Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

2 Aprel 2022 10:00

Vətənə sipər olan oğullar

"Vətənə sipər olan oğullar" - misraları istər mövzusu, istərsə də aşıladığı ideya ilə həm də müasirliyi ilə səciyyəvidir.
Ermənistanın Azərbaycana qarşı elan etmədən başladığı müharibədə yüzlərlə şəmkirli gənc də iştirak etdi. Birinci Qarabağ müharibəsində də, Vətən müharibəsində də. Hamısı mərdliklə döyüşdü. Onlarla şəmkirli döyüşçü qəhrəmanlıqla şəhid oldu. Azərbaycanın hər yerində olduğu kimi Şəmkirdə də, Şəmkirin Çaparlı kəndində də şəhidliyə, şəhidlərə böyük ehtiram var. Hamı hər şəhidi özünə doğma bilib, doğma bilir, özünün əzizi hesab edib, əzizi hesab edir. Vətən müharibəsində qazanılan Zəfər ona görə bunca müqəddəsdi. Yeniyetmələr belə duyğularla böyüyürdülər, gəncləşirdilər, əsgərləşirdilər...
Eldar Valeh oğlu Mərdanov da belə duyğularla aylarını il eləyirdi, illəri ömürləşdirirdi. O da digər həmyaşıdları kimi hərbi xidmətdən tərxis edilmiş həmyerliləri ilə kəlmələşməyə maraqlı idi; belə kəlmələşmələr həm də öyrənmək deməkdir. Nəyi öyrənirdilər? - hərbi xidmət haqqında ilkin bilgiləri...
Şəhid Sərdar Məmmədov adına orta məktəbi bitirmişdi. Hərbi xidmətə çağırılacaqdı. Həmin gün haqqında düşünərdilər, xəyalən əsgərləşərdilər. Əsgərləşəcəkləri günün ərəfəsindəydilər...
2020-ci ilin yayında hərbi xidmətə çağırıldı, sevinirdi.
Xəyallarının gerçəkləşəcəyi ünvana yol aldılar...
Bir vaxtlar hərbi xidmətdən tərxis edilənlərlə söhbətləşəndə soruşduğu sualları hərbi xidmətdə komandirlərindən də soruşacaqdı. Bu sual bütün əsgərlərin sualı idi. Bu sual istək idi, mahiyyəti Vətənə sevgi olan istək: "Torpaqlarımızı işğaldan azad etmək üçün döyüşlər nə vaxt başlayacaq?". Bu sual Azərbaycan əsgərinin azərbaycançılığa sədaqətinin təzahürü idi. Azərbaycan əsgəri bu sualı işğalın sonlandırılacağı günün iştirakçısı olmaq niyyətiylə verirdi...
2020-ci il sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin döyüş əmri ilə əks-hücum əməliyyatı kimi başlayan döyüşlər Vətən müharibəsi kimi davam etdi. Əsgər Eldar Mərdanovun xidmət etdiyi hərbi hissə də döyüşlərə cəlb olunmuşdu.
Füzuli ətrafında döyüşlər gedirdi. Komandir Eldar Mərdanova və daha üç əsgərə düşmənin ciddi müqavimət göstərdiyi cinah istiqamətində intensiv atəş açmağı, imkan yaranan kimi düşmən səddinə yaxınlaşmağı tapşırmışdı. Onu da demişdi ki, eyni əmr sol cinahda döyüşən döyüşçülərə də verilib. Yəni bu əmr düşmənin həmin mövqedə döyüş aparan qüvvələrinin bölünməsinə, nəticə etibarilə müqavimət göstərdiyi səddin yarılması üçün imkan yaranmasına hesablanıbmış...
Atışa başladılar. Əvvəl nisbətən müxtəlif səmtlərə atəş açırdılar. Sonra əsgərlərdən birinin təklifi ilə atəşi cəmlədilər, yəni eyni koordinatı atəşə tutdular. Bu, əmrin yerinə yetirilməsinə nisbətən əlverişli şərait yaratdı...
Qarşı tərəfdən atəş seyrələndə bir qədər də irəli çıxdılar...
Əsgərlərdən biri ağır yaralandı. Onu döyüş meydanından çıxartmağı Eldar öz üzərinə götürdü. On-on beş addım uzaqlaşmamışdılar ki, qənşərlərinə mərmi düşdü. Eldar yaralandı, çətinliklə də olsa  yaralı əsgəri təhlükəsiz əraziyə çıxarda bildi...
Müalicə olundu. İkinci qrup əlil kimi tərxis edildi...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olundu.
Çaparlı kənd sakini Həsən Sultanov Eldar haqqında deyir: Uşaqlığından hamı onu vətənsevər kimi tanıyıb. Vətənsevərlər Vətənin müdafiəsində də qətiyyətli olur. Bütün çaparlılar Eldarın Vətən müharibəsində mərdliklə döyüşdüyünü, şücaətli, igid əsgər olduğunu bilir. Hamı Eldar kimi oğullarla qürur duyur...
Babası Məsim kişi nəvəsinin Vətən müharibəsi iştirakçısı olmasından qürurlanır: Oğul təkcə ailənin deyil, el-obanın, Vətənin oğludur. Vətəni sevə-sevə böyüyən oğullar onu işğaldan azad etdi. Onlar hərbi xidmətdən tərxis edildikdən sonra işğaldan azad edilmiş ərazilərimizdə quruculuq işlərində də iştirak edəcəklər. Onda da deyəcəyik ki, siz Vətəni sevdiyiniz qədərincə də Vətən sizi sevir!..
Çağırışçılar, yeniyetmələr digər qazilər kimi Eldar Mərdanovun da döyüş təəssüratlarını maraqla, sevgilərlə dinləyirlər. Belə söhbətlər də vətənpərvərlikdir, dinləyənlər üçün də danışanlar üçün də. Bu da Vətən müharibəsində qazanılan Zəfərin qüdrətidir. Onlar Vətəni seviblər, torpaqlarımızı işğaldan azad ediblər, Vətən də onları sevir.  
 
Mübariz MUSAYEV "Azərbaycan Ordusu"