Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

30 Mart 2022 15:20

Danışırıq ki, həqiqətlər açılsın

İstiqlal mübarizəsi müstəbidə ölüm hökmüdür... Ona görə ölümündən can qurtarmaq istəyən müstəbid - imperiya, imperiya xisləti mübarizlərə, mücahidlərə qarşı ən kəskin tədbirlərə də əl atır. Soyqırımı belə tədbirlərdəndir. XX əsr "bəşər tarixinin ən zəngin, ən ziddiyyətli və eyni zamanda da, şərəfli, həm də qanlı-qadalı əsri" adlandırılır. Bu illər Azərbaycanda da müstəqillik, istiqlal mübarizəsi genişlənirdi. Xalqımızın başına gətirilən ən dəhşətli faciələrdən biri 1918-ci ilin 30 mart - 3 aprel tarixində erməni-daşnak dəstələri tərəfindən törədilən soyqırımı olub. Bu soyqırımı amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində ən qanlı faciələrdən biridir.
Mənfur qonşularımız tarixin müxtəlif dövrlərində mifik "böyük Ermənistan" ideyasını gerçəkləşdirmək məqsədilə soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımlar həyata keçiriblər. 1918-ci ildə azərbaycanlılara qarşı həyata keçirilən bu soyqırımı təkcə Bakıda deyil, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Kürdəmirdə, Lənkəranda, Gəncədə və digər bölgələrdə xüsusi qəddarlıqla törətdilər. Bu ərazilərdə dinc əhali kütləvi surətdə öldürüldü, diri-diri yandırıldı.
1918-ci il martın 15-də Şaumyan Bakı Sovetinin iclasında "Bakı Soveti Cənubi Qafqazda vətəndaş müharibəsinin başlıca istehkamına çevrilməlidir", - deyərək, əslində, azərbaycanlıların soyqırımına göstəriş verdi. Bakıda törədilən 1918-ci ilin mart soyqırımında "Daşnaksütyun" bolşeviklərin zərbə qüvvəsini təşkil etdi. Birinci Dünya müharibəsi cəbhələrindən geri çəkilən erməni əsgər və zabitləri də S.Şaumyanın təşkilatçılığı ilə Bakıda cəmləşdirilmişdi. Qafqaz işləri üzrə müvəqqəti fövqəladə komissar təyin edilən S.Şaumyan mart soyqırımının əsas təşkilatçısı və icraçısı idi. Onun təşkil etdiyi "Qırmızı ordu"nun tərkibi demək olar ki, tamamilə ermənilərdən ibarət idi.  Bu cinayəti həyata keçirmək üçün lazım olan şəraiti də özləri yaratdılar. Azərbaycan milyonçusu Hacı Zeynalabdin Tağıyevin Lənkəranda xidmət edən oğlu Məhəmməd Tağıyev Lənkəran şəhərində baş verən ixtilafda erməni silahlı dəstələri tərəfindən qətlə yetirildi. Martın 27-nə təyin edilən dəfndə iştirak edəcək müsəlman alayının zabitləri Lənkərandan Bakıya gəldilər. Dəfndən sonra zabitlər "Evelina" gəmisi ilə geri qayıtmalı idilər. Axtardıqları əlverişli məqamın çatdığını görən ermənilər gizli şəkildə Xəzər matrosları, eser və menşevik partiyaları arasında guya "Evelina" ilə gedən zabitlərin Lənkəranda olan müsəlman hərbi dəstələri ilə birlikdə Muğandakı rus-malakan kəndlərini məhv edəcəkləri şayiəsini yaydılar. Gözlədikləri kimi, bütün qeyri-azərbaycanlı siyasi və hərbi qüvvələr "Evelina" gəmisinin tərk-silah edilməsinə tərəfdar oldu.
Martın 30-da Bakı şəhəri mədən-zavod rayonlarının İnqilabi Müdafiə Komitəsi yaradıldı. Komitənin təşəbbüsü ilə sözügedən gəminin Lənkərana yola düşməsi dayandırıldı və gəmidəki zabitlər tərk-silah edildi. Müsəlman əhalisi məscidlərdə silahların qaytarılmasını tələb etdi.
