Qarabağ müharibəsi də bizim gücümüzü göstərdi, müasirliyi göstərdi. Çünki biz XXI əsrin müharibəsini aparmışıq və bu gün artıq sirr deyil ki, dünyanın aparıcı hərbi məktəblərində İkinci Qarabağ müharibəsindəki əməliyyatlarımız, bizim uğurlarımız, Qələbəmiz öyrənilir. Dünya mətbuatında artıq dəfələrlə məlumat verilmişdir ki, dünyanın aparıcı ölkələri, o cümlədən Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Almaniya və inkişaf etmiş digər ölkələr İkinci Qarabağ müharibəsinin bütün aspektlərini öyrənirlər".
Biz müxtəlif görüşlərdə, keçirilən təlimlərdə bunun şahidi oluruq".
XXI əsrin müharibəsini nümayiş etdirərək 44 gün müddətində Qələbə qazanan Azərbaycan Ordusunun keçirdiyi uğurlu əks-hücum əməliyyatının gedişi bu gün də Pentaqon tərəfindən təhlil olunur. ABŞ Quru Qoşunlarının Baş Qərargah rəisi general Ceyms Makkonvil Azərbaycan Ordusunun pilotsuz uçuş aparatlarından uğurla istifadə etməsini misal göstərib. Onun sözlərinə görə, "Qarabağda pilotsuz uçuş aparatlarının aktiv istifadə olunması ABŞ Ordusunun, xüsusən, hava hücumundan istifadə sisteminin təkmilləşdirilməsinin vacibliyini ortaya qoyub. Qarabağdakı döyüşlər, digər yerlərdə gedən döyüşlər gələcək müharibələrdə ölümcül PUA-larla üzbəüz gələcəyimizə dəlalət edir".
Oklahoma Milli Qvardiyasının tədris mərkəzinin rəhbəri Sr.Leeder və heyət ilə tanışlıq görüşü barədə ətraflı məlumat verən tibb xidməti polkovnik-leytenantı Səxavət Hüseynov bu gün münaqişə zonalarında şəraitə uyğun olaraq istifadə edilə biləcək ilkin tibbi yardım dəst və vasitələrinin tədris dövründə tibbi hazırlıq səviyyələri üzrə nümayiş olunaraq təcrübə mübadiləsi aparılmasından, simulyasiya otaqlarında yaralanmalar və xəsarət alma səhnələri yaradılaraq şəraitə uyğun döyüş meydanından təhlükəsiz nöqtəyə çıxarılması ilə tibbi yardım üsullarının praktik formada göstərilməsindən danışdı. "Hərbi Hava Qüvvələrinin hərbi hissəsində tədris məşqləri üçün hazırlanmış təxliyə təyyarəsinin imkanları, tutumu və təxliyə zamanı göstərilə biləcək tibbi yardım metodu, üsulları ilə praktik formada tanış edildik. Bizim üçün yeniliklər də var idi. Vətən müharibəsində apardığımız təxliyənin operativliyini özlüyümüzdə bir daha kəşf etdik".
Vətən müharibəsində döyüş meydanında yaralıya göstərilən yüksək keyfiyyətli ilk tibbi yardım nəticəsində itkilərimiz minimum səviyyədə oldu. Güllələr altında yaralıya ilk yardımın göstərilməsi, şok əleyhinə tədbirlərin aparılması, qanaxmanın dayandırılması, onların döyüş bölgəsindən çıxarılması və təxliyəyə hazırlanması, sözsüz ki, tibb heyətinin peşəkarlığından xəbər verirdi.
