Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 Aprel 2022 15:30

“Təlimlərdə qazandığımız təcrübəni döyüşlərdə uğurla tətbiq etdik”

2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən haqq savaşında qazanılan qələbədən sonra da ordu quruculuğu istiqamətində aparılan islahatlarla hərbi qüdrətimiz artmaqdadır. Belə ki, aparıcı qoşun növlərinin müasir tələblərə uyğunlaşdırılması, şəxsi heyətin döyüş vərdişlərinin daha da təkmilləşdirilməsi, yeni silah və texnikaların arsenalımıza qəbul edilməsi prosesi davamlı şəkildə həyata keçirilir. Dövlət başçısının ordu rəhbərliyi qarşısında qoyduğu konkret tapşırıqlara əsasən, keçirilən müxtəlif miqyaslı təlimlərdə iştirak edən şəxsi heyətin döyüş hazırlığı artmaqla yanaşı, hərbi təlim fəaliyyətlərinin təşkili sayəsində qazanılan uğurlarla rəşadətli ordumuzun peşəkarlığı daha da yüksəlir. Bunun nəticəsidir ki, bu gün tarixi ərazilərimizdə üçrəngli bayrağımız dalğalanır.
İkinci Qarabağ müharibəsində düşmənə sarsıdıcı zərbələr vuran hərbi hissələrdən birindəyik. Zabit Namiq Səfərov Vətən müharibəsində iştirak edən tank heyətləri ilə bizi tanış etdi. “Tankçı olmaq insandan polad iradə və yüksək təcrübə tələb edir. Belə bir deyim var: “Tank bizim dəmir evimiz, biz isə bu evin doğma sakinləriyik”. Bunun üçün də hər bir tankçı öz silahdaşı ilə möhkəm yoldaşlıq bağları qurmalı, hər kəs özündən savayı kürəyini söykədiyi silahdaşına arxayın olmalıdır. Tankçını yenilməz edən amillərdən biri də məhz budur. Gördüyünüz tank heyəti də arxayınlıqla kürəyini silahdaşına söykəyir. Çünki hər biri peşəsinin sirlərini dərindən mənimsəmiş hərbi qulluqçulardır. Onu da qeyd etmək istərdim ki, tabeliyimdə xidmət edən şəxsi heyət məşğələ və təlimlərdə yüksək nəticələr göstərir. Müasir silahlar, idarəetmə cihazları və müşahidə vasitələri ilə təchiz edilmiş döyüş maşınlarımızdan istifadə edən tank heyətləri öyrəndikləri müasir döyüşaparma üsullarını müxtəlif miqyaslı təlimlərdə uğurla tətbiq edirlər. Heyət illik döyüş hazırlığı göstəricilərinə görə hərbi birlik rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib. Onlar müxtəlif mükafatlar və fəxri fərmanlarla təltif ediliblər", - deyə zabit bildirdi.
Növbəti həmsöhbətim gizir Elməddin Əbilov qeyd etdi ki, bir əsgəri güclü edən onun silahı ilə bərabər, qələbə əzmi və döyüş ruhudur. 44 günlük Vətən müharibəsində Azərbaycan əsgəri bunu bütün dünyaya nümayiş etdirdi. "Qışın soyuğunda da, yayın istisində də müxtəlif qoşun növləri ilə birlikdə təlim sahələrində olmuşuq, qarşıya qoyulan tapşırıqları uğurla icra etmişik. Ən çətin, ekstremal şəraitdə sınaqdan üzüağ çıxmağı bacarmışıq”.
Elməddin Vətən müharibəsi ilə bağlı xatirələrini qürurla, o anları yenidən yaşayaraq bölüşdü. "2020-ci il 27 sentyabr... Təlimlərdə tökdüyümüz tər döyüşdə zəfərlə yekunlaşmalıydı. Həmin gün adi günlərdən biri kimi başlasa da, tariximizdə əbədiləşən günün başlanğıcı oldu. Qazanılan uğurlarımızda əsas pay sahibi olan komandirlərimizlə çiyin-çiyinə döyüşmək arzumuz çin olmuşdu. Onlar bizi bu günlərə hazırlamış, bizlərsə Qələbəyə and içmişdik. Andımıza sadiq olduq.
