Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

30 Mart 2022 15:20

Şərəfli döyüş yolu keçən snayper

Şəhid adı müqəddəsdir, ucadır. Bu ad unudulmazdır. Bu ad qanı ilə Vətənin tarixini yazan oğullarımızın adıdır. Qarabağ müharibəsinin ilk qurbanları Bəxtiyara, Əliyə verilən addır, müqəddəs, ucadan uca dayanan şəhid adı. Əli, Bəxtiyar torpağına göz dikən yağının üzərinə qartal tək şığıyan Vətənimizin ilk şəhid qaranquşları idilər... Məkanları cənnət olsun. Müqəddəs Quran-Kərimdə buyurulur ki, şəhidlər və qazilər peyğəmbərlərdən sonra gələn adlardır. Zirvələrdə məkan quran, ruhu azad Vətəninin, azad torpağının başı üzərində dolaşan bir şəhid ünvanı da var.  Mahirin  əbədiyyət qazanan şəhid ömrünün ünvanı...
Azərbaycanın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarımızdan biri idi Mahir Bəxtiyar oğlu Paşayev. O, qanı ilə torpağı Vətən edən oğullardandır. 2016-cı il Aprel döyüşlərində,   2020-ci il  sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsində  onun göstərdiyi igidlik və fədakarlıq nümunələri şəhid ömrünə qürürla yazılıb.
1997-ci il sentyabrın 1-də  Cəlilabad rayonunun Əsədli kəndində yaşayan Bəxtiyar Paşayevin ailəsində bir oğul övladı dünyaya gəldi. Ailə sevinc, toy-büsat içində idi. Doğmalar, qohum-əqrabalar sevinirdi.  Adını Mahir qoydular. "Oğul düşmən çəpəridir", - deyib atalarımız. Mahir də Vətən üçün doğulan oğul övladı kimi sanki seçilmişdi. İllər çox sürətlə gəlib keçdi. Mahir doğma Əsədli kəndində  böyüyüb boya-başa çatdı. Vətənə sevgini, torpağa bağlılığı doğulduğu sadə, zəhmətkeş ailəsindən, təhsil aldığı məktəb müəllimlərindən öyrəndi və ən əsası doğma yurdundan, elindən, obasından güc aldı Mahir. O, 23 illik ömrüylə  ailəsinə, təhsil aldığı məktəbinə, elinə, obasına şəhid adı ilə şərəf gətirdi, şan-şöhrət qazandırdı, qürur yaşatdı.
Mahir Vətənini qorumaq, düşmən işğalında olan torpaqlarımızı azad etmək, soydaşlarımızın doğma yurduna qayıtması üçün hərb peşəsini seçdi. O, 2015-ci ildən Azərbaycan Ordusu sıralarında xidmətə başladı. Mahir məhz adına layiq mahir, cəsur döyüşçü idi. Xüsusi Təyinatlı Qüvvələrin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Mahir Paşayev 2016-ci il 2-5 aprel tarixlərində düşmənin təxribatlarına qarşı başlayan əks-hücum əməliyyatları zamanı xidmət etdiyi hərbi hissənin qarşıya qoyduğu döyüş tapşırığının layiqincə və şərəflə yerinə yetirilməsində  bacarığı, peşəkarlığı ilə fərqlənir. Yüksək döyüş hazırlığına malik Mahir dəfələrlə qardaş Türkiyə Respublikasında peşəkarlığını daha da artırmaq, ən müasir silahların nəzəriyyə və praktikasını öyrənmək məqsədilə kurslar keçir. Döyüş, mənəvi-psixoloji, fiziki hazırlıqlarını durmadan artırır, yorulmadan çalışır.
2020-ci il sentyabrın 27-də torpaqlarımızın azadlığı, Azərbaycanımızın bütövlüyü uğrunda Vətən müharibəsi başlayanda Mahirin xidmətinin artıq beşinci ili idi. Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusunun başladığı əks-hücum əməliyyatı ilk gündən döyüş gedən istiqamətlərdə qələbələrlə nəticələnirdi. Uzun illər erməni faşistlərinin işğalı altında olan qəsəbələrimiz, kəndlərimiz, şəhər və rayonlarımız  qəhrəman, cəsur  Vətən oğullarımızın sayəsində bir-bir, qarış-qarış azad olunurdu. Peşəkar, vətənpərvər döyüş yoldaşları ilə birlikdə irəliləyən Mahir də yaşayış məntəqələrimizin azadlığı uğrunda gedən əməliyyatlarda tapşırıqların öhdəsindən bacarıqla gəlir. Odlu-alovlu döyüş meydanlarında düşmənə aman vermir. Füzulinin, Hadrut qəsəbəsinin, Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə neçə-neçə erməni faşistini məhv edir.  Oktyabrın 9-da Xocavənd uğrunda gedən ağır döyüşlərdə Mahir  şəhidlik zirvəsinə ucalaraq, Vətənin seçilmiş oğlu kimi adını tarixə yazır. Oktyabrın 11-də doğulub böyüdüyü Cəlilabad rayonunun Əsədli kənd qəbiristanlığında  dəfn edilir.
Bu müqəddəs ölümün vaxtsız ayırdığı Mahirin həyat yoldaşı Xanım Paşayeva onunla  yaşadığı qısa, lakin xoşbəxt ailə həyatından danışdı: " Mahir qəlbi təmiz, sadə, dostcanlı, böyük-kiçik yeri bilən bir oğul idi. İşinə çox məsuliyyətliydi. Nə qədər işi, tapşırıqları  çox olsa belə, ailəsini  diqqətdən kənarda qoymazdı. Geniş dünyagörüşü vardı. Xidməti barədə evdə bir kəlmə də söz danışmazdı. Ailədə yalnız gündəlik qayğılarımızla maraqlanardı. Mahir bizdən cismən ayrılıb, ruhu bizimlədir. Onun ruhu mənimlədir. Arzuları çox idi: torpaqlarımız işğaldan azad olunsun, tezliklə müharibə bitsin, döyüşən əsgər və zabitlərimiz ailələrinin, doğmalarının yanına qayıtsın. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Məkanları cənnət olsun. Onlar haqq yolunda, torpaqlarımız uğrunda canlarından keçdilər. Bütün şəhid valideynlərinə, şəhid həyat yoldaşlarına səbr diləyirəm".
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə 44 günlük Vətən müharibəsi zamanı  müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Mahir Paşayev xidmət etdiyi hərbi hissə qarşısında qoyulmuş döyüş tapşırıqlarının yerinə yetirilməsində   göstərdiyi şücaətə və igidliyə görə ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni, "Vətən uğrunda", "İgidliyə görə", "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif olunub.
Mahir kimi Vətən üçün doğulan oğulların taleyinə şəhidlik məqamına çatmaq yazıldı. Onlar şəhid ömrü yaşayan seçilmişlərdi...

Lalə  HÜSEYNOVA "Azərbaycan Ordusu" fotolar Namiq PƏNAHOVUNDUR