Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 Aprel 2022 15:30

MOİK-in zabiti Rafiq Hüseynov üçqat Avropa çempionu olub

Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov Budapeştdə keçirilən Avropa çempionatında qızıl medal qazanıb.
Çempionatda 82 kiloqram çəki dərəcəsində çıxış edən R.Hüseynov startda çexiyalı Petr Novakı 5:1 hesabı ilə üstələyib. R.Hüseynov dörddəbir finalda macar Tamaş Levayla qarşılaşıb. Görüşün taleyini təcrübəli pəhləvanımızın ilk hissədə etdiyi uğurlu fənd müəyyənləşdirib - 2:0. Təmsilçimiz final yolunda moldovalı Mixail Braduya da gücünü göstərib - 2:0.
Beləliklə, titullu güləşçimiz üçüncü dəfə Avropa çempionatının finalına yüksəlib. R.Hüseynovun həlledici görüşdə rəqibi gürcü Gela Bolkvadze olub. Rəqibinə 2:1 hesabı ilə qalib gələn R.Hüseynov üçqat Avropa çempionu olub.
Güləşçimiz 2011-ci ildə Almaniyada və 2020-ci ildə İtaliyada keçirilən Avropa çempionatlarında da birinci olub. Təmsilçimiz 2018-ci ildə Rusiyada təşkil olunan qitə birinciliyini üçüncü pillədə başa vurub. R.Hüseynov ötən il Norveçdə keçirilən dünya çempionatında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Bununla da, o, yunan-Roma güləşində üçqat Avropa çempionu olan ilk idmançımız kimi tarixə düşüb. Güləşçinin hesabında qitə birinciliyinin bürünc medalı da var. R.Hüseynov 2018-ci ildə Kaspiyskdə üçüncü olub.
Oxucuların diqqətinə onu da çatdıraq ki, üçqat Avropa çempionu Rafiq Hüseynov Müdafiə Nazirliyinin Mərkəzi Ordu İdman klubunun zabitidir. Baş leytenant Rafiq Hüseynov 2016-cı ildən Ordu İdman klubunun idman şərəfini qoruyur. Bacarıqlı güləşçimiz 2021-ci ildə Yaponiyada keçirilən yay olimpiadasında bürünc, 2021-ci ildə Oslo şəhərində keçirilən dünya çempionatında qızıl medal qazanmışdı. Bundan əlavə, Rafiq Hüseynov hərbçilər arasında keçirilən çempionatların və olimpiadaların mükafatçısıdır. İnanırıq ki, baş leytenant Rafiq Hüseynov yeni-yeni uğurları ilə bizi sevindirəcəkdir.
Budapeştdə keçirilən Avropa çempionatında, həmçinin Müdafiə Nazirliyi Ordu İdman Klubunun mülki idmançısı Əşrəf Aşırov sərbəst güləş üzrə yarışda gümüş medal qazanıb.
Xatırladaq ki, sərbəst güləşçimiz Əşrəf Aşırov 2021-ci ildə Oslo şəhərində keçirilən dünya çempionatında gümüş, 2021-ci ildə Rusiyada keçirilən MDB oyunlarında qızıl medal qazanıb.

"Azərbaycan Ordusu"