Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

23 Aprel 2022 11:00

Vətən müqəddəsdir və onu qorumaq ən şərəfli vəzifədir

"N" hərbi hissəsində təlim zamanı həm komandirləri, həm də xidmət etdiyi bölmənin şəxsi heyəti tərəfindən xoş sözlərini eşitdiyim müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Adil Quliyevlə tanış oldum. Adil komandirlərinin də dediyi kimi nizam-intizamı, yüksək mədəniyyəti və əxlaqı ilə seçilən hərbi qulluqçularımızdandır.
"Ordu sıralarında xidmət edən hər bir kəsin vəzifə borcu ərazi bütövlüyümüzü, suverenliyimizi, müstəqilliyimizi göz bəbəyi kimi qorumaq, xalqımızın etibarlı müdafiəsində iştirak etmək, Ali Baş Komandanımızın bizə olan etimadını layiqincə doğrultmaqdır", - deyə müsahibim söhbətə başladı. "Hər bir əsgər hərbi biliklərə dərindən yiyələnərək, qarşıya qoyulan tapşırıqların öhdəsindən operativ surətdə layiqincə gəlməyə borcludur. Xidmət etdiyim bölmənin şəxsi heyəti, təcrübəli və qayğıkeş komandirlərimizin diqqət və qayğısı ilə əhatələnib. Çünki şəxsi heyətin mənəvi-psixoloji vəziyyətini diqqət mərkəzində saxlamaq vacibdir. Komandirlərimiz bizim təcrübəli hərbi qulluqçu kimi yetişməyimizdə böyük rol oynayırlar. Biz də öz növbəmizdə müddətli həqiqi hərbi xidmətdə olan əsgərlərimizlə öz təcrübələrimizi bölüşür, onların əsl döyüşçü kimi formalaşmasında komandirlərimizə yardımçı oluruq.  Şəxsi heyətin nəzəri biliklərdən savayı, praktiki döyüşaparma bacarığını artırmaq məqsədilə təlimlər, çöl dərsləri və s. də təşkil olunur".
Həmsöhbətim Vətənin bütövlüyü uğrunda hər bir soydaşımızın əməyinin zəruriliyini qeyd etdi. "Bu gün müstəqil Azərbaycanımızın, Ana Vətənimizin bütövlüyünü qorumaq üçün hər birimiz əlimizdən gələni etməli, ona göz dikən qüvvələrə qarşı mübarizə aparmalıyıq. Çünki Vətəni qorumaq müqəddəs vəzifədir. Biz ömrümüzü müqəddəs vəzifənin icraçıları olaraq hərb sahəsinə bağlamışıq. Buna görə də üzərimizə düşən şərəfli borcu məsuliyyətlə yerinə yetirməli, verilən tapşırıqları vaxtlı-vaxtında və qüsursuz yerinə yetirməliyik. Ordu sıralarına böyük həvəslə gəlmişəm. Əynimdəki mundirin uzun illər xəyalını qurmuşam. Çünki doğulub boya-başa çatdığım torpaqlar yağı düşmən əlindən çox əziyyətlər çəkib. Düşmənə qarşı hər zaman intiqam hissi ilə alışıb yanmışam. Şükürlər olsun ki, qisas qiyamətə qalmadı. Qüdrətli ordumuz məkrli düşməni torpaqlarımızdan birdəfəlik qovdu. Əgər qazanılan qələbədə mənim də payım varsa, çox xoşbəxtəm. Çünki bu Qələbəni qanı ilə yazan oğullarımızı nə qədər tərifləsək, onlar haqqında nə qədər danışsaq azdır. Bu oğulları hər zaman yüksək ehtiramla anmağa borcluyuq. Bölməmizdə də tarix yazan, 44 günlük haqq savaşında şəhid olan qəhrəman oğullarımız haqqında söhbətlər təşkil olunur. Söhbətlər zamanı gənc əsgərlər ətraflı öyrənirlər ki, Azərbaycan əsgəri mətin addımlarla irəliləyərək tarix yazdı, hər kəsə sübut etdi ki, Vətən müqəddəsdir və onu qorumaq peşələrin ən şərəflisidir".
Adil kimi vətənpərvər, öz nümunəvi xidməti ilə fərqlənən, yüksək mədəni və əxlaqi keyfiyyətlərə sahib döyüşçü oğullarımızla tanış olduqca bir daha əmin oluram ki, Azərbaycan əsgəri bundan sonra da dünyada əsl qüdrət nümunəsi olacaq və hər zaman qazandığı uğurlarla ön sıralarda qərarlaşacaq.

Fuad CƏFƏROV "Azərbaycan Ordusu"