Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

20 Aprel 2022 12:00

“Layiqli vətəndaş olmağın təməli Vətən sevgisidir”

Artilleriya qurğularının dünya ordularının arsenalında özünəməxsus yeri var - dəqiq artilleriya zərbələri döyüşün gedişini dəyişmək iqtidarındadır. Artilleriya qurğusundan peşəkarcasına istifadə etmək hərbçidən yüksək bilik, fiziki hazırlıq və möhkəm iradə tələb edir. Tarixən döyüşlərdə yüksək səriştəsi ilə qələbələri təmin edən artilleriyaçılarımız olub. Əlağa Şıxlinski və Səməd bəy Mehmandarovun adları tarixlər boyunca yaşayacaq. Bu gün onların irsini layiqincə davam etdirən peşəkar artilleriyaçılarımız var. Vətən müharibəsində düşmənin başına od ələyən topçularımız tarixi ənənələrimizi layiqincə yaşatdılar. Düşmənin uzun illər ərzində yaratdığı mühəndis-istehkam qurğuları, müdafiə sədləri təcrübəli hərbçilərimiz tərəfindən məhv edildi.
Bu gün Azərbaycan Ordusunun maddi-texniki təminatının yaxşılaşdırılması, döyüş hazırlığının yüksəldilməsi prioritet məsələlərdəndir. Hərbi xidmətdə qazanılan döyüş hazırlığının mənimsənilməsinin vacib şərtləri bunlardır - intizam, vətənpərvərlik, məsuliyyət, ayıq-sayıqlıq, çalışqanlıq. Həmçinin döyüşçü yüksək mənəvi-psixoloji keyfiyyətlərə malik olmasını, Vətəninə, millətinə bağlılığını nümunəvi xidmətində əks etdirməlidir. Nümunəvi xidməti ilə seçilən əsgər komandirin əmr və tapşırıqlarını vaxtında və düzgün yerinə yetirməlidir. Belə ki, şəxsi heyətin daim döyüşə hazırolma səviyyəsini yüksək səviyyədə saxlaması üçün komandir heyətinin də peşəkar hazırlığı vacib şərtdir. Məhz peşəkar komandirin rəhbərlik etdiyi bölmənin hərbi qulluqçuları ona təhkim olunmuş silah, sursat, texnika və texniki vasitələrdən təyinatına uyğun istifadə etmək bacarığına malik olur. Onların başçılığı altında bölmələrdə təşkil olunan nəzəri və praktiki məşğələlərdə şəxsi heyət ixtisas, döyüş və atəş hazırlığı dərslərini mənimsəyir. Hərbi qulluqçularımız keçirilən müxtəlif miqyaslı təlimlərdə mənimsədikləri bilikləri uğurla tətbiq edirlər.
"Döyüş hazırlığı yüksək olanların qələbəsi mütləqdir", - deyən topçularla tanış olduq. Zabit Elçin Həsənov dedi: "Bölmədə hər bir hərbi qulluqçunun üzərinə düşən əsas tapşırıq vəzifə borcunu düzgün və lazımi səviyyədə qavramaqdır. Belə ki, verilən komandaların operativ şəkildə yerinə yetirilməsi üçün vəzifə borcunu bilmək, onu tətbiq etmək əsas şərtdir. Bunun üçün də tapşırığın icrası zamanı hər kəs bilik və bacarığını ortaya qoymalıdır. Top heyətinin xidmət müddətində təcrübəsini artırmaq üçün təşkil olunan dərs və keçirilən müxtəlif miqyaslı təlimlər önəmlidir. Qarşıya qoyulan normativlərin vaxtında və dəqiq yerinə yetirilməsi bölmənin döyüş hazırlığının əsas göstəricilərindən biridir. Artilleriya yüksək dəqiqlik tələb edən qurğu olduğundan, tələb olunan nəticələrə nail olmaq üçün keçirilən təlim və məşq proseslərinin səmərəliliyi komandirlərin diqqət mərkəzindədir. Atəş mövqeyinin tutulması, texnikanın döyüşə və səfərə hazır vəziyyətə gətirilməsi həm hərbi, həm fiziki, həm də psixoloji təcrübə tələb edir. Buna görə də şəxsi heyətin sadalanan keyfiyyətləri qoruyub saxlaması və artırması üçün komandirin üzərinə böyük vəzifə düşür. Bölməmizdəki şəxsi heyətlə söhbət zamanı milli mənlik şüurunun inkişaf etdirilməsinə, onlarda vətənpərvərlik hissinin yüksəldilməsinə də xüsusi diqqət yetirirəm. Vətənpərvərlik ən güclü silahdır. Bu silahı sinəsinə sıxaraq döyüşə atılanlar qəhrəmanlıq və fədakarlıq göstərdilər. Vətən müharibəsinin qəhrəmanlarından şəxsi heyətə tez-tez söhbət açıram. Hər kəs bilməlidir ki, bu gün rahat və firavan həyat sürə biliriksə, bunu şəhidlərimizə borcluyuq. Hazırda xidmət edən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Təbriz Həsənovun qardaşı Tofiq Həsənov da o döyüşlərdə şəhadətə yüksələn qəhrəman oğullarımızdandır".
