Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

2 Aprel 2022 10:00

Hərbi qulluqçunun “əlifba”sı

Orduda belə bir deyim var: tabe olmağı bacarmalısan ki, tabeliyində olanları mükəmməl şəkildə idarə etməyi bacarasan. Söhbət açacağımız hərbi qulluqçu da məhz komandirlərin verdiyi əmr və tapşırıqları vaxtında və dəqiq icra edən kiçik komandirlərdəndir.
Kiçik çavuş Şərif Şərifli mühəndis-istehkam bölməsində xidmət edir. İstehkamçı peşəsinə marağı əsgəri xidmətdə olarkən yaranıb. Şərifin doğulub boya-başa çatdığı Tərtər rayonunun Dəmirçilər kəndi İkinci Qarabağ müharibəsinə qədər düşmənlə təmas xəttində yerləşirdi. Şərif kiçik yaşlarından cəbhə bölgəsində atəş səsləri altında böyüyüb. Nankor ermənilərin xalqımıza qarşı illərdir apardığı düşmənçilik, torpaqlarımızın işğalçılıq siyasətindən əziyyət çəkənlərdən biri də Şərifin doğmaları, yaxınlarıdır. Bu gün Şərifin hərbçi olması heç də təsadüfi deyil, bir növ zərurətdən irəli gəlib. Doğma kəndini düşmən təhlükəsindən qorumaq istəyib. Vaxtilə ataları da düşmənə güclü müqavimət göstərib, onun irəliləməsinə imkan verməyib, əksinə, böyük itkilərə düçar edib.
Müddətli həqiqi hərbi xidmətdən qayıdandan sonra Şərif doğmalarının xeyir-duası ilə ordu sıralarına yazılıb. Hərbi xidmət keçmək üçün tələb olunan bütün normativləri yüksək səviyyədə yerinə yetirib. Mühəndis-istehkamçı kimi xidmətə başlayan Şərif qısa müddətdə komandirlərinin rəğbətini qazanıb. Onun hərbiyə olan marağı xidmətində daha böyük uğurlara yol açıb.
İkinci Qarabağ müharibəsi başlayanda kiçik çavuş Şərif Şərifli də istehkam manqası ilə döyüşə qatılıb. Murovdağ, Talış və Suqovuşan istiqamətində gedən döyüşlərdə onun rəhbərlik etdiyi manqa həm düşmənin irəliləməsinin qarşısını almaq üçün mühəndis maneələri qurub, həm də irəliləyən döyüşçülərimizə minalanmış sahələrdən yol açıb. Döyüşlərdən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə kiçik çavuş Şərif Şərifli "Vətən uğrunda" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif olunub. Bilik və bacarıqları ilə fərqlənən əsgərlərdən İlyas Zahirov, Ramiz Qasımov, Gündüz Şirinzadə, Ceyhun Şirinov və Ruslan Babayev nümunəvi döyüş yolu keçmiş manqa komandirinin tabeliyində xidmət keçdikləri üçün qürurludurlar. Onlar xidmət müddətində təyin olunduqları ixtisas üzrə hərbi biliklərə təcrübəli, öz işinə ürəkdən bağlı olan komandirlərinin həm nəzəri, həm də praktiki təlimlər keçdiyindən razıdırlar. Əsgərlər yaxşı anlayırlar ki, bütün bu uğurların əsasında nizam-intizam dayanır. Hərbçinin nizam-intizamı da sıradan başlanır.
Mühəndis-istehkam bölməsinin əsgərləri günün nizam qaydalarına uyğun olaraq sıra hazırlığı məşqləri keçirlər. Onların yiyələndikləri sıra vərdişləri həm şəxsi, həm də manqanın nizam-intizamının yüksək səviyyədə olmasından xəbər verir.
Əsgərin sıra hazırlığı onun döyüş hazırlığının tərkib hissəsidir. Elə bu səbəbdən də hərbi qulluqçunun "əlifba"sının sıra hazırlığı olduğunu qeyd etmək daha düzgün olar.

Bəxtiyar ƏLİYEV "Azərbaycan Ordusu"