Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

30 Mart 2022 11:19

Məişət şəraiti hər zaman diqqət mərkəzindədir

İşğaldan azad olunmuş ərazilərimizdə dislokasiya edilən hərbi hissələrimizdən birində şəxsi heyətin gündəlik fəaliyyəti və onlar üçün yaradılan məişət şəraiti ilə tanış olduq. Zabit Ramiz Abdullayev bizimlə söhbətində müasir ordu quruculuğu sahəsində dövlətimiz tərəfindən aparılan düşünülmüş siyasətdən danışdı və qeyd etdi ki, 44 günlük haqq savaşımızdan sonra da hərb sahəsində mühüm işlər həyata keçirilir ki, bunlardan biri də şəxsi heyətin sosial rifahının daha da yaxşılaşdırılmasıdır.
"Rəşadətli Azərbaycan Ordusunda xidmət edən hərbi qulluqçuların məişət şəraiti hər zaman diqqət mərkəzində olan məsələlərdən biri olub. Məhz şanlı ordumuza göstərilən diqqət və qayğının təzahürüdür ki, bu gün işğaldan azad olunmuş torpaqlarımızda xidmətin düzgün, operativ təşkil edilməsi üçün qısa vaxt ərzində arzuolunan məişət şəraiti yaradılıb. Belə ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan müasir ordu quruculuğu sahəsində başladılan məqsədyönlü fəaliyyətlər bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir. Dövlət başçımızın ordu rəhbərliyi qarşısında qoyduğu tapşırıqlara əsasən, hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması məsələləri bu gün də seçilən prioritet istiqamətlərdəndir. Məhz bu diqqət və qayğının məntiqi nəticəsidir ki, işğaldan azad edilmiş tarixi torpaqlarımızda xidmət edən oğullarımızın gündəlik fəaliyyətini səmərəli təşkil etməsi üçün müasir avadanlıqlarla təchiz olunmuş və günümüzün yüksək standartlarına cavab verən hərbi hissələr tikilir. Qısa vaxt ərzində tikilən hərbi hissələrdə maddi-texniki təminatın gücləndirilməsinə yönəldilmiş mühüm işlər həyata keçirilir. Müxtəlif relyeflərdə yerləşən bölmələrin şəxsi heyəti yay və qış aylarında, kəskin iqlim şəraitində xidmətini çətinlik çəkmədən təşkil etməsi üçün geyim formaları ilə təmin olunur. Həmçinin hərbi qulluqçuların yataq şəraitlərinin yaxşılaşdırılması üçün əsgər yataqxanalarının müasir isidici və soyuducu avadanlıqlarla təchiz olunması, habelə, müasir tipli bir və ikimərtəbəli çarpayılarla, (pambıq yataq dəstləri, yaylı döşək, sintepon balınc, akril ədyallarla) müxtəlif tutumlu (bir və iki nəfərlik) dolablarla təmin olunması əsgərlərimizin rahatlığı üçün düşünülən məsələlərdir. Hazırda bütün hərbi hissə və bölmələrimizdə hamam, camaşırxana otaqları da fəaliyyət göstərir.
Bölmədə xidmət edən Vətən müdafiəçilərimiz üçün yaradılan şəraitlə tanış olmaq məqsədilə əsgər yataqxanasına daxil olduq. Dəhlizdə şəhidlərimizə həsr olunan xatirə lövhəsi, divar mətbuatı, bölmənin fəaliyyətini əks etdirən foto-stend, şəxsi heyətin ad günü siyahısı divardan asılıb. Ulu öndər Heydər Əliyevin və Ali Baş Komandan İlham Əliyevin hərb sahəsində gördüyü işləri əks etdirən xatirə fotolarından ibarət güşə düzəldilib. Bunlar hərbi hissədə ideoloji işin düzgün təşkil olunduğunun göstəricisidir.
Əsgər yataqxanası səliqə-sahmanla düzülmüş müasir yataqlar, oturacaqlar, əşya dolabları ilə təmin edilib. Otaqların temperaturu da nəzarətdə saxlanılır.
İlk müsahibim müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Ayxan Xəlilov oldu. "Bu gün işğaldan azad olunmuş torpaqlarımızda xidmət edən bölmələrin məişət şəraitini yaxşılaşdırmaq üçün qısa vaxt ərzində böyük işlər görülür. Aparılan təmir və quruculuq işləri sayəsində rəşadətli ordumuz daha da güclənir. Şəxsi heyətin döyüş təminatını yerinə yetirməsi, həmçinin istirahətləri üçün hərtərəfli şərait yaradılıb”.
Əsgərlərin qidalanması, yaşayış və məişət şəraiti yüksək səviyyədədir. Bir sözlə, burada şəxsi heyətin xidmətini, istirahətini, asudə vaxtını düzgün təşkil etmək üçün hər cür şərait yaradılıb. Hər bir əsgər qurulan şəraitdən razıdır. Camaşırxanada çirkli paltarların yuyulması və qurudulması həyata keçirilirdi.
Əsgərlər Zaman Vahabov və Anar Amanov burada yaradılan şəraitdən məmnunluqlarını ifadə etdilər və bildirdilər ki, xidmətlərini düzgün təşkil etməkdə onlar üçün heç bir maneə yoxdur. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Ayxan Xəlilov bizi proseslərin ardıcıllığı ilə tanış etdi. "Bölməmizdə həftənin müvafiq günlərində şəxsi heyətin çirkli camaşırlarının yuyulması, qurudulub ütülənməsi fəaliyyətləri icra olunur. Avtomatlaşdırılmış rejimdə işləyən yuyub qurudan avadanlıqlar işi bir xeyli yüngülləşdirir. Növbəti otaq camaşırların ütülənməsi üçündür. Yataq ağları, əl-üz və ayaq dəsmalları həftənin müvafiq günlərində yeniləri ilə əvəz olunur".
Ayxanla camaşırxanadan çıxdıqdan sonra dəhliz boyunca otaqlara daxil olduq. Hamam otağı da öz genişliyi və işıqlandırılması ilə insanı valeh edirdi. Burada şəxsi heyət gün ərzində fasiləsiz isti və soyuq su ilə təmin olunur. Əsgərlərin öz gigiyenasını nəzarətdə saxlaması üçün hamam otağında arzuolunan şərait yaradılıb. Yataq otağında əsgərlər Ramil Zahidov və Savalan Rzayev səliqə-sahman işləri ilə məşğul idilər. Onlar da öz növbələrində heç nədən korluq çəkmədiklərini bildirdilər.
Hərbi hissədə şahidi olduq ki, göstərilən diqqət və qayğının qarşılığını nümunəvi xidmətləri ilə verən əsgərlərimiz, Vətənə övladlıq borcunu layiqincə ödəyir və tarixi torpaqlarımızı göz bəbəyi kimi qoruyurlar.

Fuad CƏFƏROV "Azərbaycan Ordusu"