Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 Aprel 2022 15:30

“Bayrağımız uca, yolumuz açıq olsun!”

"N" hərbi hissəsində Aprel zəfərinin ildönümü münasibətilə tədbir keçirildi. Tədbirdə hərbi hissənin şəxsi heyəti ilə yanaşı, məktəblilər, şəhid ailələri, rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər. Tədbirdə əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin, Vətənimizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Tədbir açıq elan edildikdən sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Aprel döyüşləri haqqında çıxışlarında dediyi “Aprel döyüşləri bizim şanlı tariximizdir. Aprel döyüşləri bir daha Azərbaycanın qüdrətini göstərdi, ordumuzun gücünü göstərdi" fikirləri səsləndirildi.
Aprel döyüşlərinin və Vətən müharibəsinin iştirakçısı polkovnik İlqar Abdulxalıqov çıxış edərək Aprel döyüşlərindən və ordumuzun qazandığı şanlı qələbədən danışdı. Tədbir iştirakçılarını Aprel zəfərinin ildönümü münasibətilə təbrik edərək, şəxsi heyətə çətin, amma şərəfli xidmətlərində uğurlar arzuladı. "2016-cı il aprelin ilk günlərində Ermənistan silahlı qüvvələrinin cəbhə boyu başlatdığı təxribatın qarşısını almaq üçün ordumuz əks-hücum əməliyyatına başladı. Cənab Ali Baş Komandanın rəhbərliyi altında ordumuz düşmən qüvvələrinə ağır zərbələr endirərək, işğal altında olan Lələtəpə və bir neçə mühüm strateji əhəmiyyətə malik olan yüksəklikləri, minlərlə hektar ərazini azad etdi. Bu döyüşlərdə qazandığımız tarixi qələbə ermənilərin orduları haqqında yaratdığı uydurma mifi dağıdaraq, Azərbaycan dövlətinin qüdrətini, iqtisadi gücünü, Azərbaycan əsgərinin igidliyini, rəşadətini və yenilməzliyini bütün dünyaya göstərdi. 4 günlük müharibə kimi tarixə düşən Aprel döyüşlərində ordumuzun qazandığı şanlı qələbə Böyük Qələbəmizin başlanğıcı oldu. 2020-ci ildə baş tutan Vətən  müharibəsində rəşadətli ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi və siyasi iradəsi, xalqımızın dəstəyi ilə düşmən üzərində Böyük Qələbə qazanaraq ərazi bütövlüyümüzü təmin etdi. 30 ilə yaxın işğalda olan torpaqlarımızı azad edən ordumuz xalqına tarixi zəfər sevinci yaşatdı. İstər Aprel zəfəri, istərsə də Vətən müharibəsində ordumuzun qazandığı möhtəşəm qələbə dövlət, xalq, ordu birliyinin, Azərbaycan əsgərinin vətənpərvərliyinin, yüksək döyüş ruhunun qələbəsi oldu. Müasir dövlətimizin və qüdrətli ordumuzun banisi ulu öndər Heydər Əliyev siyasi kursunun uğurlu davamı olaraq cənab Prezidentimizin ordu quruculuğuna göstərdiyi yüksək diqqət və qayğısı nəticəsində Azərbaycan Ordusunun güclü maddi-texniki bazaya, ən müasir silah və texnikalara, savadlı hərbi kadrlara malik olduğunu biz döyüş meydanında qələbələrimizlə göstərdik. Bu müqəddəs amal uğrunda şəhid olan bütün soydaşlarımızın əziz xatirəsini dərin hörmətlə anırıq".
