Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

20 Aprel 2022 12:00

Unudulmayan qəhrəmanlar

"N" hərbi hissəsində Azərbaycanın Milli Qəhrəmanı İsgəndər Aznaurovun anım mərasimi keçirildi.
Tədbir iştirakçıları hərbi hissənin qarşısında qəhrəmana ucaldılan büstün önünə əklil qoydular, xatirəsini hörmət və ehtiramla andılar.
Mərasimdə Şəmkir rayonu, Kür qəsəbəsi İsgəndər Aznaurov adına 1 saylı orta məktəbin şagirdləri, Şəmkir Regional Mədəniyyət idarəsinin Kür qəsəbə Mədəniyyət Evinin kollektivi, ictimaiyyət nümayəndələri və hərbi hissənin şəxsi heyəti iştirak etdilər.
Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Hərbi hissənin zabiti mayor Yusif Məmmədli Milli Qəhrəmanın həyat və döyüş yolu barədə ətraflı məlumat verdi. Bildirdi ki, Axıska türkü olan İsgəndər Söhrab oğlu Aznaurov 16 avqust 1956-cı ildə Özbəkistan Respublikası Buxara vilayətinin Qala-Asiya kəndində anadan olub. 1989-cu ildə Özbəkistanın Fərqanə vadisindəki qanlı olaylardan sonra o da yüz minlərlə axıskalı kimi oranı tərk etməyə məcbur oldu və 1990-cı ildə ailəsi ilə birlikdə Azərbaycana gələrək, Kür qəsəbəsində məskunlaşdılar. 1992-ci ilin martında könüllü olaraq Azərbaycan Ordusuna qatıldı. "N" hərbi hissəsində xidmətə başladı. İsgəndər qısa müddət ərzində topçuluq məharəti, döyüş zamanı təşkilatçılıq bacarığı və peşəkarlığı ilə hər kəsin hörmət və rəğbətini qazandı. Çox keçmədən o, "topçu İsgəndər" kimi tanındı. İsgəndər Aznaurov Gədəbəy rayonunda Başkəndin erməni quldurlarından azad olunmasında, Mutudərədə, Şınıxda, Ər dağı və Ləzgi daşında, eləcə də rayonun digər strateji əhəmiyyətli ərazilərində xeyli düşmən texnikasını və canlı qüvvəsini məhv edərək böyük qəhrəmanlıqlar göstərdi. Hətta ermənilər bu şücaətlərinə görə onun başına yüksək məbləğdə vəsait də vəd ediblər.
Mayor Vüsal Quliyev çıxış edərək 2020-ci il sentyabrın 27-də Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 gün ərzində rəşadətli ordumuzun qazandığı tarixi zəfərdən söz açdı. Xalqımıza bu Böyük Qələbə sevincini yaşadanların "topçu İsgəndər" kimi qəhrəman oğullarımızın davamçıları olduğunu vurğuladı. "44 gün davam edən Vətən müharibəsində igidlərimiz Vətən uğrunda qəhrəmanlıq, şücaət göstərib, torpaqlarımızın azadlığı uğrunda şərəflə vuruşdular. Onlar qorxu bilmədən düşmən üzərinə şığıdılar. Neçəsi insan mənəviyyatının ən yüksək zirvəsinə çatdı. Hamımız üçün müqəddəs amal sayılan Ana Vətənin yolunda canını qurban edən hər bir şəhid şanlı Qələbəmizin baş qəhrəmanıdır. Birinci Qarabağ müharibəsində ərazi bütövlüyümüz uğrunda döyüşlər zamanı qəhrəmanlıqla şəhid olan Azərbaycanın Milli Qəhrəmanı İsgəndər Aznaurov da belə oğullarımızdandır. İsgəndər Aznaurov 1993-cü ilin yazında qəhrəmanlıqla şəhid oldu. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 15 yanvar 1995-ci il tarixli  262 saylı Fərmanı ilə Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütovlüyünün qorunmasında, Vətən torpaqlarının erməni işğalçılarından müdafiə edilməsində gedən döyüşlərdə qəhrəmanlıqla vuruşaraq göstərdiyi misilsiz xidmətinə görə baş leytenant Aznaurov İsgəndər Söhrab oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verildi. Onun xatirəsini daim dərin ehtiramla yad edir, qəhrəmanlıq yolunu gənc əsgərlərimizə nümunə göstəririk”.
Qarabağ Müharibəsi veteranı Nəzakət Məmmədova tədbir iştirakçılarının diqqətinə çatdırdı ki, xalqımızın qəhrəmanlıq tarixi "topçu İsgəndər" kimi oğullarımızla zəngindir. Tarixin bütün dövrlərində qəhrəman oğullarımız Vətənimiz uğrunda döyüş meydanlarında şücaət və qəhrəmanlıqları ilə iz qoyublar. Biz hər zaman dövlətimizlə, xalqımızla və qalib ordumuzla qürur duymuşuq. Həmçinin onu da əlavə etdi ki, şəhid ailələrinə, qazilərə və müharibə veteranlarına Ali Baş Komandan tərəfindən daim yüksək diqqət və qayğı göstərilir.
Sonda məktəblilər hərbi vətənpərvərlik mövzusunda şeirlər oxudu, bədii kompozisiya nümayiş etdirdilər.

Orxan HÜSEYNLİ "Azərbaycan Ordusu"