Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 Aprel 2022 15:30

“Vətənə, xalqa xidmət əsl vətənpərvərlikdir”

2020-ci ilin 27 sentyabrında erməni hərbi birləşmələrinin təxribatının qarşısını almaq üçün döyüşə atılan Vətən övladları xalqımıza Böyük Qələbə sevincini yaşatdılar. Rəşadətli ordumuz Ali Baş Komandanın sərkərdəliyi ilə döyüş meydanında igidlik, mərdlik və vətənpərvərlik nümunəsi göstərdi. Hərbçilərimiz qəhrəmanlıqları ilə tarix yazdılar. Yazılanı poz maq olmaz deyiblər. Tarix pozulmadığı kimi, tarix yazanlar da unudulmayacaq. Kapitan Nahid Xanəliyev kimi...
Xanəliyev Nahid Ərzuman oğlu Salyan rayonunda anadan olub. Hələ orta məktəbdə oxuyanda Azərbaycanın hərb tarixi, sərkərdələrin həyatları və döyüş yolları ilə maraqlanıb. Tarix boyu erməni xəyanətkarlığı ilə qarşılaşan xalqımızın yaşadığı faciələrdən xəbərdar olan Nahid qəhrəman oğulların davamçısı olacağına söz verib. Beləliklə, məktəbi bitirdikdən sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. Hərbi məktəbi 2013-cü ildə bitirib. Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində zabit təkmilləşdirmə kursunu müvəffəqiyyətlə başa vurub. Həmin gün onun həyatının dönüş nöqtəsinə çevrilib.
"Vətənə, xalqa xidmət əsl vətənpərvərlikdir", - deyərək söhbətə başlayan zabit döyüş yolundan danışdı: "Azərbaycan xalqı Vətənini sevən, tarixi dəyərlərə bağlı insanlarla zəngindir. Hər birimiz Vətəni anamız, müqəddəs qibləgahımız bilirik. Tarix boyu oğullarımız Vətən uğrunda son damla qanlarına qədər vuruşublar. 2020-ci ilin 27 sentyabrında olduğu kimi. Düşmən təxribatının qarşısını almaq üçün Ali Baş Komandanın əmri ilə döyüşə atıldıq. İllərdir gözlədiyimiz əmri yüksək əhval-ruhiyyə ilə yerinə yetirdik. Ali hərbi məktəbdə, təlim və məşqlərdə qazandığımız bilik və bacarıqları döyüş meydanında müvəffəqiyyətlə tətbiq etdik. Düşməni darmadağın edərək əzəli torpaqlarımızdan qovduq. Əməliyyatlar zamanı düşmənin xeyli sayda canlı qüvvəsini və texnikasını məhv etdik. Hərbçi olmağımla hər zaman qürur duyurdum. Vətən müharibəsinin iştirakçısı və qalib ordunun hərbi qulluqçusu olaraq azad olunan torpaqlarımıza ilk ayaq basanlardan olduğum üçün ikiqat qürurluyam. Çox sevinirəm ki, 30 ilə yaxın işğalda olan doğma torpaqlarımızı azad edib, xalqımıza qələbə sevincini yaşatdıq".
Şərəfli döyüş yolu keçən zabit Nahid Xanəliyev Vətən müharibəsindən sonra torpaqlarımızın ərazi bütövlüyünün təmin edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak etdiyinə və tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" və 3-cü dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə" medalları ilə təltif edilib. İki övlad atası olan zabitimizin timsalında tarixi ədaləti bərpa edən bütün igidlərimizə minnətdarıq. Bu haqq savaşında şəhid olanların ruhunu hər zaman ehtiramla anır, qazilərimizə şəfa diləyirik.

Oruc MUSTAFAYEV "Azərbaycan Ordusu"