Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

9 Aprel 2022 12:55

“Aprel döyüşləri yaddaşınızda necə qalıb?”...

Tarixi hadisələr heç zaman unudulmur. Vətəndaşlıq borcunun məsuliyyətlə, sevgilərlə yerinə yetirilməsinin nəticəsi kimi tarixdə, yaddaşlarda yaşadılır - yaşayır. Qürurla xatırlanan (və yaşadılan!) tarix xalqın, millətin, dövlətin, dövlətçiliyin tarixi kimi hər bir vətəndaşın ömrünün işığına dönür, yaşayanda ayların, illərin, son nəfəsindən sonra ruhunun səyyarəsinin bir hissəsi olaraq yaşadılır.
Aprel döyüşlərində Lələtəpə, Bayraqtəpə kimi əhəmiyyətli yüksəkliklər də daxil olmaqla, 2000 hektardan çox ərazi işğaldan azad edildi. Xalq bu qələbənin sevincini Böyük Qələbənin başlanğıcının sevinci kimi yaşadı...
2016-cı ilin aprelində qazanılan qələbə inamın qələbəsiydi - bu inam Zəfərlə tamamlanacaq döyüş əzmiydi, qələbə ruhuydu, Ali Baş Komandanın döyüş əmrinin ilk əsgəriydi...
Bu günün əsgərləri onda məktəbliydi.
Bir marağın cəfakeşi kimi indi hərbi xidmətdə olan hərbi qulluqçulardan soruşduq: "Aprel döyüşləri yaddaşınızda necə qalıb?"...
Kapitan Asim Tapdıqov:
- Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində oxuyanda şəhidliyə, şəhidlərə həsr olunmuş vətənpərvərlik tədbirində deyilənlər düşüncələrimizi kükrətmişdi. Oradan birbaşa döyüşməyə, şəhidlərimizin qisasını almağa getməyə meyillənmişdik. Komandirimiz nə düşündüyümüzü duyunca bir qədər qürurla, bir qədər kövrəkliklə dedi ki, ən böyük qisasımız torpaqlarımızın işğaldan azad edilməsi olacaq. Hamımız o günün tezləşməsini arzulayırdıq.
2016-cı ilin Aprel döyüşlərində bizim hərbi hissə də döyüşlərə cəlb olunmuşdu. O döyüşlərdə mən də iştirak edirdim. Batareyamız təyin olunan yerdə mövqelənmişdi. Verilən döyüş tapşırığına əsasən, biz düşmənin Cəbrayıl istiqamətindəki mövqelə-rini artilleriya atəşinə tutmalı idik. İlk atışın vaxtı əlavə olaraq bildiriləcəkdi. Onda anlar elə bil ləng ötüşürdü. Gecə yarı atışa başladıq. Az sonra məlumat aldıq ki, düşmənin həmin istiqamətdə iri cəmləşmə məntəqəsi darmadağın edilib, xeyli canlı qüvvəsi, üç döyüş texnikası, hərbi sursatla dolu yük maşını sıradan çıxarılıb. İri sahədə yanğın müşahidə edilib. Bu atış düşmənin irəliləməsinin qarşısını aldı. Düşmən dayanmağa məcbur oldu, müvəqqəti də olsa döyüşü dayandırdı. Bu müddət ərzində ordu hissələrimiz əlverişli döyüş mövqeləri tutdular...
Hərbi hissəmizə yeni əsgərlər gəlir, hərbi ixtisaslara yiyələnirlər. Bu, öz yerində. Onlar hərbi xidmətdə həm də mətinləşirlər ki, buna vətənpərvərlik mövzusunda söhbətlərin, eləcə də 2016-ci ilin Aprel döyüşləri, həmin döyüşlərdə qazanılan qələbələr haqqında təəssüratların da təsiri az deyil.
Qürurlanıram ki, mən də həmin döyüşlərin iştirakçısı olmuşam, həmin döyüşləri Zəfərlə tamamlayan Vətən müharibəsində iştirak etmişəm.
Əsgər Anar Quliyev:
- Onda məktəbdə oxuyurdum. Döyüşlər başlayan gün atamı xeyli qayğılı gördüm. Əmim bizdəydi. Nə haqdasa narahatlıqla danışırdılar. Müharibə, döyüş, şəhid nəğmələrini eşidəndə onların söhbətini dinləməyi qərara aldım. Öyrəndim ki, ordu hissələrimiz Ermənistan silahlı birləşmələrinin qəfil hücumunun qarşısını qətiyyətlə alıb. Həmin anlarda atamın da, əmimin də dediklərini heç zaman unutmaram: döyüşlərə getmək üçün sabah hərbi komissarlığa müraciət edəcəm...
