Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

16 Aprel 2022 10:30

“Qələbəmi Azərbaycan idmanının qələbəsi sandım”

Mərkəzi Ordu İdman Klubunun zabiti, yunan-Roma güləşçisi Rafiq Hüseynov Macarıstanda keçirilən Avropa çempionatında qızıl medal qazanıb. Üçqat Avropa çempionu olub. Azərbaycan idmanının şərəfini ləyaqətlə qoruyub. Üçrəngli bayrağımızı ucaldıb. Bu günlərdə zabit Rafiq Hüseynovla görüşüb çempionatla bağlı təəssüratlarını öyrəndik.
- Siz dünya və üçqat Avropa çempionusunuz. Ölkəmizi beynəlxalq yarışlarda layiqincə təmsil edirsiniz. Budapeştdə keçirilən Avropa çempionatında rəqiblərinizi üstələyərək qızıl medal qazandınız. Qələbənizlə xalqımızı sevindirdiniz. Yəqin ki, Avropa çempionatına qələbə əzmi ilə, çempion olmaq arzusu ilə getmişdiniz.

- İştirakçısı olduğum bütün yarışlarda ölkəmizin idman şərəfini layiqincə qorumağa çalışıram. Çalışıram ki, çempionatlarda uğur qazanım, medallara sahib olum. Uğurlarımla, qələbələrimlə xalqımızı sevindirim. İdmançı həmişə tatami üzərinə  qələbə qazanmaq arzusu ilə çıxır. Budapeştə gedəndə hədəfim  Avropa çempionu olmaq idi. Dünya çempionu titulumdan sonra qitə yarışlarında da bu uğurumu təkrarlamaq istəyirdim. Məqsədimə çatmaq üçün bütün güc və bacarığımı ortaya qoyub mübarizə aparırdım. Onu da nəzərinizə çatdırım ki, çempionata iki ay qalmış həm xarici ölkələrdə, həm də doğma Azərbaycanımızda təlim-məşq toplantıları keçmişdik. Bu da yarışların gedişinə müsbət təsir göstərməliydi. İlk qarşılaşmam çexiyalı idmançı Petr Novaki ilə oldu. Onu 5:1 hesabı ilə üstələdim. Daha sonra moldavalı və macar güləşçilərlə üz-üzə gəldim. Hər iki görüşdən qələbə ilə ayrıldım. Final mərhələsində gürcü idmançı Sela Bolkvadze ilə qarşılaşdım. Artıq çempionluğun bir addımlığında idim. Mütləq qələbə qazanmalı idim. Gərgin mübarizə şəraitində keçən finalda rəqibimə 2:1 hesabı ilə qalib gələrək Avropa çempionu oldum. Arzuma çatdım, istəyimə qovuşdum. Qələbələrimlə xalqımızı sevindirdiyim üçün çox məmnunam.
Bu yarış mənim üçün ona görə yaddaqalan və fərqli oldu ki, bu titul həyatımda üçüncü Avropa çempionluğum idi. Bildiyiniz kimi, idman tariximizdə yunan-Roma güləşi üzrə üçqat Avropa çempionu yoxdu. Bu çempionatda mən ilk rekorda imza atdım. Təkcə mən yox, bütövlükdə komandamız bu çempionatda böyük uğurlar qazandı. İdman tariximizdə ilk dəfə olaraq ölkəmizin yunan-Roma güləşi üzrə komandamız Avropa çempionu oldu. Əlbəttə, bu ölkəmiz üçün böyük uğur idi.
- Macarıstanda keçirilən Avropa çempionatı sizin üçün necə yadda qaldı?
- İnsan həyatında əlamətdar hadisələr çox olur. Mənim üçün Budapeştdə keçirilən Avropa çempionatı da ömrüm boyu xatırlanan bir hadisə olacaq. Çünki bu çempionatda qızıl medal qazanaraq üçqat Avropa çempionu oldum. Çoxdan bəri arzusunda olduğum bir zirvəni fəth etdim. Bu çempionat yaddaşımda həmişə qürur duyulası xatirə kimi qalacaq.
- Avropa çempionu adını qazananda hansı hissləri keçirdiniz?
