Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

9 Aprel 2022 12:55

“Şəxsi heyətin sağlamlığı diqqət mərkəzindədir”

Azərbaycan Ordusunun parlaq qələbə qazanaraq ərazi bütövlüyümüzü bərpa etdiyi Vətən müharibəsi xalqın yaddaşında əbədiləşdi. Əsrlər sonra da gələcək nəsillər üçün qürurverici zəfər qazanan ordumuz gündən-günə daha da güclənir. Aparılan uğurlu islahatlar nəticəsində Azərbaycan Ordusunun döyüş hazırlığı, maddi-texniki təminatı və hərbi qulluqçuların sosial şəraiti, habelə hərbi səhiyyə strukturu təkmilləşir.
"N" hərbi hissəsində yenicə təmirdən çıxmış tibb məntəqəsi ən müasir avadanlıqlarla təchiz olunub. Otaqların işıqlı və səliqə-sahmanlı olması diqqətimizi cəlb edir.
Məntəqə ilə bizi tanış edən tibb xidməti leytenantı İbrahim Heydərli əsgərlərin stasionar müalicə alması üçün bütün lazımi şəraitin olduğunu qeyd etdi.
Söhbət əsnasında öyrəndik ki, İbrahimin uşaqlıqdan arzusu həkim kimi insanların sağlamlığını qorumaq olub. Zabit Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsinin məzunudur. Suqovuşanın işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarında igidlik göstərdiyinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən tibb xidməti leytenantı Heydərli İbrahim Bəylər oğlu "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.
"Kiçik yaşlarımdan ermənilərin xalqımıza qarşı insanlığa sığmayan vəhşilikləri haqqında yazılanları kütləvi informasiya vasitələrindən izləyirdim. Söz vermişdim ki, torpaqlarımızın mənfurlardan təmizlənməsi uğrunda əlimdən gələni edəcəyəm. 2020-ci il sentyabrın 27-də düşmənin bütün cəbhə boyu törətdiyi genişmiqyaslı təxribatlar səbrimizin son nöqtəsi oldu. Ali Baş Komandanın döyüş əmri ilə başlanan əks-hücum əməliyyatları hərb tariximizə yeni səhifə kimi yazıldı. Haqq savaşında qazanılan Qələbə Müzəffər Ali Baş Komandanımızın, rəşadətli Azərbaycan Ordusunun, həmrəy və qüdrətli Azərbaycan xalqının qələbəsi idi", - zabit dedi.
Daha sonra tibb xidməti leytenantı İ.Heydərli bildirdi ki, insanın sağlamlığı onun üçün hər şeydən önəmlidir. “Ordumuzda şəxsi heyətin sağlamlığı həmişə diqqət mərkəzində saxlanılır. Əlimizdən gələni edirik ki, hərbçilərimiz sağlam və möhkəm olsunlar. Bunun üçün zəruri tədbirlər həyata keçiririk. Şəxsi gigiyena və mövsümi xəstəliklərlə bağlı maarifləndirici söhbətlər aparılır. Səhhətindən şikayəti olan əsgərlər dərhal tibb məntəqəsinə çatdırılırlar. İlkin tibbi yardım göstərildikdən sonra stasionar müalicəyə alınır və ya ehtiyac olarsa, hospitala yerləşdirilir”.
Məntəqədə müayinə olunan əsgər Cahangir Abdullayev ilə həmsöhbət olduq. Əsgər bildirdi ki, həkimlər və tibb heyəti hər zaman qayğıkeş və diqqətlidirlər. Xidmətə yenicə başladığımdan ilk dəfədir ki, tibb məntəqəsinə müraciət edirəm. Əsgərlərə göstərilən diqqət və qayğıdan çox razıyıq.
Gördüklərimizdən bir daha əmin olduq ki, Azərbaycan Ordusunun hərbi hissələrində tibb heyəti vəzifələrini layiqincə yerinə yetirir. Müraciət edən hərbi qulluqçulara qayğı və diqqət göstərilir.

İbrahim MƏMMƏDBƏYOV "Azərbaycan Ordusu"