Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 Aprel 2022 15:30

İgidliyi ilə fəxr ediləsi ata

Vətən müharibəsində düşmən üzərində tarixi qələbənin qazanılmasında istehkamçıların da böyük əməyi oldu. Onlar döyüşlər zamanı üzərlərinə düşən bütün tapşırıqları bacarıqla yerinə yetirdilər. Yurdumuzun azadlığı uğrunda gedən döyüşlərdə "N" hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Bayram Əliyev də igidlik göstərib. İkinci Qarabağ müharibəsinin başladığı ilk günlərdən döyüşlərə atılan əsgər vəzifəsinin öhdəsindən bacarıqla gəlib. Cəsarət və qorxmazlığı ilə həm komandirinin, həm də zabit və əsgər dostlarının rəğbətini qazanıb. Əməliyyatlar zamanı yaralanıb hospitala gətirilib, tibbi yardım göstəriləndən sonra yenidən döyüş tapşırıqlarını yerinə yetirib. Vətən müharibəsində göstərdiyi igidliyə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Əliyev Bayram Əli oğlu "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medallarına layiq görülüb.
"N" hərbi hissəsində olarkən əsgər Bayram Əliyevlə görüşüb tanış olduq. Öyrəndik ki, Bayram Əliyev 1979-cu ildə Beyləqan rayonunun Xaçınstroy kəndində anadan olub. Orta təhsilini kəndlərindəki məktəbdə alıb. 1997-ci ildə Vətən qarşısındakı övladlıq borcunu yerinə yetirmək üçün ordu sıralarına yola düşüb. Əsgəri xidmətini cəbhə bölgəsində yerləşən hərbi hissədə yerinə yetirib. 1999-cu ildə hərbi xidmətdən qayıdan Bayram Əliyev 2014-cü ildən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətə başlayıb. 44 günlük Vətən müharibəsində iştirak edib.
- Erməni qəsbkarlarının mövqelərimiz üzərinə hücuma keçmələrini səhər  tezdən eşitdik, - deyə əsgər Bayram Əliyev iştirakçısı olduğu döyüş əməliyyatlarından danışdı. - "Həyəcan" siqnalı ilə cəbhə bölgəsinə yola düşdük. Çox keçmədi ki, ön xəttə çatdıq. Yurdumuzun azadlığı uğrunda gərgin döyüşlər başladı. Döyüşlərə Füzuli rayonunun Alxanlı kəndi istiqamətindən başladıq. Biz istehkamçılar vuruşan qüvvələrin düşmən üzərinə təhlükəsiz getməsi üçün etibarlı keçidlər açmalıydıq. Vaxt itirmədən tapşıqları icra etmək üçün əməliyyata başladıq. Düşmən ordumuzun irəliləməsinin qarşısını almaq üçün əvvəlcədən dərin, keçilməz hesab olunan vallar qazmışdı. Texnikaları işə salıb güllə yağışı altında ordumuzun irəliləməsi üçün yol açır, qazılmış valları doldururduq. Yaxşı bilirdik ki, qələbəyə gedən yollar başlanğıcını buradan götürəcək. Həyatımız üçün təhlükəli olsa da, düşməndən qorxmurduq. Çünki biz doğma Vətənimiz uğrunda vuruşurduq. Buna görə də heç nədən və heç kimdən çəkinmirdik. Ölümün gözünün içinə dik baxa-baxa, düşmənin mövqelərinə yol aça-aça irəliləyirdik. Torpaqlarımızın addım-addım işğalçılardan azad olunması qolumuza güc-qüvvət verirdi. Ordumuzun əks-hücumları qarşısında dayana bilməyən ermənilər geri çəkilirdilər.
Ömrümüzün ən təhlükəli və ən şərəfli günlərini yaşayırdıq. Oktyabrın 27-də geriyə qaçan yağılar ayaq saxlayıb müqavimət göstərməyə başladılar, idarə etdiyim ekskavatoru vurdular. Atəş yaxından açıldığına görə texnika sıradan çıxdı, mərmidən ayrılan qəlpələr məndən də yan keçmədi. Həkimlər ilkin tibbi yardım göstərdikdən sonra məni hospitala çatdırdılar. Əməliyyat uzun çəkmədi. Həkimlər bədənimdən qəlpələri təmizlədilər. Bir gecə hospitalda qaldım. Səhər özümü yaxşı hiss etdiyimə görə mövqeyimizə qayıtdım. Yurdumuzun azadlığı uğrunda qanlı döyüşlər getdiyi bir vaxtda hospitalda yata bilməzdim. Geri döndüyümü görəndə əsgər dostlarım da sevindilər. Ehtiyatda olan ekskavatorla döyüş tapşırıqlarını yerinə yetirməyə davam etdim. Müharibənin son gününə qədər yurdumuzun azadlığı uğrunda vuruşanların sırasında oldum. Şükürlər olsun ki, Vətən müharibəsi qələbəmizlə başa çatdı. Şanlı ordumuz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında uzun illərdən bəri erməni vandallarının işğalında qalmış torpaqlarımızı azad etdi. İkinci  Qarabağ müharibəsindən doğmalarımızın yanına alnıaçıq, başıuca qayıtdıq. İndi həm özüm tam sağalmışam, həm də döyüşlər zamanı zədələnmiş hərbi texnika təmir olunub. Hər zaman Vətənin müdafiəsinə hazırıq.
Əsgər Bayram Əliyevin iki oğlu var. Övladları Röyal və Tural atalarının igidliyi ilə həmişə fəxr edəcəklər. Vətən müharibəsində böyük cəsarət göstərmiş Bayram Əliyev, doğrudan da fəxr ediləsi atadır, qorxmazlığı ilə öyünüləsi ailə başçısıdır.

Vahid MƏHƏRRƏMOV "Azərbaycan Ordusu"