Azərbaycan milli təşkilatlarının nümayəndələri İnqilabi Komitəyə gələrək alınmış silahları "Hümmət" müsəlman bolşevik komitəsi vasitəsilə qaytarmağa cəhd göstərdilər. Martın 30-da Nəriman Nərimanovun evində S.Şaumyanla və həmin gün İnqilabi Müdafiə Komitəsində M.Ə.Rəsulzadə ilə keçirilən görüşlərdə müəyyən razılıq əldə edilərək silahların qaytarılmasına vəd verilsə də, bolşevik-daşnak koalisiyası sözünə əməl etmədi...
1918-ci il martın 31-də səhər tezdən daşnak dəstələri azərbaycanlılar yaşayan məhəllələrə hücuma keçdilər. Aldadılmış matroslar hərbi gəmilərdən və təyyarələrdən müsəlman məhəllələrini bombalamağa başladılar. Qeyri-bərabər döyüşdə müsəlmanların müqaviməti dayandırmalarına baxmayaraq, erməni millətçiləri dinc Azərbaycan əhalisinə divan tutur, onları qılıncdan keçirirdilər. Müsəlmanların soyqırımı aprelin 2-si gecəyədək davam etdi. Daşnak birləşmələri həmin günlərdə "Kaspi" mətbəəsini, "Açıq söz" qəzetinin redaksiyasını, "İsmailiyyə" binasını yandırmış, "Təzə pir" məscidinin minarələrini top atəşləri ilə dağıtmışdılar. Bunun nəticəsində Bakıda 15 mindən, bölgələrdə 38 mindən artıq azərbaycanlı qətlə yetirildi.
31 Mart soyqırımının statistikası xüsusi qəddarlıqla həyata keçirilən bəşəri cinayətin dəhşəti haqqında kifayət qədər aydın mənzərə yaradır. Hadisələr zamanı Bakı, Şamaxı, Muğan, Quba və Lənkəranda 50 mindən çox azərbaycanlı xüsusi amansızlıqla qətlə yetirilmiş, 10 minlərlə insan öz torpaqlarından qovulmuşdu. ABŞ-ın kəşfiyyat mənbələrinə görə, 60 min Azərbaycan türkü qaçqına çevrildi və 420 müsəlman kəndi dağıdıldı.
O günlərdə daşnak dəstələri azərbaycanlılara həlak olmuş yaxınlarını dəfn etməyə icazə vermirdi. Onlar cəsədləri yanan binalara atır, quyulara, dənizə tökürdülər. Bakıda Şaumyanın rəhbərlik etdiyi Bakı Sovetinin tam hakimiyyətinin bərqərar olması qurbanların dəqiq sayının hesablanmasına imkan vermədi. Lakin İranın Bakıdakı konsulu Məhəmməd Səid-ol Vesarə Marağeyinin yazdığına görə, təkcə onun yaratdığı xüsusi komissiya tərəfindən Bakının küçə və həyətlərindən 5000-dən çox müsəlmanın meyiti toplanmış və dəfn olunmuşdu. Menşeviklərin "Naş qolos" qəzeti həmin günləri belə təsvir edirdi: "Hər tərəf meyitlərlə doludur - yanıb kül olmuş, doğranmış, eybəcər hala salınmış meyitlər…".
Tarixin səhifələri vərəqləndikcə yeni-yeni faktlar, erməni vəhşiliyinin tükürpədən səhnələri üzə çıxır. Son vaxtlar məlumatların dəqiqləşdirilməsi istiqamətində axtarışlar genişləndirilir. Təkzibolunmaz arxiv sənədləri, soyqırımlarını təsdiqləyən çoxsaylı dəlil-sübutlar aşkarlanır.
Şamaxıda 1918-ci ilin mart-aprel aylarında öldürülənlərin sayı bəzi məlumatlarda bu rəqəmin 7 min, bəzilərində 8-12 min, hətta 40 min olduğu göstərilir. Öldürülənlərin sayının dəqiqləşdirilməsi ilə bağlı ötən əsrin 90-cı illərindən etibarən yerli tədqiqatçılar da bir sıra araşdırmalar aparıblar. Onların tədqiqatı nəticəsində yüz nəfərə yaxın şahiddən toplanan xatirə və məlumatlardan müəyyən edilib ki, erməni cinayətkarları - S.Şaumyan, S.Lalayev, Z.Arestisyan, T.Əmirov və A.Əmiryan qardaşlarının rəhbərliyi ilə Şamaxı şəhərində təqribən 14-16 min, onun 40 kənd və obasında 6-8 min nəfər qətlə yetirilib. Şamaxı qəzasından didərgin düşənlərin sayı 18 min nəfərdən çox olub.
