Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

30 Mart 2022 15:20

Hərbi xidmət Vətənə sevgi və sədaqətin təsdiqidir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərkərdəliyi ilə rəşadətli ordumuzun Zəfər qazandığı "Dəmir yumruq" əks-hücum əməliyyatı 30 ilə yaxın həsrətə son qoydu. Əbədi və əzəli torpaqlarımız Qarabağ və ən əsası Qarabağın qızıl üzüyünün lacivərd qaşı Şuşa gerçək sahibinə geri döndü.
"Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!" - sözləri ilə dövlət başçısı xalqa müraciətində hər kəsi sevinc göz yaşlarına qərq etdi. Ali Baş Komandanın söylədiklərinin bu gün biz canlı şahidiyik. Tək Şuşada deyil, bütöv Qarabağda abadlaşdırma, bərpa-quruculuq işləri aparılır. Zaman ötdükcə yol kənarında dağıdılmış binalara, qurumuş ağaclara, sanki ruzisi qaçmış torpaqlara rast gəlməyəcəyik. Prezident İlham Əliyevin göstərişi ilə bərpa-quruculuq işləri dayanmadan aparılır. İnanırıq ki, bu torpaqlar daha da gözəl olacaq...
Abadlaşdırma işlərinə "Ağıllı şəhər" və "Ağıllı kənd"lər, hava limanları, müxtəlif istiqamətdə avtomobil yolları və digər layihələrlə birgə yeni hərbi hissələrin yaradılması da daxildir.
İşğaldan azad edilən ərazilərimizdə dislokasiya olunan “N” hərbi hissəsinə yollanırıq. Yol boyu sadalanan bir çox quruculuq işlərinin şahidi oluruq. Və nəhayət, mənzil başına çatırıq. Artıq əsgərlərimizlə bir yerdəyik. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Cahangir Səmədovla salamlaşırıq. Şux yerişindən, mətin duruşundan görünür ki, Cahangir əsl döyüşçüdür. İti baxışlarından və sözlərindən inam hiss olunur. "Azərbaycan Respublikasının vətəndaşı və Azərbaycan Ordusunun hərbi qulluqçusu olaraq özümü çox qürurlu hiss edirəm. Uzun illərdən sonra Vətənimizin ərazi bütövlüyü bərpa olundu. İndi biz düşməndən azad olunmuş torpaqlarımızda xidmət edirik, yaxın vaxtlarda bu yerlərin sahibləri öz ata-baba yurdlarına geri qayıdacaq və hər şey əvvəlkindən də gözəl olacaq", - Cahangir Səmədov dedi.
Ağdam rayonunun düşməndən azad olunmasında vəzifə borcunu layiqincə yerinə yetirdiyinə görə əsgər Səmədov Cahangir Bəxtiyar oğlu Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Ağdamın azad olunmasına görə" medalı ilə təltif olunub.
Digər əsgərlərin düşüncələrini öyrənmək üçün onlarla da həmsöhbət oluruq. Hər birinin üzündə məğrurluq var. Qalib ordunun qalib əsgəri olmağın məğrurluğu...
Əsgər Usman Asmanov yaradılan şəraitdən, keçirilən dərslərdən və komandir heyətinin diqqət və qayğısından söz açaraq fikirlərini bölüşür. "Uşaqlıqdan hərb sənətinə maraq göstərmişəm. Hərbi xidmətini başa vuran dostlarımla danışar, onlardan əsgəri xidmətlərini necə keçirdikləri barədə məlumat alardım. Söhbət əsnasında xain qonşularımızın tez-tez törətdiyi təxribatları öyrənər, düşmənə yönələn nifrətim daha da artardı. Mən də, dostlarım da bilirdik ki, biz qalib gələcəyik, torpaqlarımızı azad edəcəyik. Amma ağlıma gəlməzdi ki, azad olunan rayonlarımızda ilk xidmət edən əsgərlərdən biri də mən olacağam. Bu, təbii ki, qürurverici hissdir”.
Əsgər Amil Mirzəyev sözünün əvvəlində çox xoşbəxt olduğunu deyir. Yaşının az olduğuna görə Vətən müharibəsində iştirak edə bilmədiyi üçün kədərlənib. Amma hazırda işğaldan azad edilmiş rayonların birində xidmət etdiyi üçün qürurludur. "Hələ bir neçə il əvvəl biz burada bayramları keçirmək arzusuyla yaşayırdıq. Vaxt keçdi, indi biz tarixi torpaqlarımızdayıq, Vətənimizin keşiyindəyik, - deyərək əsgər A.Mirzəyev gülümsünür. - İnanmıram ki, 44 günlük "Dəmir yumruq" əks-hücum əməliyyatından sonra kiminsə Azərbaycanla müharibə etmək istəyi yaransın. Çünki biz bütün dünyaya nəyə qadir olduğumuzu göstərdik. Bundan sonra heç kəs bizim suverenliyimizə, müstəqilliyimizə, ərazi bütövlüyümüzə qəsd etməyə cürət edə bilməz!".
Əsgər Fərhad Cəfərli də yoldaşları ilə razı olduğunu bildirir. Yaradılan sosial-məişət şəraiti üçün Müdafiə Nazirliyinin rəhbərliyinə təşəkkür edərək, gənclərin hərbi xidmətinin uğurla keçməsində əsas amillərdən birinin də maddi-texniki təminat olduğunu düşündüyünü deyir.
Prezident İlham Əliyevin öz çıxışlarında qeyd etdiyi "Azərbaycan güclü dövlətdir və Azərbaycanın güclü ordusu var!" şüarını 44 gün ərzində bütün dünyaya sübut edən rəşadətli Azərbaycan Ordusunda xidmət etmək bizdə fəxr hissi oyadır.
Əsgərlərimizlə sağollaşaraq, onlara Vətən keşiyində uğurlu xidmət arzuladıq.

İbrahim MƏMMƏDBƏYOV "Azərbaycan Ordusu"