Həkimlərimizin peşəkarlığından, bilik səviyyəsindən danışan tibb xidməti polkovnik-leytenantı  onların əksəriyyətinin Hərbi Tibb Fakültəsinin məzunu olduğunu, yüksək səviyyədə ilkin tibbi təhsil aldıqlarını və davamlı olaraq ölkə xaricində keçirilən kurslarda, konfranslarda iştiraklarının böyük önəm daşıdığını diqqətə çatdırdı. Bu bizim üçün bir üstünlükdür. Oklahoma Milli Qvardiyasında Hərbi Tibb Fakültəsi yoxdur, hərbi həkimlər xaricdə təhsil üçün təkmilləşmə kurslarına göndərilmir. Mərkəzləşdirilmiş ştatlarda tibb məntəqələri, hospitallar fəaliyyət göstərmir. Bir Vaşinqtonda hospital və Almaniyada reabilitasiya mərkəzi mövcuddur.
Tibb xidməti polkovnik-leytenantı Səxavət Hüseynov tədbirdə cərrahiyyə sahəsində xırda alətlərdən istifadə ilə bağlı təcrübəsini onlarla bölüşüb.
Tibb xidməti kapitanı Ramin Alıyev qeyd etdi ki, orada müşahidə etdiyim müasir dövrün tələblərinə uyğun ilkin tibbi yardım vasitələrinin və cihazların təchizatı, hər bir hərbi qulluqçunun fərdi tibbi yardım çantası ilə təmin edilməsi, sanitar çantalarının və təcili tibbi yardım çantalarının finger tipli pulsuoksimetriya cihazları ilə və şinalarla komplektləşdirilməsi bizdə də yüksək səviyyədədir.
- Oklahoma Milli Qvardiyasının tədris mərkəzində bizə "Qan qrupunun ekspres-təyini" aparatını təqdim etdilər. Bu aparatın onlar üçün yeni olduğunu bildirdilər. Biz isə bu aparatdan nəinki Vətən müharibəsində, hətta 2016-cı ilin Aprel döyüşlərində də istifadə etmişdik. Bunun tətbiqi bizdə daha geniş yayılıb, nəinki onlarda. Bu baxımdan bizim tibb xidməti ilə onların tibb xidməti arasında çox da qlobal bir fərq yoxdur. Vətən müharibəsində tibb xidmətinin əldə etdiyi inkişaf bir daha öz təsdiqini tapdı. Tibb xidmətinin təşkilində, yaralıların təxliyəsində avadanlıq baxımından fərqimiz yox dərəcəsindədir. Bu bizə Vətən müharibəsində əldə etdiyimiz Qələbədə minumum itki verməyimizdə özünü göstərdi.  
Bunlarla yanaşı, bizə təqdim olunan fərdi sarğı paketinin eynisi hal-hazırda Azərbaycan Müdafiə Sənayesində istehsal olunur, təchizatımız da var.
Tibb xidməti kapitanı Elvin Məmmədov dedi ki, təxliyə baxımından onların peşəkarlaşmasının səbəbi daha çox müharibələrdə iştirak etmələridir. "Lakin bununla yanaşı, Vətən müharibəsində görülən işlər, aparılan əməliyyatlar  onlar üçün çox maraqlı idi. Bu isə bizim təhsil sahəsində əldə etdiyimiz yeniliklərin nəticəsidir.
Tədbirdə nümayiş etdirdiyimiz təcrübədə həm NATO-nun, həm Sankt-Peterburqun, həm də Gülhanənin özünəxas üstünlükləri görünməkdə idi. Məsələn, illərdir belə təlim və kurslarda iştirak edən Tibb xidmətinin rəhbərliyi əldə etdiyi təcrübələrdən yararlanaraq inkişaf etmiş bir formada "Xəstəlik tarixi ilə bağlı blank" hazırlayıb. Bu blankların doldurulması daha rahatdır. Sualların cavablanması burada nəsə yazmaqla deyil, rənglərlə öz cavabını tapır. Belə ki, hər bir rəngin öz mənası var və bu rəngləri işarələməklə xəstənin vəziyyəti qeyd olunur. Çünki döyüşlərdə, güllələrin altında narahat bir vəziyyətdə insanın xətti tam anlaşıqlı olmaya bilər. Amma rənglərlə rahatdır. Bu rənglərin mənaları haqqında bütün həkimlərimiz məlumatlıdır. Döyüş meydanından başlanan bu proses toplama məntəqələrindəki həkimlər üçün daha tez başa düşülən olur. Onlar da bunu çox bəyəndilər. Özlərində də istifadə edəcəklərini bildirdilər".
