Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

16 Aprel 2022 10:35

“Aprel döyüşləri - Qələbəmizin əsas müjdəçisi” adlı tədbir keçirilib

Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin kollektivinin təşkilatçılığı ilə Aprel döyüşlərinin altıncı ildönümünə həsr olunmuş "Aprel döyüşləri - Qələbəmizin əsas müjdəçisi" adlı tədbir keçirilib. Tədbirdə hərbçilər, şəhid ailələri, qazilər, Xəzər rayon Gənclər və İdman İdarəsinin əməkdaşları və başqa qonaqlar iştirak ediblər.
"Aprel döyüşləri - Qələbəmizin əsas müjdəçisi" adlı tədbir xalqımızın ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə Xəzər rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev çıxış edərək bildirib ki, belə tədbirlərin davamlı olaraq məktəblərdə, kitabxanalarda keçirilməsi çox vacibdir.  "Çünki belə tədbirlər gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə olunmasında böyük rol oynayır. Gənclərimiz Vətən, torpaq uğrunda canından keçən qəhrəmanlarımızı tanıyır, onların keçdiyi şərəfli döyüş yolları ilə tanış olurlar. Qeyd etməliyəm ki, dövlətimizin gənclər siyasətində gənc nəslin vətənpərvər ruhda tərbiyə olunması və bu istiqamətdə aparılan böyük işlər daim diqqət mərkəzində saxlanılır. Azərbaycan gəncləri hər zaman vətənpərvər ruhda tərbiyə alıb. İstər Aprel döyüşlərində, istərsə də 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canından, qanından keçən gənclərimiz bunu bir daha sübut etdilər. O gənclər ki, xalqımızın 30 ilə yaxın torpaq həsrətinə son qoydular. O gənclər ki, düşmənin ordusunu darmadağın edib tarixi torpaqlarımızı azad etdilər. Onlar üçrəngli bayrağımızı işğaldan azad edilmiş torpaqlarımıza sancdılar. Qələbə sevincini bizə yaşatdılar. Allah bütün şəhidlərimizə rəhmət eləsin!"
Daha sonra tədbir Xəzər rayon 326 nömrəli tam orta məktəbin hərbi hazırlıq müəllimi, Vətən müharibəsi iştirakçısı Şahin Hüseynovun və həmin məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Leyla Zeynallının "Qarabağ müharibəsi və tarixi" mövzusundakı çıxışları ilə davam edib.
Çıxış edən şəhid ailələri tədbirin təşkilatçılarına dərin minnətdarlıqlarını bildirərək, onlara göstərilən dövlət qayğısından danışıblar. Bildirilib ki, dövlət başçımızın diqqət və qayğısı sayəsində şəhid ailələrinin sosial şəraitinin yaxşılaşdırılması və onların problemlərinin həlli istiqamətində ardıcıl addımlar atılmaqdadır.
Vətən müharibəsi qazisi Fərahim Əmirli rəşadətli Azərbaycan Ordusunun genişmiqyaslı əks-hücum əməliyyatında əsgər və zabitlərin  qəhrəmanlıqlarından, döyüşlərlə bağlı yaddaqalan xatirələrindən, keçdiyi döyüş yolundan  danışıb.
Tədbir iştirakçıları pedaqoq, bədii qiraətçi və şəhid bacısı Müşfiqə Balaəddinqızının səsləndirdiyi "Salam Vətən" şeirini böyük maraqla dinləyiblər.
Tədbirdə Aprel şəhidləri Mahir Mirzəyev, Fəxrəddin Qurbanlı, Əbu-Bəkir İsmayılov və Rasim Məmmədovun əziz xatirəsi yad edilib,  keçdikləri şərəfli döyüş yollarından söhbət açılıb.
Sonda Vətən müharibəsi şəhidi Ramil Yusifzadənin anası Reyhan Yusifzadə şəhidlərimizin adının  daim əziz tutulmasına görə dövlət rəhbərliyinə minnətdarlığını ifadə edib, oğlu ilə bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşüb.

"Azərbaycan Ordusu"