Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

2 Aprel 2022 10:00

Şəhid Əfqan Nəsirovun xatirəsinə həsr olunan mərasim keçirildi

Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan əsgər Əfqan Nəsirovun xatirəsinə həsr olunan anım mərasimi keçirildi.
Tədbirdə Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi və tələbələri, şəhidin ailə üzvləri, döyüş yoldaşları, Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin şəxsi heyəti iştirak etdilər.
Əvvəlcə ümummilli lider Heydər Əliyevin və Vətənimizin suverenliyi uğrunda şəhid olan oğullarımızın ruhu bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi general-mayor Qulu Novruzov tədbiri açaraq Allahdan bütün şəhidlərə rəhmət dilədi. "Hər bir xalqın tarixində mürəkkəb və keşməkeşli günləri olub. Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa edərək azad oldu. Ancaq müstəqilliyimiz müharibə dövrünə düşdü. Birinci Qarabağ müharibəsi hər birimizin ağrılı yeri oldu. Həmin döyüşlərdə minlərlə vətəndaşımız şəhid oldu. Onlar şəhid olsalar da, adlarını qəhrəmanlıq tariximizə böyük hərflərlə yazdılar.
Əfqan Nəsirov kimi igid döyüşçülərimizin Vətən sevgisi sayəsində 30 ilə yaxın davam edən işğala son qoyuldu, Vətən müharibəsi qələbə ilə yekunlaşdı".
Şəhidin anası Kəmalə İsmayılova dedi ki, Əfqan hər zaman Vətənə bağlı olmuşdur. O, şərəflə döyüşərək torpaqlarımızın azadlığı uğrunda canından keçdi. Belə qəhrəman oğulun anası olduğum üçün fəxr edirəm.
Şəhidin bir vaxtlar təhsil aldığı məktəbin direktoru, şəhid anaları və Dövlət Gömrük Komitəsinin Akademiyasının tələbələri çıxış edərək Əfqan Nəsirovla bağlı xatirələrindən danışdılar.
Qəhrəmanlığı, igidliyi tərənnüm edən şeirlər səsləndirdilər.
Şəhidin anasına diplomlar təqdim olundu. Tədbirin sonunda Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solistləri vətənpərvərliyə həsr olunan musiqilər səsləndirdilər.

Hüsniyyə İDRİSOVA "Azərbaycan Ordusu"