Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

2 Aprel 2022 10:00

“Vətənin keşiyində durmaqdan qürur duyuruq”

Öz nümunəvi xidməti ilə yoldaşlarının və komandirlərinin rəğbətini qazanan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Eltun Əsgərovla "N" hərbi hissəsində tanış olduq. Hər bir igid Azərbaycan hərbçisi kimi o da Vətəninə sadiq bir döyüşçü olub, xidmətini düzgün təşkil edərək vəzifəsinin öhdəsindən uğurla gəlməyə çalışır.
Goranboy rayonundan olan Eltun hələ əsgəri xidməti zamanı hərbçi olmaq qərarına gəlib. Bunun üçün də xidmətini başa vurduqdan sonra "Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu”na müraciət edib. Kursu müvəffəqiyyətlə bitirən Eltun artıq 2 ildən çoxdur ki, ordu sıralarında Vətənimizin keşiyində dayanır. Eltun geyindiyi hərbi formanı sevərək daşıyır. O, Vətən müharibəsinin iştirakçısıdır. Torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə igidlik və mərdlik nümunələri göstərən kiçik çavuş Eltun Əsgərov Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif olunub.
Düşmən üzərində qazanılan şanlı qələbədən söz açan Eltun bildirdi ki, bu qələbə Azərbaycan xalqının birliyinin qələbəsidir. "2020-ci ilin 27 sentyabrında azğınlaşmış düşmən bütün cəbhə boyu genişmiqyaslı təxribat həyata keçirməyə başladı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə ordumuz gecikmədən əks-hücum əməliyyatlarına başlayaraq düşmənə  sarsıdıcı zərbələr endirdi. İlk gündən ordumuz döyüş meydanında üstünlük qazanaraq düşmən qüvvələrini darmadağın etdi. Güclü ordumuz qarşısında tab gətirə bilməyən işğalçılar qorxaraq döyüş meydanından qaçmaq məcburiyyətində qaldılar. İrəlilədikcə illərdir işğalda olan doğma torpaqlarımız bir-bir azad edilirdi. Sözsüz ki, bu azadlıq uğrunda şəhid olan və yaralanan qardaşlarımız da oldu. Ancaq heç kimdə ruh düşkünlüyü olmadı. Hər bir kəs düşməndən qisas almaq üçün daha da əzmlə döyüşlərə atılırdı. Xalqımızın orduya olan inamı və dəstəyi hər bir döyüşçü üçün stimul idi. Ordumuzda olan ruh yüksəkliyi, mənəvi-psixoloji vəziyyətin yüksək olması da qazanılan qələbənin vacib amillərindən biri oldu".
Hərbçi olmaqla üzərinə düşən vəzifənin müqəddəsliyini və məsuliyyətini yaxşı başa düşdüyünü deyən Eltun söhbətinə davam etdi:
- 44 günlük Vətən müharibəsində qazandığımız qələbə ilə arxayınlaşmamalıyıq. Düşmən hiyləgərdir. Bizlər hər zaman öz üzərimizdə çalışmalı, döyüş və fiziki hazırlığımızı, hərbi biliklərimizi daim artırmalıyıq. Bütün bunlar üçün bizlərə hər bir şərait yaradılıb. Bununla yanaşı, mən də öz növbəmdə gənc əsgərlərimizə hərbin sirlərini aşılayıram. Vətən müharibəsində qazanılan təcrübəni onlarla bölüşürəm. İzah edirəm ki, hər birimizin bir məqsədi var - torpaqlarımızın keşiyində ayıq-sayıq dayanmaq və düşmən təxribatlarının qarşısını almaq. Bölməmizdə olan hər kəs Vətənə layiqli xidmət etmək üçün çalışır. Mən və hərbçi yoldaşlarım Vətən keşiyində durmaqdan qürur duyuruq.

Oruc MUSTAFAYEV "Azərbaycan Ordusu"