N.Nərimanov Şamaxı qırğını haqqında belə yazırdı: "T.Əmirovun və S.Lalayevin əvvəllər Bakıda olan silahlı dəstələri yaşına və cinsinə məhəl qoymadan bütün azərbaycanlıları öldürdülər. Onlar hələ dünyada görünməmiş bir cinayət törətdilər, uşaqları süngü və qılıncdan keçirir, adamları məscidə toplayıb kerosin töküb yandırırdılar. Mənim üçün aydın oldu ki, Bakıda sovet hakimiyyəti daşnaklardan asılıdır. Bu da aydındır ki, erməni bandaları tərəfindən azərbaycanlı əhaliyə edilən bu qədər zülmdən sonra Azərbaycan proletariatının sovet hakimiyyətindən üz döndərməyə, öz burjuaziyasının hamiliyi altına keçərək, ondan və Türkiyədən kömək gözləməyə haqqı var idi".
Həmin dəhşətli günlərin şahidi olmuş alman A.Y.Kluqe qeyd edirdi ki, ermənilər müsəlman (azərbaycanlı) məhəllələrinə soxularaq hamını öldürür, qılıncla parçalayır, süngü ilə dəlmə-deşik edirdilər. Qırğından bir neçə gün sonra bir çuxurdan çıxarılan 87 azərbaycanlı cəsədinin qulaqları, burunları kəsilmiş, qarınları yırtılmış, cinsiyyət orqanları doğranmışdı. Ermənilər uşaqlara da, yaşlılara da rəhm etməmişdilər.
M.Ə.Rəsulzadə A.Y.Kluqeyə istinadla yazırdı: "Kluqenin, digər əcnəbilərin o günlərin xatirəsi olmaq üzrə almış olduqları və bu gün əllərdə mövcud olan fotolar çox faciəli mənzərələri əks etdirir. Bir yığın qızlı-erkəkli cocuq ölüləri üzərində qocaman çoban köpəkləri bu məsum yavruları gəmirir... Çılpaq bir qadın yerə sərilmiş, ölmüş... Bu ölü vücudun qurumuş məməsini canlı bir yavru əmməkdədir...".
Lənkəran da 1918-ci ilin mart-aprel hadisələri zamanı erməni daşnaklarının təcavüzünə məruz qalan bölgələrdən biri olub. Həmin dövrdə Lənkəran şəhərində, rayonun Mamusta, Yuxarı Nüvədi, Vilvan, Veravul, Girdəni, Cil, Osaküçə, Darquba, Gərmətük, Sütəmurdov və digər kəndlərində kütləvi qətliamlar törədilib. Ümumilikdə Lənkəran və ətraf rayonlarda 40-dək yaşayış məntəqəsi yandırılmaqla  yerlə-yeksan edilib, 2000-dən çox dinc sakin qətlə yetirilib...
Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra Nazirlər Şurası 1918-ci il iyulun 15-də bu faciələrin tədqiqi məqsədilə Fövqəladə İstintaq Komissiyasının yaradılması haqqında qərar qəbul etdi. Komissiya mart soyqırımını - ilkin mərhələdə Şamaxıdakı vəhşilikləri, İrəvan quberniyası ərazisində ermənilərin törətdikləri ağır cinayətləri araşdırdı. Dünya ictimaiyyətinə bu həqiqətləri çatdırmaq üçün Xarici İşlər Nazirliyi nəzdində xüsusi qurum yaradıldı. Martın 31-i Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü elan olundu. Bununla da azərbaycanlılara qarşı yürüdülən soyqırımı və bir əsrdən artıq davam edən torpaqlarımızın işğalı proseslərinə tarixdə ilk dəfə siyasi qiymət verməyə cəhd göstərildi. Lakin Cümhuriyyətin süqutu bu sahədə başlanmış işi yarımçıq qoydu.
Məşhur fransız diplomatı Lores deyir: "Danışmaq lazımdır ki, həqiqət açılsın".