Əsl qəhrəmanlıq nümunəsi göstərərək Qələbəyə gedən yola dəmirdən atlarımızla iz saldıq.
...Qısa vaxt ərzində düşmən tərəfindən bizə təhdid gələ biləcəyi ehtimal olunan ərazidə atəş mövqeyimizi tutduq, növbəti komandaları gözlədik. Digər bölmələr tərəfindən zəruri tədbirlər həyata keçirildikdən sonra düşmən istehkamlarını məhv etmək tapşırığını aldıq. Tapşırıqlar uğurla yerinə yetirildikcə, ordumuz irəlilədikcə, düşmən silahını atıb qaçırdı. Gün keçdikcə Böyük Qələbəyə daha da yaxınlaşırdıq. Cəsur qardaşlarımızın müxtəlif cəbhələrdə qazandığı uğurları eşitdikcə qəlbimizdəki Vətən yanğısı qələbə əzmimizi daha da gücləndirirdi.
Azərbaycan əsgəri xalqımızın qəlbində olan Vətən nisgilinə son qoymaq üçün vaxtından-vədəsindən, iqlim şəraitindən, ərazinin relyefindən asılı olmayaraq mətin addımlarla daim irəli gedirdi. İşğalçılar igid oğulların şücaəti, igidliyi qarşısında tab gətirə bilmədi. Sonda düşmənin təslim olmaqdan başqa çıxış yolu qalmadı ki, bu da gözlənilən idi. Ədaləti bərpa etmək, xeyrin şər üzərində qələbəsini təmin etmək mütləq idi. Qazanılan qələbədə payı olan şəhidlərimizi və qazilərimizi daim uca tutmalıyıq. Onlar bu Vətən torpaqlarını canı bahasına azad etməklə tarixi salnaməni əbədiləşdirdilər. Onların sayəsində dünya vətənpərvərlik hissinin nə qədər güclü olduğunu gördü. Vətən sevgimiz, qələbə əzmimiz qarşısında düşmən tab gətirə bilmədi". Bir sözlə, Böyük Qələbə igidliyin, vətənpərvərliyin, xalq birliyinin əsəri oldu.
Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Kərəm İbrahimov bildirdi ki, qazanılan böyük Qələbə bizə onu deməyə əsas verir ki, Azərbaycan Ordusu həm peşəkarlıq, həm döyüş qabiliyyəti, həm də müasir tələblərə cavab verən arsenalı ilə düşmən üzərində əzmli qələbə qazandı. "Tank heyətimiz təlim-məşqlərdə qazandığı təcrübələri döyüşlərdə uğurla tətbiq etdi. Cəbhənin müxtəlif istiqamətlərində qarşıya qoyulan tapşırıqların öhdəsindən uğurla gəlməyi bacardı. Bölməmiz verilən koordinatlara və istiqamətlərə əsasən düşmənin yerüstü hədəflərini, maneələrini uğurla məhv etdi.
İkinci Qarabağ müharibəsi zamanı hamı Vətən torpaqlarını yağı düşməndən azad etmək istəyi ilə coşub-daşırdı. Təcrübəli komandirlərin sayəsində xidmətimizi bu gün də müasir tələblər çərçivəsində təşkil edirik. 2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsində düşmən üzərində qazanılan Qələbəmiz qədirbilən xalqımızın, Ali Baş Komandanımızın və şanlı ordumuzun sayəsində mümkün oldu. Bu gün də xalqın inamından, Ali Baş Komandanın diqqət və qayğısından güc alırıq. Dünya Azərbaycan Ordusunun gücünü gördü və gördü ki, xalqın Vətən sevgisi, tarixi yurdunu işğaldan azad etmək istəyi qarşısında heç bir qüvvə maneə ola bilməzlər".

Fuad CƏFƏROV "Azərbaycan Ordusu"