Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

16 Aprel 2022 10:34

Şəhadətin şərəfimiz, şərəfimiz Vətəndir

Şanlı Azərbaycan Ordusu Vətən müharibəsində dünya hərb tarixinə nümunə olacaq şərəfli bir zəfər gətirdi. Belə ki, Azərbaycanın qorxmaz, cəsur övladları 30 il düşmən tapdağında olan Qarabağı 44 günə azad edərək, böyük tarixi keçmişə malik bir xalqın həsrətinə son qoydu. 17 noyabr 1990-cı ildə Lənkəran rayonunun Nüvədi kəndində dünyaya gələn Vüsal Kamran oğlu Kazımov da bu haqq savaşımızda xüsusi hünər göstərdi və canını Vətəninə fəda etməklə tarix yazdı. Bu gün Vüsal cismən aramızda olmasa da, adı Lənkəran camaatının dilində əsl övlad məhəbbəti ilə çəkilir, ürəklərdə yaşayır.
Ömrünün 30-cu ilində Vətən müharibəsinin mərdlik, qəhrəmanlıq simvoluna çevrilən Vüsal Kazımovun hər iki valideyni gənc nəslin təlim-tərbiyəsi ilə məşğul olur. Atası Kamran müəllim Lənkəran Dövlət Universitetinin dosentidir. Vüsalın anası Gülər xanım isə Lənkəran rayonunun, Yuxarı Nüvədi kənd məktəbində sinif müəllimidir. Ziyalı ailədə böyüyən, onlardan tərbiyə alan Vüsal yaşa dolduqca bütün varlığı ilə Vətəninə, xalqına bağlanır. Dəyərli və mənalı ömür yaşamaqdan ötrü 2011-ci ildə ordu sıralarına yola düşür. Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində “Ehtiyat zabit hazırlığı kursu”nu keçir. Kursu müvəffəqiyyətlə bitirdikdən sonra ön xətdə yerləşən "N" hərbi hissəsində taqım komandiri kimi Vətənin keşiyində durur. Vətənpərvərliyi, əxlaqi keyfiyyətləri, Vətənə əsl oğul məhəbbəti, millətinə bağlılığı xidmət etdiyi hərbi hissədə onun nüfuzunu artırır. Həmişə mənfur düşmən tapdağında olan Qarabağı düşünən Vüsal deyərdi: "Müqəddəs Vətən torpaqları uğrunda döyüşüb, onu işğalçılardan  azad etmək  bizim birinci borcumuzdur".
Qəlbi Qarabağı azad görmək eşqi ilə döyünən Vətən sevdalısı xidmət müddəti başa çatdıqdan sonra üzüağ doğma Lənkəran elinə qayıdır. Xidmətdən sonra yaşayıb-yaratmaq həvəsi ilə çalışan Vüsal işləməklə bərabər, həm də Lənkəran Dövlət Universitetinin qiyabi şöbəsində İqtisadiyyat və idarəetmə fakültəsinin "Mühasibat uçotu və audit" ixtisası üzrə təhsil alır. İşgüzarlığını, insanlara münasibətini nəzərə alıb, onu Lənkəran şəhər Uşaq Gənclər və İdman məktəbinin direktoru vəzifəsinə təyin edirlər. Vüsal burada gənclərin sağlam, vətənpərvər ruhda böyüməsi üçün böyük səy göstərir. Həmişə xəyalı Qarabağ torpaqlarında dolaşır, Birinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə idman yarışları keçirməklə uşaqlara qəhrəmanlıq hissləri aşılayır.
El-obada xeyirxah əməlləri ilə tanınan, Qarabağın yağı tapdağından qurtulması üçün mübarizəyə hazır olan Vüsal Vətən müharibəsi başlanan gündən Qarabağı azad etmək arzusunda olan qəhrəmanların cərgəsinə qoşulur. Baş leytenant Vüsal Kazımov Füzuli, Cəbrayıl, Xocavənd istiqamətində döyüşür. Azad olunan torpaqları gördükcə qələbəyə böyük inamla addımlayır. Şuşada müharibə meydanında şəhadətə ucalır. Vətən sevgisi Vüsala zəfər salnaməsinda əbədi yaşamaq xoşbəxtliyini bəxş edir...
Vüsalın ailəsində ondan yadigar Nuray, Aynur adında iki qız uşağı böyüyür. Onlar atalarını görməsələr də, adı çəkiləndə  həmişə fəxr edəcəklər. Atalarının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamlar ilə layiq görüldüyü "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medallarına baxanda şəhadətin şərəfimiz, şərəfimiz Vətəndir, - deyəcəklər...

Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü