Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

9 Aprel 2022 12:55

Hərbçilərimiz “Ən yaxşı tank heyəti” adı uğrunda yarışırlar

Azərbaycan Respublikası müdafiə nazirinin təsdiq etdiyi 2022-ci il üçün döyüş hazırlığı planına əsasən, Azərbaycan Ordusunda "Ən yaxşı tank heyəti" adı uğrunda yarışlara start verildi.
Yuxarı komandanlıq tərəfindən təyin olunan hakim heyəti yarışların düzgün və şəffaf keçirilməsinə nəzarət edirdi. Yarışın gedişi barədə ətraflı məlumat almaq üçün baş hakim polkovnik Faiq Əliyevlə həmsöhbət olduq: "Hər il Azərbaycan Ordusunda keçirilən və artıq ənənəvi hal alan "Ən yaxşı tank heyəti" adı uğrunda  yarış bu dəfə də yüksək səviyyədə təşkil olunub. Builki yarışda hər biri dörd heyətdən ibarət olan dörd komanda iştirak edir. Bu gün 16 heyətin iştirak etdiyi yarışda atış kursunun 4-cü yoxlama atış çalışması icra olunacaq. Heyətlər hər dairədə maneə və manevr sahələrini, mina sahəsinin zəncirvari keçidini, tank əleyhinə xəndəyi, eskarp və dağ ətəyi ərazilərdə yaradılmış müxtəlif maneələri dəf edərək, hər atış mərhələsində şərti düşmənin tank, helikopter və tank əleyhinə hədəflərini məhv etmək tapşırıqlarını icra edəcəklər. Tankçılarımız istər yarışlarda, istərsə də təlimlərdə hər zaman yüksək döyüş hazırlığı nümayiş etdiriblər. Hər il keçirilən "Beynəlxalq Ordu Oyunları"nda da tankçılarımızın ölkəmizi yüksək səviyyədə təmsil etməsi bunun bariz nümunəsidir. Onlar bu gün də öz bilik və bacarıqlarını ortaya qoyaraq "Ən yaxşı tank heyəti" adı uğrunda mübarizə aparacaqlar. Həmçinin nəticələrindən asılı olaraq yekunda əlavə olaraq "Ən yaxşı tank komandiri", "Ən yaxşı tuşlayıcı-operator" və "Ən yaxşı sürücü-mexanik" də mükafatlandırılacaq. Yarışda iştirak edən hər bir heyət bizim üçün qalibdir. Çünki onlar xalqımıza Qarabağ zəfərini yaşadıblar. Əminliklə deyə bilərəm ki, tankçılarımız Ali Baş Komandanın əmri ilə istənilən döyüş tapşırığını icra etməyə tam hazırdırlar".
Gərgin mübarizə ilə davam edən yarışda heyətlərdən birinə yaxınlaşıb, yarış barədə fikirlərini öyrənmə fürsəti tapdıq.
Tank komandiri gizir Nemət Abdullayev tankçı olmağı ilə qürur duyduğunu dedi. O, keçirilən belə yarış və təlimlərin bəhrəsini döyüş meydanında gördüklərini vurğuladı: "İllərin sınağından keçən bir ifadə var: Təlimdə tər, döyüşdə zəfər. Hamımız bilirik ki, təlimlərdə, dərslərdə əziyyət çəkməsəydik, Vətən müharibəsində qələbə qazanmazdıq. Komandir heyəti günün nizam qaydasına uyğun olaraq və təsdiq olunmuş plana əsasən dərslərin keçirilməsinə xüsusi diqqət yetirir. Belə yarışlarda dərslərdə, təlimlərdə topladığımız bilik və bacarıqlarımızı səfərbər edirik. Heyət şəklində koordinasiyalı hərəkət edərək, qarşımıza qoyulan bütün tələbləri uğurla icra edəcəyik. Yarışda iştirak edən bütün heyətlər "ən yaxşı tank heyəti" adını qazanmağa layiqdirlər. Bu yarışda isə yaxşıların ən yaxşısı qalib olacaqdır.
Öyrəndik ki, gizir Nemət Abdullayev Aprel döyüşlərinin və Vətən müharibəsinin iştirakçısıdır. Füzuli və Xocavənd rayonları istiqamətində gedən döyüşlərdə yaralansa da, müalicə aldıqdan sonra yenidən döyüş meydanına qayıdıb. Göstərdiyi şücaətə görə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunub.
Tank heyətinin hər bir üzvünün məsul vəzifəsi var. Hədəfləri dəqiq vurmaq tuşlayıcı-operatorun, texnikanı məharətlə idarə etmək sürücü-mexanikin, vaxtında və düzgün qərar vermək isə tank komandirinin başlıca vəzifəsidir.
Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Elçin Ərəbilov sürücü-mexanikdir. Vətən müharibəsinin iştirakçısıdır. Göstərdiyi igidliyə görə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif olunub. Elçin də həyatının mənasını Vətənin keşiyində dayanmaqda görür.
- Belə yarışlarda çətin vəzifələrdən biri də tankı idarə etməkdir, - deyə  Elçin Ərəbilov söhbətə başladı. - Təlim meydanında xüsusi hazırlanmış maneələri, dirsəkli körpüləri, mina sahələrini qüsursuz keçmək, texnikanı məharətlə sürmək xüsusi bacarıq tələb edir. Kiçik bir diqqətsizlik böyük səhv ilə nəticələnə bilər. Əgər yarışda etdiyin səhvi döyüşdə etsən, onda həm özünü, həm də yoldaşlarını təhlükəyə atarsan. Onun üçün də diqqətli olmalı, maneələri cəld və düzgün keçməyi bacarmalısan. Yarışda qalib gəlmək üçün qarşıya qoyulan tapşırıqları düzgün icra edəcəyik. Vətən müharibəsində qazandığımız təcrübə ilə "Ən yaxşı tank heyəti" adına layiq görüləcəyik.
Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Kərəm İbrahimov da yarışda iştirak etməyin həyəcanını yaşayırdı. Kərəm tuşlayıcı-operator kimi vəzifəsinin öhdəsindən layiqincə gəlməyə çalışır. "Bu gün mənim yaddaşımda silinməz izlər qoyacaq. Dərslərdə, təlimlərdə öyrəndiklərimizi bu gün yarışda tətbiq edəcəyik. İnşallah, çəkdiyimiz əziyyətlər müsbət nəticələr verəcək. Hər kəs üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlməyi bacaracaq. Nişangahdan izlədiyim hədəflərin hər birini real düşmən hədəfi təsəvvür edərək dəqiq vuracam. Komandamız yüksək əzmkarlıq göstərərək bütün mərhələlərdən uğurla keçəcək".
İştirakçılara uğurlar arzulayaraq sağollaşdıq. Yarışda  yalnız bir heyət qalib olsa da, ümumilikdə Azərbaycan Ordusunun hər bir hərbçisi qalibdir. Çünki 30 illik işğala son qoyaraq xalqımıza qələbə sevincini yaşadan oğulların hər biri "Ən yaxşı tank heyəti" adına layiqdir.

Oruc MUSTAFAYEV  "Azərbaycan Ordusu"