- Rəqibimi üstələyib qızıl medal qazanan anlarda xoş hisslər keçirdim. Qələbəmi Azərbaycan idmanının qələbəsi sandım. Xalqımıza bu sevinci bəxş etdiyimə görə çox xoşbəxtəm. Həmin anlarda sevinc və üçqat Avropa çempionu adını qazanmağın qürurunu, həyatımın ən xoş anlarını yaşadım.
- Macarıstandan qayıtdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çempionatda fərqlənən, medallar qazanan idmançılarla görüşdü. Həmin görüşdə siz də iştirak edirdiniz. Bu görüş barədə fikirlərinizi bilmək istərdik.
- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin idmançılarla görüşdə səmimi söhbət etməsi ölkəmizdə idmana və idmançıya göstərilən diqqət və qayğının göstəricisidir. Möhtərəm Prezidentimiz idmançıların hamısını demək olar ki, yaxından tanıyır. Bu tarixi görüşümüz maraqlı və yaddaqalan oldu. Hər addımda dövlət başçısının diqqət və qayğısını hiss edirik. Düşünürəm ki, növbəti yarışlarda qələbələrimiz daha möhtəşəm olacaq. Prezidentimiz İlham Əliyevlə ilk görüşümüz deyildi. 2015-ci ildə komanda halında dünya kubokunu qazananda da bizlərlə görüşmüş, uğurlarımızı qiymətləndirmiş, ünvanımıza xoş sözlər demişdi.
- Bu günlərdə müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev də sizinlə görüşdü. Macarıstanda keçirilən güləş üzrə çempionatda qızıl medal qazandığınıza görə sizi təbrik etdi, qarşıdakı yarışlarda uğurlar arzuladı. Qazandığınız uğurlara görə müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə sizə vaxtından əvvəl  növbəti "kapitan" rütbəsini təqdim etdi. Yəqin ki, sizə göstərilən bu diqqət və qayğı yeni qələbələr qazanmağınıza təkan verəcək.
- Bu görüş yaddaqalan oldu. İdmançılara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, müdafiə naziri general-polkovnik Zakir Həsənova, Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevə öz minnətdarlığımı bildirirəm. Təbiidir ki, bütün bunlar biz idmançıları yeni-yeni qələbələrə ruhlandırır.
- Bu gün yenə də məşq edir, növbəti yarışlara hazırlaşırsınız. Yəqin ki, xalqımızı yeni-yeni qələbələrinizlə sevindirəcəksiniz.

- İdmançı döyüşçü kimidir. O, daim döyüşə, mübarizəyə hazır olmalıdır. Uğurlara, zəfərlərə gedən yol gərgin təlim-məşq toplantılarından keçir. Bu ilin iyununda dünya reytinq turniri keçiriləcək. Avqustda isə İslam Həmrəylik Oyunlarında iştirak edəcəyik. Sentyabrda isə dünya çempionatının keçirilməsi gözlənilir. İdmançılarımız üçün ən önəmlisi dünya kuboku yarışlarıdır. Bu yarışlar ölkəmizdə keçiriləcək. Dünya kubokunda yarışların komanda şəklində keçirilməsi hər bir idmançının məsuliyyətini daha da artırır. Bir idmançı olaraq daim məşq edir, fiziki hazırlığımı artırıram. Çalışıram ki, Azərbaycan idmanını beynəlxalq yarışlarda layiqincə təmsil edim, xalqımızı yeni uğurlarımla sevindirim.
Şuşada, Kəlbəcərdə, Laçında, bütöv Qarabağda yüksələn bayrağımızı idman arenalarında ən yüksək pilləyə qaldırım.

Vahid MƏHƏRRƏMOV "Azərbaycan Ordusu"