Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

23 Aprel 2022 10:59

Azərbaycan Tibb Universitetinin şəhid məzunlarının xatirəsinə ucaldılan abidənin açılışı oldu

Azərbaycan Tibb Unuversitetində Vətənimizin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən universitetin şəhid məzunlarının xatirəsinə ucaldılan möhtəşəm abidənin açılış mərasimi keçirildi.
Mərasimdə universitetin professor, müəllim, tələbə heyəti, Hərbi Tibb Fakültəsinin zabit və kursantları, Nəsimi rayon İcra Hakimiyyətinin nümayəndələri, şəhid məzunların ailələri, valideynləri, yaxın qohumları və başqa qonaqlar iştirak etdilər.
Abidənin üzərindən örtük götürüləndən sonra ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı, respublikamızın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Dövlət Himni səsləndirildi.
Tədbir iştirakçıları abidənin önünə tər qərənfillər düzdülər.
Tədbirin aparıcısı Hərbi Tibb Fakültəsinin zabiti mayor Yaqub Qasımov 44 günlük Vətən müharibəsində şəhid olan universitetin məzunlarının əziz xatirəsini əbədiləşdirmək üçün nəzərdə tutulan abidənin tikintisinə görə universitetin rəhbərliyinə hərbçilər adından təşəkkürünü bildirdi.
Azərbaycan Tibb Universitetinin rektoru professor Gəray Gəraybəyli universitetin şəhid məzunlarının xatirəsini əbədiləşdirmək üçün hazırladıqları bu abidənin yenidənqurma işlərindən sonra açılışına toplaşdıqlarını və  abidə üzərində 18 şəhidin adının həkk olunduğunu dedi. O, 2020-ci il sentyabrın 27-də başlayan, 44 gün davam edən və düşmən işğalında olan ərazilərimizin azad olunması ilə nəticələnən Vətən müharibəsini tariximizin parlaq səhifəsi, hamımızın qürur mənbəyi kimi dəyərləndirdi: "Həmin günlərdə Prezident İlham Əliyev yalnız hərb meydanında  Müzəffər sərkərdə kimi deyil, həm də diplomatik cəbhədə olduqca uğurlu fəaliyyət nümunəsi göstərdi. İnformasiya müharibəsində Azərbaycanın haqq səsi oldu, cəsarətlə bütün təzyiqlərə sinə gərdi. 44 gündə Azərbaycan Ordusu bütün dünyaya sübut etdi ki, döyüş meydanında zəfəri təkcə tanklarla deyil, həm də ağılla və sarsılmaz inamla qazanmaq olar".
Döyüşlərin iki cəbhədə getdiyini xatırladan rektor, həm düşmənlə üz-üzə aparılan ön cəbhədəki, həm də yaralıların həyatını xilas etmək uğrunda həkimlərin apardığı döyüşlərdən də söhbət açdı. Həkimlərimizin bu müharibənin hər iki cəbhəsində qalib olmağını qürur hissi ilə yada saldı: "Bu döyüşlərdə tibb işçilərindən 159 nəfər yaralandı, 42 nəfər isə torpaqlarımızın azadlığı uğrunda canından keçərək şəhidlik zirvəsinə ucaldı. Vətən müharibəsində hərbi tibb personalı öz vəzifə borcunu layiqincə yerinə yetirdi".
Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov bu nəcib addıma görə ATU-nun rəhbərliyinə minnətdarlığını bildirdi. Üzərində qəhrəman övladlarımızın adları həkk olunan bu abidənin universitet tələbələri, professor-müəllim heyəti üçün müqəddəs ziyarət yeri olacağını vurğuladı. "Şəhidlər ölmür, onların müqəddəs ruhu yaşayır", - deyən icra başçısı bütün şəhid ailələrinin qürurla, başı dik gəzmək haqqı olduğunu bildirdi: "Biz bu gün həm də ona görə qürurluyuq ki, artıq bu abidənin önündə  qəhrəman xalq olduğumuzu düşünürük. Prezident İlham Əliyev beynəlxalq tribunalardan Qarabağa qayıdacağımızı bütün dünyaya çatdırırdı. Nəhayət, xalqımız Ali Baş Komandanın və ordunun ətrafında sıx birləşərək böyük Qələbə qazandı. Bu gün o müqəddəs torpaqlarımızda azan səsini, Dövlət Himnimizi eşitmək, üçrəngli bayrağımızı dalğalandırmaq böyük fəxarətdir".
Sonda abidənin açılış mərasimində çıxış edən kapitan Şöhrət Qasımovun həyat yoldaşı Türkan Qasımzadə də öz ailəsi və bütün şəhid ailələri adından göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Müdafiə Nazirliyinə və şəhid həkimlərin xatirəsini əbədiləşdirdikləri üçün ATU-nun rəhbərliyinə təşəkkürünü bildirdi. O, Azərbaycanın 44 günlük müharibəni şəhidlərimizin canı bahasına şanlı zəfərlə başa vurduğunu dedi: "Bizim qəhrəman həkimlərimiz də bir  əlində yardım çantası, bir əlində silahla vuruşdular. Bu gün onların yoxluğu ilə barışmaq çətindir. Şəhidlərimizin vətənpərvər ruhda tərbiyə olunmasında, təbii ki, universitetin müəllimlərinin də rolu böyükdür. Mən onlara bu çətin və şərəfli yolda uğurlar arzulayıram. İnanıram ki, bundan sonra da gənclərimizi məhz vətənpərvər ruhda tərbiyə edəcək, qəhrəman şəhidlərimizi onlara tanıdacaqlar. Allah bütün şəhidlərimizə rəhmət eləsin!"

Lalə HÜSEYNOVA "Azərbaycan Ordusu"