Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

9 Aprel 2022 12:55

“Yüksək döyüş hazırlığı Qələbənin təminatçısıdır”

- “N” hərbi hissəsinin şəxsi heyəti İkinci Qarabağ müharibəsində cəsarətlə vuruşdu. Zabit və əsgərlərimiz əks-hücum əməliyyatları zamanı nə qədər çətin olsa da, üzərlərinə düşən döyüş tapşırıqlarının öhdəsindən bacarıqla gəldilər, - deyə polkovnik-leytenant Vüqar Tağıyev bizimlə söhbətə başladı. - Onlar yurdumuzun azadlığı uğrunda gedən əməliyyatlar zamanı dəqiq atəş zərbələri ilə erməni qəsbkarlarının onlarla zirehli texnikasını və canlı qüvvəsini məhv etdilər. Döyüşlərdə böyük hünər və rəşadət göstərdilər. Düşməni addım-addım torpaqlarımızdan qovdular. İşğalçılar hərbçilərimizin güclü əks-hücumları qarşısında aciz və gücsüz qaldılar. 30 ilə yaxın işğalda qalmış torpaqlarımız azad olundu. Hərbi qulluqçuların Vətən müharibəsində göstərdiyi igidlik və qəhrəmanlıq bir daha sübut etdi ki, şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığı yüksək səviyyədədir. Buna baxmayaraq, mütəmadi olaraq təlimlər keçirilir, ordu sıralarında xidmət edənlərin bilik və vərdişləri daha da artırılır.
Mayor  Elşən Quliyevlə birlikdə təlim keçən şəxsi heyətin yanına yollandıq. Yol boyu zabit Azərbaycan Ordusunun Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqlardan danışdı və bununla hamının fəxr etdiyini dedi. 44 gün ərzində silahlarını sinələrinə sıxan Vətən övladları işğalçılara geri çəkilməkdən başqa yol qoymadılar. Bu, hər şeydən əvvəl hərbi qulluqçularımızın peşəkarlığından xəbər verir.
Zabitlə xüsusi ayrılmış sahədə təlim keçən şəxsi heyətə yaxınlaşdıq. Uzaqdan əsgərlərə müxtəlif komandalar verən zabitlərin gur səsləri eşidilirdi. Əsgərlər məşğələnin mövzusuna uyğun olaraq döyüş maşınını tələb olunan zaman çərçivəsində "döyüş" və "səfər" vəziyyətinə gətirirdilər. Hərəkətlərindən hiss olunurdu ki, əsgərlərin döyüş hazırlığı yüksəkdir. Buna görə də onlar əmr və göstərişləri qüsursuz icra edirdilər.
Əsgərlərə təlim keçən batareya komandiri baş leytenant Əlibəy Novruzbəyovdan dərslərin gedişi ilə maraqlandıq. Öyrəndik ki, gənc zabit həm Aprel döyüşlərinin, həm də Vətən müharibəsinin iştirakçısıdır. Zabit döyüşlərdən söz açaraq dedi ki, İkinci Qarabağ müharibəsində Füzuli rayonu istiqamətində hücuma keçən erməniləri dayandırmaq tapşırığı aldıq. Biz cəbhə xəttinə çatanda artıq atəş səsləri eşidilirdi. Torpaqlarımızın azadlığı uğrunda qanlı savaş gedirdi. Əlverişli döyüş mövqeyi tutan kimi düşmənin döyüş texnikalarını və canlı qüvvələrini məhv etmək əmri verildi. Hədəfləri dəqiq vuraraq düşməni ağır itkilərə məruz qoyduq. Ağır itkilər verən işğalçılar zərbələrimiz qarşısında duruş gətirə bilməyərək geri çəkildilər. Füzuli rayonundan sonra biz Cəbrayıl rayonu istiqamətində irəlilədik. Atdığımız hər addım bizi qələbəyə apardı. Əks-hücum əməliyyatlarında uğur qazandıqca daha da böyük həvəslə vuruşduq. Cəbrayıl rayonundan sonra Zəngilan rayonu istiqamətində də dəqiq atəş zərbələri ilə düşmənin zirehli texnikalarını, hava hücumundan müdafiə sistemlərini, dayaq məntəqələrini və canlı qüvvəsini məhv etdik. Zabit və əsgərlərimizin cəsarəti nəticəsində uğur qazandıq və 44 gün davam edən Vətən müharibəsi qələbəmizlə başa çatdı.  
- Döyüş maşınının taktiki-texniki xüsusiyyətlərini daha da dərindən öyrənmək üçün daim dərs və məşğələlər keçir, hazırlığımızı yüksəldirik, - deyə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Qabil Əliyev söhbətə başladı. - İstər təlimlər, istərsə də döyüşlərdə tuşlayıcının üzərinə mühüm vəzifələr düşür. Bu mühüm vəzifələri layiqincə yerinə yetirmək üçün müntəzəm olaraq keçirilən dərs və məşğələlərdə fəal iştirak edərək döyüş hazırlığımızı artırırıq. Vətən müharibəsində uğurlar qazanmağımız çox qürurvericidir. Yaxşı bilirik ki, yüksək döyüş hazırlığı qələbənin təminatçısıdır.
Daha sonra təlimdə iştirak edən leytenant Gündüz Babazadə, gizirlər Maarif Səfərov və Şahmar Şabanovla da həmsöhbət olduq. Hərbçilər iştirakçısı olduqları həm döyüşlərdən, həm də təlimlərdən həvəslə danışdılar. Onların gözlərinin dərinliyində sabahkı qələbələrə, zəfərlərə gedən yolları gördük.  

Vahid MƏHƏRRƏMOV "Azərbaycan Ordusu"