Azərbaycanın dövlət müstəqilliyi bərpa olunandan sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq məqsədilə həyata keçməsi vacib olan qərarların məntiqi davamı olaraq soyqırımı hadisələrinə siyasi qiymət vermək ümummilli lider Heydər Əliyevin 26 mart 1998-ci ildə imzaladığı "Azərbaycanlıların soyqırımı haqqında" Fərmandan sonra başlandı. Bütün bu proseslərə ilk dəfə siyasi qiymət verildi və 31 mart "Azərbaycanlıların Soyqırımı Günü" elan edildi.
Ümummilli lider Heydər Əliyevin 31 mart ilə əlaqədar olaraq Azərbaycan xalqına müraciətində deyilirdi: "Müstəqillik dövründə qazandığımız mühüm nailiyyətlərdən biri tariximizin uzun illər gizli saxlanılan, saxtalaşdırılan və təhrif edilən dövr və hadisələrinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə etməyimizdir. Belə hadisələrdən biri də dövlətimiz tərəfindən artıq öz siyasi və hüquqi qiymətini almış və bu gün ildönümünü qeyd etdiyimiz azərbaycanlıların soyqırımı günü kimi qeyd etməklə biz bir daha tarixi keçmişə qayıdır, xalqımıza qarşı açıq şəkildə həyata keçirilən genişmiqyaslı aksiyaları ürək ağrısı ilə yad edirik".
Erməni-daşnak silahlı dəstələrinin 104 il əvvəl azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə ictimaiyyətinə, eləcə də dünyanın bir çox guşələrində yaşayan həmvətənlərimizə, diaspor təşkilatlarına, xaricdəki səfirliklərimizə daha dolğun çatdırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 18 yanvar 2018-ci ildə "1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında" Sərəncam imzaladı.
Dövlət başçısı azərbaycanlıların soyqırımı haqqında qeyd edirdi: "XIX əsrin əvvəllərində Qarabağa və Zəngəzura İrandan və Osmanlı imperiyasından çoxlu sayda erməni ailələrinin köçürülməsi, 1905-ci və 1918-ci illərdə erməni hərbi dəstələrinin Qafqazın müxtəlif bölgələrində həyata keçirdiyi kütləvi qətillər və talanlar, 1948-1953-cü illərdə soydaşlarımızın Ermənistan Respublikası ərazisindəki ata-baba yurdlarından deportasiya edilməsi, 1988-ci ildən başlayaraq Dağlıq Qarabağı Azərbaycandan qoparmaq məqsədi güdən genişmiqyaslı müharibə və 1992-ci ilin Xocalı faciəsi - bunlar təcavüzkar erməni millətçilərinin azərbaycanlılara qarşı planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin qanlı səhifələridir".   
Bir əsr öncə mart soyqırımına münasibətdə siyasi xadim Mir Cəfər Pişəvəri yazırdı: "Mən 1918-ci ilin martında erməni daşnaklarının vəhşiliklərini, günahsız adamların öldürülüb, meyitlərin yandırılmasını öz gözlərimlə gördüm. Bu, çox nifrət ediləcək bir hərəkətdir". Ermənilərin dünyəvi nifrətə səbəb olan hərəkətləri XX əsr boyu aşkar və gizlin tərəfləri ilə daim funksional oldu. Türklərə qarşı içlərində açdıqları savaş, məkrli planları, nifrət hissləri bir an belə səngimədi. Əsrin sonunda alovlanan Qarabağ münaqişəsi bu nifrətin sonucu kimi meydana çıxdı.
Ermənilər Bağanıs-Ayrımda, Meşəlidə, Qaradağlıda, Xocalıda soyqırımlar törətdilər - erməni xisləti bəşəriliyə düşmənçilikdir. Bütün bu  çətinliklərin qarşısında daim dik dayanan Azərbaycan Ordusunun gücü, qüdrəti Vətən müharibəsində özünü bir daha göstərdi...
Ermənilərin törətdikləri cinayətlər Azərbaycan xalqının yaddaşına əbədi həkk olunmuşdur. Hər birimiz xalqımızın qanı bahasına əldə olunmuş müstəqil Azərbaycan dövlətini yaşatmaq və inkişaf etdirmək üçün bütün səylərimizi səfərbər etməliyik. Biz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə buna qadirik...

Günay TAĞIYEVA "Azərbaycan Ordusu"