Müharibələrdə böyük qələbələrin əsasında duran ən başlıca amil xalq-dövlət-ordu birliyinin sarsılmaz vəhdətinin təmin olunmasıdır. Vətən müharibəsi dünya azərbaycanlılarının birliyinin sarsılmazlığını, xalqımızın Vətən torpaqlarının azad edilməsi naminə "Dəmir yumruq" kimi birləşdiyini nümayiş etdirdi. Həkimlərimiz səfər müddətində Azərbaycana qarşı xoş münasibətin və sevginin şahidi də olublar. Hərbi formada fəxrlə daşıdığımız üçrəngli bayrağımızı tanıyanlar da çox olub.
- Müqəddəs bayrağımıza baxıb "Azərbaycan" deyənlərin də şahidi olduq, - tibb xidməti kapitanı dedi. - Ordumuza məxsus olan zabit mundirini də çox bəyəndilər. Heyranlıqla bizə baxırdılar. Hərbçilərə qarşı  böyük rəğbət vardı. Küçədə belə saxlayıb haradan, nə üçün gəlməyimizlə maraqlanırdılar. "Xidmətinizə görə minnətdarıq" deyə təşəkkür edirdilər.
Oklahoma Milli Qvardiyasının tədris mərkəzində tibbi yardım səviyyələrinin koordinasiya olunması və rabitə vasitələri ilə vəziyyətin dəyərləndirilərək məruzə olunma üsullarından danışan tibb xidməti baş leytenantı Zaur Əhmədzadə sanitar təxliyə avtomobillərinin quruluşundan, sanitar aviasiya vasitəsi olan M998 tipli helikopterin təxliyə prinsipindən, sanitar nəqliyyat vasitəsilə yaralı və ya xəsarət almış hərbi qulluqçuya tibbi yardım göstərilməsi, bir ərazidən digərinə təxliyə olunması və sanitar helikopter yerə eniş etmədən borta qaldırılması məşqini icra etdiklərini bildirdi.
- Vətən müharibəsində bizdə xəstələr üçün tam komplektləşdirilmiş vəziyyətdə helikopterlər fəaliyyətdə idi. Bu helikopterlər havada olduğu müddətdə xəstəyə bütün lazımi tibbi müdaxilələr mümkün idi. Biz orada olarkən sanitar helikopterinin yerə eniş etmədən yaralının borta qaldırılması üçün quraşdırılmış   xüsusi 85 metr uzunluqda tros-dartma mexanizminə malik olması diqqətimizi çəkdi. Bu, bizim üçün böyük təcrübə oldu.
Tibb xidmətinin zabitləri dedilər ki, burada gördüklərimizin tək döyüş meydanında deyil, eləcə də stasionar və mobil hospitallarda ixtisaslı həkimlərin (cərrah, anestezioloq və reanimatoloq, travmatoloq və terpevtik ixtisaslar) təcrübə mübadiləsində yeni müasir əməliyyat və müalicə üsullarının, o cümlədən müasir tibbi avadanlıqların öyrənilməsində mühüm rolu olacaqdır. Səfər müddətində görüb öyrəndiklərimiz bizim üçün yeni təcrübələr qazanmağımıza səbəb oldu.
Böyük Qələbənin nəticəsidir ki, Amerikanın Oklahoma ştatında da bizimlə maraqlanırlar. Bu gün bütün inkişaf etmiş ölkələrin diqqəti rəşadətli Azərbaycan Ordusunun üzərindədir. İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Biz torpaqlarını varlığıyla qoruyan, döyüşkən xalq kimi özümüzü dünyada təsdiq etmişik. Xalqımız bu müharibə ilə bağlı əbədi qürur hissi keçirəcək.
 
Günay TAĞIYEVA "Azərbaycan Ordusu"