Əsgər Təbriz Həsənovla həmsöhbət oldum.
- Gədəbəy rayonunun Cəfərli kəndində dünyaya göz açmışıq. Qardaşım məndən 2 yaş böyük idi. Babamız Səyyad Həsənov İkinci Dünya müharibəsi, əmimiz Əkbər Həsənov isə Birinci Qarabağ müharibəsi iştirakçısıdır. Biz də 44 günlük Vətən müharibəsində iştirak etdik. Qardaşım müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu baş çavuş Tofiq Həsənov Murovdağ istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucaldı. O, 44 günlük müharibənin gətirdiyi qələbənin tarixini qanı ilə yazan oğullardandır. Müxtəlif hərbi hissələrdə xidmət etsək də, ürəklərimiz döyüşlərdə bir döyünürdü. Bu gün də qəlbim Tofiqlə döyünür, gözlərim hər yerdə onu axtarır. Onu hər an yanımda hiss edir və şəhidlər ölmür kəlməsinin həqiqiliyini indi anlayıram. Şərəfli tarixin bünövrəsini qoyan və bu yolda ömrünü qurban verən oğullarımızı daim yüksək ehtiramla yad etməliyik. Təsəllimiz ondan ibarətdir ki, Azərbaycanımızın ərazi bütövlüyü uğrunda şəhid olan hər bir igidimizin qisası düşməndən alınıb, torpaqlarımız işğalçılardan təmizlənib. Bu günləri bizə bəxş edən şəhidlərimizi unutmuruq, onları daim yad edirik. Qardaşım Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə "Vətən uğrunda", "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif olunub. Vətən sağ olsun!, - əsgər Təbriz Həsənov belə dedi.
"Güclü əsgər, savadlı müəllim, təcrübəli həkim, bir sözlə, layiqli vətəndaş olmağın təməli Vətən sevgisidir" deyən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Nurlan Əmirovla söhbətləşdim. “Əgər Vətənini sevirsənsə, peşəndən, yaşından, olduğun yerdən asılı olmayaraq, bayrağının yüksəkdə dalğalanması üçün əlindən gələni əsirgəmirsən. Xalqının firavanlığını təmin edən, ərazi bütövlüyünü qoruyan onun ordusudur. Ordumuzun gücü bu gün bütün dünyaya məlumdur. Bu gün hər birimiz sinəmizdə Vətənini sevən ürək daşıyırıq. Ürəyimiz Ana Vətən üçün döyünür. Qürurluyam, qalib ordunun mundirini daşıyıram, müqəddəs amala xidmət edirəm - Vətən keşikçisiyəm. Bu gün Azərbaycan Ordusunda xidmət edən hər kəsi bir məqsəd birləşdirir - torpaqlarımızın müdafiəsi. Azərbaycan Ordusunun əsgəri kimi Vətən qarşısında müqəddəs borcumuzu ödəyirik. Torpaqlarımızı göz bəbəyi kimi qorumalı, nəsildən-nəslə ötürməliyik", - deyə əsgər bildirdi.
Əsgərlər Mirsaleh Azayev, Rəhbər Kərimov, Elşən Səfərov və Fərid Alışzadə də vətənpərvər komandirlərinin rəhbərliyi altında öz döyüş hazırlıqlarını artırdıqlarını bildirdilər. Qeyd etdilər ki, hər bir əsgər ona təhkim olunmuş artilleriya silahından istifadə etmək bacarığına malikdir və hər bir heyət nəfəri üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlməyi bacarır.
Sonda əsgərlər onu da xüsusi vurğuladılar ki, bu gün işğaldan azad olunmuş torpaqlarımızda dalğalanan üçrəngli bayrağımız onlara xüsusi könül xoşluğu bəxş edir və dərk edirlər ki, bu bayrağın dalğalanması üçün neçə-neçə igidimiz canını fəda edib. Döyüş hazırlığı və vətənpərvərlik hissi yüksək olan hərbi qulluqçularımızla söhbətləşdikdən sonra bir daha anladım ki, Azərbaycan əsgəri hər zaman qarşıya qoyulan bütün tapşırıqların öhdəsindən layiqincə gəlməyə qadirdir.

Fuad CƏFƏROV "Azərbaycan Ordusu"