Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

2 Aprel 2022 10:00

Kürdəmir Qarnizonunda kütləvi iməciliklər təşkil olunur

Baharın gəlişi münasibətilə Hava Hücumundan Müdafiə hərbi hissələrində ərazilərin və yaşayış binalarının ətrafının təmizlənməsi, eləcə də yaşıllıq zolaqlarının salınması məqsədilə növbəti kütləvi iməcilik aksiyası təşkil edilib.
Hava Hücumundan Müdafiə hərbi hissələrində ərazinin yaşıllaşdırılması və ətraf mühitin qorunması tədbirlərinə həmişə xüsusi diqqət yetirilib. Həyata keçirilən abadlıq və yaşıllaşdırma işlərinə hərbi hissənin şəxsi heyəti həvəslə qoşulur. Martın əvvəllərindən başlayaraq keçirilən kütləvi iməciliklər zamanı hərbi hissənin ərazisində, yol kənarlarında və digər ərazilərdə 200-dən çox ağac əkilib. Hərbi şəhərciklərin həyətlərində meyvə ağaclarına və yaşıllıq sahələrinə aqrotexniki qaydalar əsasında qulluq göstərilib, gül tingləri əkilib. Hərbi qulluqçular tərəfindən torpaq alaq otlarından təmizlənib, ağacların dibi yumşaldılıb, suvarma-becərmə işləri aparılıb.
Hərbi hissənin zabiti mayor Qorxmaz Mehdiyev bildirdi ki, hərbi qulluqçuların ekoloji tərbiyəsində xalqımızın adət və ənənələrinin, milli dəyərlərin qorunub saxlanılmasında baharın gəlişindən xəbər verən Novruz bayramının xüsusi əhəmiyyəti vardır. Yazın gəlməsi ilə hərbi hissədə yaşıllaşdırma işlərinin aparılması, iməcilik və ağacəkmə aksiyalarının təşkili ekoloji tarazlığın bərpasına və hərbi şəhərciyin ərazisinin gözəlləşdirilməsinə xidmət edir. Belə aksiyaların keçirilməsi ətraf mühitin qorunmasına, hərbi qulluqçuların sağlamlığının təmin edilməsinə, gənclərin zəhmətə alışdırılmasına, onlara təbiətə sevginin aşılanmasına müsbət təsir edir. Fəaliyyət planına uyğun olaraq hərbi şəhərcikdə ərazinin yaşıllaşdırılması, yeni ağacların əkilməsi, yaşıllıqlara qulluq məqsədilə keçirilən kütləvi iməcilik aksiyaları il ərzində davam etdiriləcəkdir.

Hüsniyyə İDRİSOVA "Azərbaycan Ordusu"