Çıxış edən kapitan Mustafa Əsgərli bildirdi ki, bu gün tariximizin qızıl səhifələrindən olan şanlı Aprel Zəfərinin 6-cı ildönümünü böyük qürur və fəxarət hissi ilə qeyd edirik. "Çıxışımı Müzəffər Ali Baş Komandan İlham Əliyevin sözləri ilə başlamaq istəyirəm: "Aprel döyüşləri dövlətimizin, ordumuzun gücünü, xalqımızın birliyini, vətənpərvərliyini nümayiş etdirdi". 6 il öncə Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələrinin Ermənistan silahlı qüvvələri tərəfindən intensiv artilleriya atəşinə məruz qalması əks-həmlə əməliyyatını zərurətə çevirdi. Azərbaycan Ordusu Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəklikləri, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyini və Cocuq Mərcanlı kəndini, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində bəzi mövqeləri düşməndən azad etdi. Bu, Ermənistanın işğal altındakı ərazilərdə qurduğu "keçilməz sədd" kimi təqdim edilən müdafiə xəttinin yarılması ilə nəticələnən strateji əhəmiyyətli qələbə idi. Aprel döyüşlərinin ən böyük nəticələrindən biri həm də bundan ibarət idi ki, hərbi-psixoloji üstünlük Azərbaycana keçdi. 1994-cü ildə imzalanmış atəşkəs sazişindən sonra formalaşmış təsəvvürlər alt-üst oldu. 2016-cı ilə kimi bir çoxları yeni müharibənin status-kvonu dəyişməyəcəyini düşünürdü. 2016-cı ilin aprelindən sonra 20 ildən çox bir müddətdə formalaşmış bu baxış əsaslı şəkildə dəyişdi. Azərbaycan Ordusu döyüş meydanında nəyə qadir olduğunu göstərdi. Bu, həm Ermənistana, həm də onun himayədarlarına atəşkəsdən sonra vurulmuş ilk böyük psixoloji zərbə oldu. Aprel döyüşlərinin nəticələrini təhlil edərkən qeyd olunan məqamların hər biri ayrı-ayrılıqda 2020-ci ilin Vətən müharibəsində Azərbaycanın əldə etdiyi tarixi zəfərin sütunları kimi nəzərdən keçirilə bilər. Həmçinin Aprel döyüşlərinin geosiyasi aspektləri Azərbaycanın qazandığı qələbənin siyasi müstəvidə təsdiqinin ən vacib şərtlərindəndir. Məhz bu həssas, həm də son dərəcə vacib məqamı nəzərə alaraq "Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm" deyən dövlət başçımızın siyasi iradəsi Azərbaycan xalqına tarixi zəfər yaşatdı. Çıxışıma yekun vurarkən, canını bu torpaqların bütövlüyü kimi müqəddəs bir amal uğrunda qurban verən bütün soydaşlarımızın xatirəsini bir daha qürurla yad edirəm. Qazi və yaralılarımıza Allahdan şəfa diləyirəm. Bayrağımız uca, yolumuz açıq olsun!"
Əsgərlər adından çıxış edən əsgər Anar Müzəffərli qalib ordunun əsgəri olmaqdan qürur duyduğunu, silahdaşlarının qanı, canı bahasına təmin olunan ərazi bütövlüyümüzün keşiyində qətiyyətlə dayandıqlarını bildirdi. "Biz fəxr edirik ki, Azərbaycan əsgəriyik. Dövlətimizlə və ordumuzla qürur duyuruq. Aprel zəfəri, Vətən müharibəsi bizim şanlı zəfər tariximizdir. Bu döyüşlər zamanı silahdaşlarımızın göstərdiyi qəhrəmanlıqları hər birimiz həyat yolumuza nümunə bilirik. Biz Vətən qarşısında övladlıq borcunu layiqincə yerinə yetirib, nümunəvi xidmət edərək rəşadətli ordumuzun adına layiqli əsgərlər olmağı qarşımıza məqsəd qoymuşuq. Əsgəri xidmətimizi uğurla keçməyimiz üçün hərbi hissədə yaradılan yüksək sosial şəraitə görə Ali Baş Komandanımıza və Müdafiə Nazirliyinin rəhbərliyinə bütün əsgər yoldaşlarım adından təşəkkürümüzü bildiririk. Hər birimiz yüksək qələbə ruhunda xidmət edir, sərhədlərimizin keşiyində inamla dayanmışıq".
Sonra Vətən müharibəsində döyüş tapşırıqlarının icrası zamanı şücaət və şəxsi igidlik göstərdiyinə görə Azərbaycan Prezidentinin sərəncamı ilə təltif olunan bir qrup hərbi qulluqçuya medallar və növbəti hərbi rütbələr təqdim olundu.
Təbdir orta məktəb şagirdlərinin hərbi vətənpərvərlik ruhunda şeirlər səsləndirməsi ilə davam etdi.

Mahmud MÖHBALIYEV "Azərbaycan Ordusu"