Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

23 Aprel 2022 11:02

Dövlətçiliyə xidmət, həm də vətəndaşlıq borcudur!

Müdafiə Nazirliyi Hərbi Polis İdarəsinin yarandığı gündən 30 il keçir. Arxada qalmış bu illər ərzində çətin və şərəfli xidmət yolu keçən Hərbi Polis İdarəsi müdafiə nazirinin 10 aprel 1992-ci il tarixli əmri ilə yaradılmışdır. Əlamətdar gün münasibətilə Hərbi Polis İdarəsində tədbir keçirildi.
Ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Hərbi Polis İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat üzrə bölmə rəisi polkovnik-leytenant Anar Əhmədov Hərbi Polis İdarəsinin yaradılmasının 30 illiyi ilə əlaqədar Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun şəxsi heyətə ünvanladığı təbrik məktubunu oxudu. Təbrikdə deyilirdi: "İnanıram kı, Azərbaycan Respublikasının Konstitusiyasına, Hərbi anda və nizamnamələrə bundan sonra da sadiq qalacaq, döyüş və mənəvi-psixoloji hazırlıqda yeni uğurlar əldə ədəcək və torpaqlarımızı Silahlı Qüvvələrin Ali Baş Komandanının rəhbərliyi altında işğaldan azad edən rəşadətli Azərbaycan Ordusunun şanlı ənənələrini davam etdirəcəksiniz".
Tədbirdə Hərbi Polis İdarəsinin rəisi polkovnik-leytenant Elgün Əliyev çıxış edərək hərbi polisin fəaliyyətə başladığı gündən çətin, şərəfli xidmət və döyüş yolu keçməsindən söz açdı. “Yaradılmasında əsas məqsəd dövlətin və xalqın mənafeyinin müdafiəsində, Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün təmin olunmasında iştirak etməkdən ibarət olan hərbi polis həmişə qarşıya qoyulan mühüm tapşırıqları bacarıqla yerinə yetirmişdir. Hərbi polis patrulları ölkənin paytaxt və digər şəhərlərində, hərbi qarnizonların yerləşdiyi yaşayış məntəqələrində stasionar, eləcə də səyyar postlarda da xidmət aparır. Bu postlar hərbi nəqliyyatın təqdim edilən sənədlərə müvafiq olaraq marşrutlar üzrə hərəkət etməsini daim nəzarətdə saxlayır. Zərurət yarandıqda marşrutların tənzimlənməsini, hərbi maşın karvanlarının təhlükəsizliyinin təmin olunması işini də həyata keçirir”, - dedi idarə rəisi.
İdarənin tabeliyində fəaliyyət göstərən Kinologiya Mərkəzində saxlanılan və daim təlimatlandırılan cins itlərin təyinatı üzrə qoşun növlərinin sərəncamına verilməsindən danışan polkovnik-leytenant Elgün Əliyev bildirdi ki, xüsusi təlim görmüş bu itlərdən minaaxtarma işində, qarovul xidməti prosesində, həmçinin xidmətin başqa sahələrində istifadə olunur.
Hərbi polisin şəxsi heyəti Vətən müharibəsində də iştirak edib. Torpaqlarımızın azadlığı uğrunda vuruşduğunu bildirən idarə rəisi İkinci Qarabağ müharibəsində şəhid olan hərbi qulluqçuların vətənpərvərliyindən, qəhrəmanlığından, hazırda xidmətin təşkilindən söz açdı. “Müharibə şəhidsiz, qazisiz başa çatmır. Vətən torpağının hər qarışı uğrunda canını sipər edənlərin bizlərə əmanət qoyduğu ərazi bütövlüyümüzü qoruyub saxlamaq hər birimizin həm vəzifə, həm də vətəndaşlıq borcudur. İstər döyüşlər zamanı, istərsə də indi işğaldan azad olunmuş ərazilərdə komendant və patrul xidmətinin təşkili, hərbi avtomobil texnikalarının müşayiəti, axtarış fəaliyyəti və s. xidməti prosesləri hərbi polisin şəxsi heyəti tərəfindən təşkil edilib. Qarşıya qoyulan tapşırıqları bacarıqla yerinə yetirilib. Hazırda bölmələrimiz işğaldan azad edilmiş yaşayış məntəqələrində xidmət aparır, qoşunların yerləşdiyi ərazilərdə təhlükəsizliyin və nizam-intizamın təmin olunmasını nəzarətdə saxlayırlar. Stasionar və səyyar postlarımızda xidmət aparan şəxsi heyət əraziyə daxil olan texnikanların və şəxsi heyətin yoxlanılmasını, həmçinin  qeydiyyatını aparır, hərbi nəqliyyat vasitələrinin hərəkətini