Sonralar bildim ki, belə söhbətlər çox ailələrdə olub, çox atalar, əmilər belə düşünüb.
Əsgər Abbasəli Osmanov:
- Hər gün televiziyada döyüşlərin gedişini maraqla izləyirdik. Ordumuzun mövqe qələbələri bizi də qürurlandırırdı. Bizə elə gəlirdi ki, döyüşçülərin hər biri qardaşımızdı. Qardaşlarımızın qəhrəmanlığıyla qürurlanırdıq. O vaxta kimi biz də dava-dava oynayırdıq. Aprel döyüşlərində bu oyunumuz daha gözəliydi - biz də düşmən üstünə şığıyırdıq, hərdən əlbəyaxa da olurduq. Danlansaq da, bu oyunlarımızdan əl çəkmirdik. Sinif yoldaşım Kərəm deyirdi ki, biz  də belə əsgərləşirik. Yəni, Aprel döyüşləri şagirdləri də əsgərləşdirmişdi.
Əsgər Elvin Cəfərov:
- Şagird olsaq da, özümüzü döyüşlərdə hiss edirdik. Bir dəfə söhbət zamanı bu haqda danışanda komandirimiz qürurla dedi ki, belə duyğularla böyüyən çağırışçılar, əlbəttə ki, yaxşı əsgər olmalıydı. Aprel döyüşlərində sizin kimi düşünən çağırışçılar Vətən müharibəsində mərdliklə, qəhrəmanlıqla döyüşdülər. Biz qəhrəmanlarla müqayisə edildiyimizə görə qürurlandıq. Bu qüruru bizə 2016-cı ilin Aprel döyüşləri, Vətən müharibəsi yaşatmışdı. Aprel döyüşlərində  qazanılan qələbəylə qürurlandıq, Vətən müharibəsində qazanılan Zəfərlə qürurlandıq...
Əsgər Abbasəli Osmanov:
- Elvinin dediklərini o vaxtlar hamımız yaşamışıq. 2016-cı ilin Aprel döyüşləri başlayanda evdə də, məktəbdə də, yollarda da hamı bu haqda danışırdı. Nə gizlədim, döyüşlər gedən müd-dətdə dərsləri hazırlamağa marağımız xeyli azalmışdı. Məktəbdə istəyirdik ki, ancaq müəllimimiz danışsın, dərsdən yox, döyüşlərdən danışsın, döyüşlərin bizə məlum olmayan tərəflərindən danışsın. Xahiş edirdik, danışırdı. Bir gün müəllimimiz dərsə gəlmədi. Səhərisi gün bildik ki, hərbi komissarlığa gedibmiş, döyüşlərdə iştirak etmək xahişi ilə. Aparmayıblar, "Ehtiyac yoxdu, sağ ol", - minnətdarlığıyla məktəbə yola salıblar. Bizim belə müəllimlərimiz olub.
Əsgər Anar Quliyev:
- Aprel döyüşlərində, Vətən müharibəsində yaşımızın azlığına görə iştirak edə bilmədik. O döyüşlərdə iştirak edənlərin qazandığı qələbə bizə böyük sevinc, qürur yaşatdı. O sevinci, o qüruru Vətən müharibəsinə kimi gözlərimizin nuru bildik. Vətən müharibəsi bu nuru daha da artırırdı. Torpaqlarımızın işğaldan azad edilməsi ilə nəticələnən Zəfəri biz də 2016-cı ilin Aprel döyüşlərinin davamı bilirik…
Əsgər Elman Əliyev:
- 2016-cı ilin Aprel döyüşlərində şagird olanlar indi əsgərdir. Yəni, o döyüşləri tam təfərrüatı ilə xatırlaya bilmərik. Ancaq bizə böyük sevinc yaşadan eşitdiklərimizi heç zaman unutmarıq.
Döyüşlərdən bir neçə ay əvvəl tərxis edilmiş qonşumuzun təəssüfünü də unutmaram. Qonşumuz bir neçə ay gec tərxis edilmədiyinə təəssüflənirdi. "Kaş bir qədər gec tərxis ediləydim, döyüşlərdə mən də iştirak edəydim”. O, bu təəssüfü Vətən müharibəsinə kimi yaşadı, Vətən müharibəsində səfərbərliklə döyüşlərə cəlb olundu. O da qətiyyətlə döyüşdü, 2016-cı ildə yaşadığı təəssüfü Vətən müharibəsində unutdu.
