Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

30 Mart 2022 15:20

“Mənəvi istirahət edir, dünya görüşümüzü artırırıq”

"N" hərbi hissəsində şəxsi heyətin gündəlik fəaliyyəti ilə tanış olduq. Burada gənclərə taktiki, atəş, ictimai-siyasi, fiziki hazırlıq məşğələləri keçirilir, onlar hərbi bilik və vərdişlərə yiyələnir, bacarıqlı əsgərlər kimi formalaşırlar. Kapitan Anar Baxşəliyev keçirilən dərslərlə yanaşı, əsgərlərin asudə vaxtlarının da faydalı təşkil olunduğunu bildirdi. Bunun əyani şahidi olmaq üçün  əsgər yataqxanasına daxil olduq. Bölüyün gün növbətçisi özünü təqdim etdikdən sonra şəxsi heyətin ideoloji otaqda olduğunu bildirdi. Ətrafdakı səliqə-sahman, təmizlik xidmətin düzgün təşkilindən xəbər verir. Zabit asudə vaxtın səmərəli təşkilinin mahiyyətindən danışdı: "Komandirlərin qarşısında duran mühüm tapşırıqlardan biri də şəxsi heyətin asudə vaxtının düzgün təşkilidir. Hər bir komandir çalışır ki, əsgərlər yüksək döyüş ruhunda, heç bir çətinlik çəkmədən nümunəvi xidmət etsinlər. Bunun üçün də komandir heyəti tələbkarlıqla yanaşı, əsgərlərə daim diqqət və qayğı göstərir, döyüş hazırlığı ilə bərabər, bütün fəaliyyətlərinin də səmərəli təşkilini diqqətdə saxlayır. Şəxsi heyətin mənəvi-psixoloji hazırlığına böyük təsiri olan asudə vaxtı düzgün təşkil etməklə şəxsiyyətin hərtərəfli inkişafına nail olmaq olar. Bu vaxtın yaxşı təşkili əsgərlərin mənəvi və estetik mədəniyyətinin yüksəldilməsində də mühüm rol oynayır. Belə ki, əsgərlər asudə vaxtlarında onlar üçün yaradılmış şəraitdən istifadə edərək, dünya görüşlərini, hərbi biliklərini artırır, maraq dairələrinə uyğun elmi əsərlər, qəzet və jurnallar oxuyur, vətənpərvərliyi, qəhrəmanlığı tərənnüm edən filmlər izləyirlər".
Kapitan Anar Baxşəliyevlə birlikdə ideoloji otağa daxil olduq. Sakitlikdir. Burada olan bir qrup əsgər dama, şahmat oynayır, qəzet və kitablar oxuyurdu. Əsgər Mirmurad Seyidov maraqla "Azərbaycan Ordusu" qəzetini oxuyurdu. Müxtəlif rubrikalarda yazılan məqalələri oxuduğunu bildirən Mirmurad gözünü yazıdan ayırıb, asudə vaxtlarında ən sevdiyi məşğuliyyətlərdən birinin də qəzet oxumaq olduğunu bildirdi.
"Xidmətə gəlməzdən əvvəl də çoxlu qəzet oxuyurdum. Burada oxuduğum "Azərbaycan Ordusu" qəzeti əsgər qəzeti olduğu üçün mənə çox doğma gəlir. Qəzetimizin hər nömrəsini səbirsizliklə gözləyir, "Reportaj", "Nümunəvi xidmət", "Medallı igidlərimiz" və digər rubrikalarda yazılan məqalələri maraqla oxuyuram. Xəbərlər rubrikasından dünyada və ölkəmizdə baş verən hadisələrdən, idman yeniliklərindən məlumat alıram. Dünya ordularında olan ən müasir silahlar və texnikalardan olan yazılar da xüsusi maraq doğurur".
Əsgərlər Murad Rüstəmzadə və Cəbrayıl Bayramov isə şahmat oynayırdılar. Stolüstü idman oyunları ilə məktəb vaxtlarından məşğul olduqlarını vurğulayan əsgərlər bütün fəaliyyətləri kimi, asudə vaxtlarının da yüksək səviyyədə təşkil olunduğunu qeyd etdilər. "Şahmat oynamağı məktəbdə öyrənmişik. Asudə vaxtlarımızda bu oyunu digər əsgər yoldaşlarımıza da öyrədirik. Döyüş hazırlığımızın artırılmasına hesablanan bütün fəaliyyətlərimiz kimi, asudə vaxtlarımızı da çox məhsuldar keçiririk. Mənəvi istirahət edir, hərbi biliklərimizi, dünya görüşümüzü artırırıq. Bir sözlə, heç nədən korluq çəkmədən, yüksək döyüş ruhunda xidmətimizi uğurla davam etdiririk", - əsgərlər dedilər.
Digər masada dama oynayan əsgərlərlə də salamlaşırıq. Maraqlı oyunun sonunda əsgər Tacir Musayev qələbə qazandı. Tacir silahdaşı Atəmoğlan Quliyevin güclü rəqib olduğunu bildirdi.
"Çox çətin qələbə oldu. Son gedişlərə qədər demək olar ki, bərabər oyun gedirdi. Əslində, ümumi hesab bərabərdir. Atəmoğlan ilə hərəmiz iki oyun qazanmışıq. Son nəticədə dostluq qalib gəlib. Bu bir oyundur, burada kimin qalib gəlməyinin bir önəmi yoxdur. Bizim hər birimiz qalibik. Çünki biz qalib və rəşadətli ordunun, Müzəffər Ali Baş Komandanın əsgərləriyik", - Tacir dedi.
Bu gün bir daha şahidi oluruq ki, dövlətimizin diqqət və qayğısı nəticəsində hərbi hissələrdə əsgərlərin bütün fəaliyyətləri yüksək səviyyədə təşkil olunur. Şəxsi heyət arasında  mehriban, səmimi ailə mühiti hökm sürür. Komandir heyətinin qarşıya qoyulan vəzifələrin öhdəsindən bacarıqla gəlməsi və xidmətin düzgün təşkil edilməsi sayəsində gənclərimiz yüksək döyüş ruhunda xidmət edirlər.

Mahmud MÖHBALIYEV "Azərbaycan Ordusu"