Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

20 Aprel 2022 12:00

44 günlük uğurlu döyüşlər unudulmayacaq

Azərbaycan əsgərinin ən böyük arzusu, istəyi Ali Baş Komandanımızın verəcəyi döyüş əmri ilə Vətən torpaqlarını işğaldan azad etmək idi. Məkrli niyyətindən əl çəkməyən düşmən son zamanlar tez-tez təxribatlara əl atır, atəşkəsi pozurdu. 2020-ci il sentyabrın 27-də düşmənin layiqli cavabını verən şanlı ordumuz cəbhənin bütün istiqamətlərində işğalçıları geri çəkilməyə məcbur etdi. 44 gün davam edən əks-hücum əməliyyatında düşmən darmadağın edildi, əzəli və əbədi Vətən torpaqları öz həqiqi sahiblərinə qovuşdu. Möhkəm iradənin, sonsuz etimadın, misilsiz şücaətin vəhdəti ilə yazılan bu Zəfər salnaməsi xalqımız var olduğu müddətdə yaşayacaqdır. Bu Zəfəri öz qanı, canı, sağlamlığı hesabına xalqa bəxş edən oğullarımız Azərbaycan gəncliyi üçün qəhrəmanlıq, vətənpərvərlik nümunəsi olacaqdır.
- Məhz Azərbaycan əsgərinin sarsılmaz döyüş ruhu və yüksək mənəvi-psixoloji hazırlığı sayəsində düşmənin uzun illər möhkəmləndirdiyi sədlər qısa müddət ərzində darmadağın edildi, - deyə söhbətə başlayan mayor Teymur Qurbanəliyev fikrini davam etdirdi. - Uşaq ailənin güzgüsüdür, - deyirlər, hərbdə isə əsgər komandirinin güzgüsüdür. Əsgərin yüksək döyüş hazırlığı, möhkəm nizam-intizam, qorxmazlıq, düşmənə nifrət, xalqa sədaqət kimi müsbət keyfiyyətlərlə formalaşmasında komandir mühüm rola malikdir.
Mayor T.Qurbanəliyev 44 günlük haqq savaşında şəhid olan zabit Abakar Hacıyevdən danışdı. Dedi ki, şəhid polkovnik-leytenant Abakar Hacıyev vətənpərvər zabit, yaxşı silahdaş idi. Əsgərlərə doğma münasibətlə yanaşır, onların qayğıları ilə maraqlanırdı. Şəxsi heyətin qarşısında hər zaman haqq savaşının uzaqda olmadığını vurğulayırdı. Daim əsgərlərin yanında komandir kimi yox, onların silahdaşı kimi dayanırdı. Döyüş tapşırığı aldığı ilk gündən son nəfəsinədək əsgərlərin yanında olan zabit müqəddəs amal uğrunda canını qurban verdi, şəhidlik zirvəsinə yüksəldi... Tarixi salnaməni qanı ilə yazan oğullarımız başımızın tacıdır, onlar xalqımızın sonsuz ehtiramını qazanıblar.
Söhbət əsnasında öyrəndim ki, zabitin atası Əli Qurbanəliyev də hərbçi, Birinci Qarabağ müharibəsinin iştirakçısı olub. "Qismətimdə atamın yolunu davam etdirmək də var imiş. Atam Əli Qurbanəliyev Birinci Qarabağ müharibəsinin, mən isə İkinci Qarabağ müharibəsinin iştirakçısıyıq. Fəxr edirəm ki, müqəddəs missiyada mənim də az da olsa payım var. Döyüşlər zamanı Füzuli, Xocavənd, Cəbrayıl rayonlarında keçirilən əməliyyatlarda iştirak etmişəm. Xidmətimin ən unudulmaz günləri məhz 44 günlük Vətən müharibəsi dövrünə təsadüf edir. Biz cəbhədə olsaq da, Ali Baş Komandanımızın, xalqımızın sonsuz inamını və etimadını duyur, bu duyğunun aliliyini əsgərlərimizə izah edirdik. Komandir olaraq, əsgərləri qələbəyə kökləyirdik. Onlar da öz üzərlərindəki məsuliyyəti hiss edirdilər - işğalı sonlandırmaq, torpaqlarımızı düşməndən təmizləmək üçün gecə-gündüz düşmənə qarşı döyüşürdülər. İşğalçıya sarsıdıcı zərbələr vururdular. Azərbaycan əsgəri ona olan ümidləri layiqincə doğrultdu.
Əsgər xalqın ümid yeri, xalq isə əsgərin ilham mənbəyi idi. Bir zamanlar mənfur düşmən işğalında olan ata-baba torpaqlarımızda bu gün Azərbaycan əsgəri inamla, şərəflə xidmət edir. Şəhidlərimizin ruhu şaddır, onların valideynlərinin, övladlarının, bir sözlə, doğmalarının başı dikdir, çünki xalqımız bu qələbəni öz qanı və canı bahasına bizlərə bəxş edən övladlara sonsuz minnətdardır. 44 günlük tarix əsrlər boyu unudulmayacaq", - deyə zabit bildirdi.
Vətənimizin işğaldan azad olunması zamanı qarşıya qoyulan tapşırıqları uğurla yerinə yetirdiyinə görə mayor Qurbanəliyev Teymur Əli oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunub.

Fuad CƏFƏROV "Azərbaycan Ordusu"