Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

16 Aprel 2022 10:27

“Vətən torpağını qorumaq müqəddəs borcumuzdur”

Hər dövlətin ərazi bütövlüyünün, təhlükəsizliyinin qarantı güclü ordusudur. Xalq ordunun ordu xalqın dayağıdırsa, onda dövlətin qüdrəti, özünümüdafiə bacarığı daha da yüksəkdir. Bu gün Azərbaycan əsgəri Vətənə və xalqa sədaqətli xidməti ilə öz övladlıq missiyasını layiqincə yerinə yetirir. Əbəs yerə deyilməyir: "Vətəni qorumaq - onun varlığı üçün hər şeyini qurban verməkdir".
Xalq öz qəhrəmanları ilə tanınar. Azərbaycan xalqının belə qəhrəmanları minlərlədir. İgid oğullarımız var olduğu müddətcə Azərbaycanımız var olacaq, Vətənimiz yaşayacaq. Birinci Qarabağ müharibəsi, Aprel döyüşləri, Tovuz (İyul) döyüşləri və nəhayət, 44 günlük Vətən müharibəsində öz qanı ilə tarix yazan oğullarımız var. Onların hər biri gənclərimiz üçün əsl vətənpərvərlik nümunəsidir. Şəhidlərimiz, qazilərimiz Zəfər tarixinin qəhrəmanları olaraq daim diqqət mərkəzindədirlər. Onları ehtiramla yad etmək, hörmətlə anmaq və gənc nəslə tanıtmaq bu gün qədirbilən Azərbaycan xalqının qarşısında duran əsas vətəndaşlıq borcudur.
Bugünkü Vətən müdafiəçisi olan cəsur əsgərlərimizlə görüşə tələsirik. Getdiyimiz mövqe dağlıq ərazidədir. Mayor Sərxan Bayramovun Vətən müharibəsi ilə bağlı söhbətləri və dağların gözoxşayan gözəlliyi yolun uzunluğunu qətiyyən hiss etdirmir. Üfüqdə görünən zirvələr artıq əl uzatsan, çata biləcək məsafədədir. Yaz fəslinin olmasına baxmayaraq, 2000 metrdən çox yüksəklikdə xidmət edən oğullarımızın yanına qalxdıqca havada qışın soyuğunu hiss edirik. Zabit deyir ki, buranın iqlimi sərtdir. “Soyuğuna dözmək çətindir. Lakin bizim əsgəri belə çətinliklər əsla qorxutmur. Azərbaycan əsgərinin qəlbini isidən əsas amil Vətən sevgisidir. Məhz bu sevginin nəticəsi idi ki, Azərbaycan əsgəri 44 günə tarix yazdı, ruhumuzun ocağına çevrilən Qarabağı azad etdi. Bu böyük tarixdir və hər birimiz bu tarixi layiqincə yaşatmağa borcluyuq”.
Bir azdan görüşəcəyimiz əsgərlər də qalib Azərbaycan Ordusunun əsgəri adını daşımaqdan qürur hissi keçirirlər. Onların bir amalı var - Vətəni müdafiə etmək. Çünki Vətəni qorumaq xalqın firavanlığını təmin etmək deməkdir.
Mənzil başına çatırıq. Zabit Elvin Ağakişiyev deyir ki, Vətən səngərdən başlayır. “Vətən torpağını qorumaq müqəddəs borcumuzdur. Bu gün bölməmizdə olan yüksək əhval-ruhiyyənin başlıca səbəbi Vətən hüdudlarında xidmətdə olmağımızdır.
Şəxsi heyəti bacarıqlı döyüşçü kimi yetişdirmək üçün komandir heyəti olaraq, əlimizdən gələni əsirgəmirik. Həmçinin hərbi qulluqçularımız üçün bölməmizdə yaradılan sosial-məişət şəraitinin yüksək səviyyədə olması əsgərlərimizin xidmətinin lazımi səviyyədə təşkil edilməsində başlıca rol oynayır. Bundan başqa şəxsi heyətin qayğıları ilə daim maraqlanmaq və həlli yolunda müvafiq addımlar atmaq da əsas prioritet istiqamətlərdəndir ki, bunlar da hərbi qulluqçulara əlavə stimul verməklə onların mənəvi-psixoloji hazırlıqlarına müsbət təsir edir.
Bölməmizin əsgərləri səngərdə xidmət etməyin ümdəliyini, Vətən torpağını qorumaq missiyasının aliliyini dərindən dərk edərək gecə-gündüz xidmətdədirlər. Qarşımızda duran mənfur düşmən  ara-sıra təxribatlara əl atsa da, cavab atəşi ilə susdurulur. Onları susduran, qorxuya salan hər bir əsgər mənim üçün ayrı-ayrılıqda qəhrəmandır. Çünki Vətən müdafiəsinin ən ön sıralarında dayanıblar. Qarşımızdakı öz məkrli niyyəti ilə bizlərə yaxşı tanış olan erməni əsgəridir. Əsgərlərimiz dərk edirlər ki, düşmən tərəfi nəzarətsiz buraxmaq olmaz”.
Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Həsən Həsənov Vətəni qorumaq vətənpərvərlikdən irəli gələn bir duyğudur deyərək Azərbaycan əsgərinin 44 günlük Vətən müharibəsində yazdığı zəfər salnaməsindən söz açır. "Vətən sevgisi hər bir vətəndaş üçün ən ülvi hissdir. Bu hissi sözlərlə ifadə etmək çətin, misralara, cümlələrə sığdırmaq mümkünsüzdür. Onu gərək qəlbən hiss edəsən. Doğulub boya-başa çatdığımız torpaq ata-babalarımızın bizlərə əmanətidi. Ona görə də Vətənimizi “ana torpaq” adlandırır, ona canımız və qanımızla bağlı oluruq. Dağda Vətən keşiyi çəkən komandirlərlə və vətənpərvər oğullarla bir sırada dayanmaq qürurvericidir. Özüm bu torpaqlarda böyüyüb boy atmışam, buranın suyunu içmişəm, havasını udmuşam. Unutmamalıyıq ki, üzərində gəzdiyimiz bu torpaqların hər qarışı uğrunda əcdadlarımız canını və qanını əsirgəməyiblər. 2020-ci ilin sentyabrında başlayan və 44 gün davam edən haqq savaşı ilə bir zamanlar işğalda olan tarixi torpaqlarımızda üçrəngli bayrağımız dalğalanır, quruculuq və bərpa işləri görülür. Qazanılan şanlı qələbə Azərbaycan Ordusunun gücünü, xalqın birliyini bir daha dünyaya nümayiş etdirdi. Böyük Qələbə göstərdi ki, Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan heç zaman öz tarixi yurdunun işğalda qalması faktı ilə barışa bilməz, barışmadı da. Azərbaycan əsgərinin mətin addımlarla irəliləyərək yazdığı tarixi salnamə illər boyu unudulmayacaq. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin dediyi kimi: “Eşq olsun, Azərbaycan Ordusuna, yaşasın Azərbaycan!” Qoy hər kəs bilsin ki, Müzəffər Ali Baş Komandanımızın və xalqımızın bizlərə olan etimadını layiqincə doğrultmaq üçün gecə-gündüz torpaqlarımızı göz bəbəyimiz kimi müdafiə edirik".
Əsgər Mahmud Əhmədov döyüş növbətçiliyindən yenicə qayıtmışdı. Ondan dağlıq ərazidə, zirvələrdə xidmət etmənin necə bir hiss olduğunu soruşuram. "Vətən torpağının başladığı zirvədəyəm. Zirvələr hər zaman əsl döyüşçülərin məkanı olub. Burada komandirlərimiz "Murov qartalı" Raquf Orucovdan tez-tez bəhs edirlər. Onun göstərdiyi şücaətdən, komandirlik keyfiyyətlərindən, Vətən sevgisindən ağızdolusu danışırlar. Mən də unudulmaz komandir Raquf Orucovun bugünkü davamçısı olaraq torpağımı sevirəm, Vətənimə bağlıyam və onun üçün can almağa və can verməyə də hər an hazıram. Məmləkətimiz hər zaman qəhrəmanlar yetişdirib. Vətənimizin bütövlüyü, ölkəmizin müstəqilliyi uğrunda neçə canlar qurban gedib. Vətən uğrunda can fəda etmək - şəhid olmaqdır, şəhidlik isə zirvələrin ən alisidir".
Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Həsən Həsənov ilə birlikdə müşahidədən qayıdan əsgərə yaxınlaşırıq. "Mən əsgər Elnur Abışov əslən Yevlax rayonundanam. Bu gün  Vətənin müdafiəsində dayanan polad əsgərlərdən biri olaraq, əynimdə qalib ordunun mundirini daşımaqdan fəxarət hissi keçirirəm. Vətəni qorumaq həm vətəndaşlıq, həm də övladlıq borcumuzdur. Düşmən bəzən təxribatlara əl atsa da, hər birimiz ayıq-sayıqlıq nümayiş etdirir, onların cavabını gecikmədən veririk. Hər birimiz yüksək əhval-ruhiyyə ilə Vətənə xidmət edirik".
Digər əsgərlər İbrahim Ağabəyli, Rəvan Allahverdiyev də qayğıkeş komandirlərinin göstərdiyi isti münasibətdən, Vətən sevgisinin vacibliyindən danışırlar. Onların hər birinin fikrini öyrəndikcə anlayıram ki, bu gün zirvələrimizin fatehləri sayəsində yüksəkliklərimiz göz bəbəyi kimi qorunur. Belə vətənpərvər və  cəsur oğullarımız var olduğu müddətcə torpaqlarımızın bütövlüyü daim qorunacaq.

Fuad CƏFƏROV "Azərbaycan Ordusu"