 Əsgər Abbasəli Osmanov:
 - Orta məktəbi bitirəndə sinif rəhbərimiz hamımızı səmimiyyətlə təbrik etdi. Onda neçə il əvvəl Aprel döyüşlərinə həsr olunmuş tədbirdə dediklərini xatırlatdı: "Bir neçə ildən sonra siz də çağırışçı olacaqsınız. Aprel döyüşlərində qazanılan qələbənin gerçək dəyərini onda daha əhatəli dərk edəcəksiniz. Həmin gün sizə bir sual verəcəm: "Yolunuz hayanadır?". Sinif rəhbərimiz ani olaraq susdu. Sonra suala hamımızın əvəzindən özü cavab verdi: Yolunuz Vətən hara çağıracaqsa, oradır. Mən bu düşüncənizlə qürur duyuram. Onda bizə bu etimadına, bu inamına görə sinif rəhbərimizi uşaq kimi dövrələdik…
Kapitan Asim Tapdıqov:
- Yəni,  sizi sinif rəhbərinizlə bu səviyyədə Aprel döyüşlərində qazanılan qələbə doğmalaşdırmışdı, eləmi? Belə səmimi söhbətlər münasibətlərin ruhunu müəyyənləşdirir.
Əsgər Abbasəli Osmanov:
- Bəli. 2016-cı ilin Aprel döyüşlərində qazanılan Qələbə həm də buna görə müqəddəs qələbə kimi yaşayacaq, yaşadılacaq.
Əsgər  Anar Quliyev:
- Aprel döyüşlərində aşağı siniflərdə oxuyurduq. Vətən müharibəsində orta məktəbi bitirməmişdik. Hər ikisinin həyəcanını da, sevincini də  döyüşlərdən uzaqda yaşadıq. 2016-cı il aprelin 5-də də, 2020-ci il noyabrın 9-da da ürəyimiz sevincimizə darlıq edirdi. Hər ikisində döyüşlər vaxtı tənəffüslərdə döyüşlərdən, qazanılan mövqe qələbələrindən danışırdıq. Nə gizlədim, dərslərimizi o qədər də maraqla oxumurduq. Sonralar anladıq ki, o döyüşlər vətənpərvərlik, vətənsevərlik dərsinin döyüşləri olduğuna görə əlimiz kitab-dəftərə yatmırmış. Aprel döyüşlərində müəllimimiz general-mayor Polad Həşimovdan (həmin vaxtlar polkovnik idi), polkovnik Şükür Həmidovdan, gizir Tahir Misirxanovdan, onlarla digər qəhrəmanlardan, onların döyüşlərindən, qazanılan mövqe qələbələrindən danışırdı. O qədər sevgilərlə, o qədər qürurla danışırdı ki. Biz özümüzü Aprel döyüşlərinin iştirakçısı bilirdik. Yaşımız imkan versəydi, bəlkə də oradan birbaşa döyüşlərə gedərdik.
Əsgər Elman Əliyev:
- Həqiqətən, o günləri bu duyğularla yaşadıq. Qələbə qazanıldı. Hamı kimi qələbə bizi də qürurlandırdı. Yaşımız çox olmasa da, sevincimiz böyüklərin sevincindən geri qalmırdı. Qürurlanırdıq ki, güclü ordumuz var. Bu qürura görə daha tez böyüməyi, daha tez çağırışçı olmağı, hərbi xidmətə daha tez getməyi arzulayırdıq.
Əsgər Abbasəli Osmanov:
- 2016-cı il aprelin 5-ni məktəbliyə xas olan sevinclə yaşadıq, 2020-ci il noyabrın 9-nu sonuncu sinif şagirdinə xas olan sevinclə.
Əsgər Anar Quliyev:
- Hər ikisini həmişə qürurla xatırlayacağıq. Qürurlanırıq ki, xalqımıza, xalqımızı sevənlərə, məmləkətimizə belə sevinclər yaşadan ordunun əsgəriyik…
2016-cı ilin Aprel döyüşləri tarixdir. Azərbaycan Ordusunun qələbəsinin tarixi, Azərbaycan əsgərinin işğalın sonu olmayacağı gerçəkliyini təsdiqlədiyi tarix. Bu tarix 2020-ci ilin payızında daha böyük coşqu yaratdı. Bu coşqu Vətən müharibəsinin coşqusu idi. Azərbaycançılığın erməniliklə döyüşlərinin başlanmasının coşqusu idi, erməniliyin illərlə yaratdığı, möhkəmləndirdiyi, yenilədiyi sədlərin dağıdılması əmrinin yerinə yetirilməsinin coşqusu idi, ruhun əsgərləşməsinin coşqusu idi, ...
Əsgərlər hər iki tarixin mahiyyətinə vətənsevərlik deyirlər. 2016-cı ilin Aprel döyüşlərinin 6-cı ilində əsgərlərin belə düşüncələriylə də qürurlanırıq: Hər iki Qələbə ruhumuzun qələbəsidir!
 
Rəşid HÜSEYNOV, Vahid MƏHƏRRƏMOV "Azərbaycan Ordusu"