istiqamətləndirir. Bundan başqa, bölmələrimiz ordumuzun yerləşmə ərazilərinə gedən avtomobil karvanlarının hərəkətinin təhlükəsizliyini təmin etmək məqsədilə onları müşayiət edir. Eləcə də zabitlərimiz beynəlxalq səviyyəli tədbirlərdə, Beynəlxalq Qırmızı Xaç Komitəsinin seminarlarında, habelə NATO-nun xətti ilə təşkil olunan kurslarda iştirak edir, peşəkarlıq və bacarıqlarını daha da artırırlar. Bu gün hərbi polis Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin, müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi və qayğısı sayəsində Azərbaycan Ordusunda qanunçuluğun və hərbi intizamın keşiyində dayanan mütəşəkkil bir quruma çevrilmişdir. Əminliklə bildirirəm ki, hərbi polisin şəxsi heyəti xalqımızın və dövlətimizin etimadını bundan sonra da şərəf və ləyaqətlə doğruldacaq, döyüş və mənəvi-psixoloji hazırlığını daim yüksəldəcək. Hərbi Polis İdarəsinin yaradılmasının 30 illiyi münasibətilə şəxsi heyəti təbrik edir, çətin və şərəfli xidmətinizdə hamınıza uğurlar arzulayıram!
 Hərbi Polis İdarəsinin qərargah rəisi polkovnik Zahir Quliyev də çıxış edərək ötən illər ərzində qazanılan uğurlardan danışdı:
- İdarəmiz çox çətin, amma olduqca şərəfli xidmət yolu keçib. 1992-1993-cü illər ərzində Hərbi Polis İdarəsinin tərkibində müxtəlif bölgələrdə bölmələr yaradılaraq formalaşdırılıb. Qurum olaraq tabeliyimizdə olan bölmələrin döyüş və mənəvi-psixoloji hazırlığı yüksək səviyyədədir. Xüsusi olaraq qeyd edim ki, Hərbi Polis İdarəsi "Dəmir yumruq" əməliyyatlarında fəal iştirak edərək, düşmən üzərində qələbənin qazanılmasında üzərinə düşən tapşırıqları uğurla yerinə yetirdi. Torpaqlarımız işğaldan azad olunduqca mühüm əhəmiyyətli obyektlər dərhal mühafizəyə götürülmüş, komendant postları qurulmuş, mənfur düşmənin qoyub qaçdığı silah və texnikalar ərazilərdən yığılaraq aidiyyəti üzrə müvafiq orqanlara təhvil verilmişdir. Bununla yanaşı, bölmələrimiz Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin və yaralıların təxliyə edilməsi kimi məsuliyyətli tapşırıqları da yerinə yetirmişdir. Kollektivimiz istənilən an döyüş tapşırığını yerinə yetirməyə hazır və qadirdir.
Hərbi Polis İdarəsinin zabiti polkovnik Mirhəmid Nağıyev öz növbəsində çıxış edərək dedi ki, bölmələrimiz şərəfli xidmət yolu keçib.
- Hazırda ordumuz növbəti yüksəliş dövrünü yaşayır. Müzəffər Ali Baş Komandanın diqqət və qayğısı, Azərbaycan Respublikasının müdafiə nazirinin rəhbərliyi sayəsində maddi-texniki bazamız tamamilə yenilənmişdir. İkinci Qarabağ müharibəsindəki şanlı qələbəmizdən sonra işğaldan azad olunmuş ərazilərdə yeni bölmələrimiz yaradılmışdır. Döyüş hazırlığı planına uyğun olaraq hazırda şəxsi heyətlə ictimai-siyasi hazırlıq dərsləri, təlimlər, müsabiqələr, gecə və gündüz atış çalışmaları keçirilir. Əminik ki, bu tədbirlər zabit və əsgərlərimizin döyüş hazırlığını daha da artıracaq, uğurlarımız davamlı olacaq. Bu günə qədər xidmətdə qazandığımız uğurlar 30-cu ildönümümüzə ən yaxşı töhfədir.
Ədliyyə polkovnik-leytenantı Şirin İsmayılov,  polkovnik-leytenant Azər Allahverdiyev, mayor Rəsul Rəsulov, gizir Sevinc Qasımova, mülki işçi Ramiz Tağıyev və başqaları da çıxış edərək Hərbi Polis İdarəsinin yaranmasından, xidməti fəaliyyətindən və görülən işlərdən ətraflı söz açdılar.
Hərbi Polis İdarəsinin fəaliyyətini əks etdirən video-çarx nümayiş olundu.
Tədbirin sonunda idarə rəisinin əmri ilə xidmətdə fərqlənən hərbi qulluqçular mükafatlandırıldılar.
Hərbi Polis İdarəsinin yaradılmasına həsr olunmuş tədbir bir amalın təsdiqi kimi yekunlaşdı: “Dövlətçiliyə xidmət, həm də vətəndaşlıq borcudur!”

Vahid MƏHƏRRƏMOV "Azərbaycan Ordusu"