Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

23 Mart 2022 15:00

“Ərazi bütövlüyümüzü inamla qoruyuruq!”

Qalib və rəşadətli Azərbaycan Ordusunun sıralarında xidmət edən hər gənc kimi mən də fərəhliyəm. Fəxr edirəm ki, əsgərəm, Vətəni qoruyuram. Hərbi xidmətimi uğurla başa vurmağıma az qalıb. Mən də tərxis olunacam. Vətəni qorumaq şərəfli və müqəddəsdir. Ona görə də əsgəri xidmət keçmək hər birimizin Vətən qarşısında övladlıq borcudur.
Ordu sıralarına ilk gəldiyim gündən məqsədim rəşadətli ordumuzun adına layiqli əsgər olmaq, nümunəvi xidmət edərək, ailəmin yanına başıuca qayıtmaqdır. Bu şərəfli yolu uğurla keçdiyim üçün çox sevinirəm. Bu yol hər bir gənc üçün müqəddəsdir, şərəflidir. Hərbi xidmət yaşına çatmış yoldaşlarıma, dostlarıma demək istəyirəm ki, Vətənimizə xidmət etmək hər bir gəncin müqəddəs borcudur. Xidmətim dövründə bir çox gərəkli keyfiyyətlərə yiyələnmişəm, dəyərli dostlar qazanmışam. Həmçinin komandirlərimizdən hərbi biliklərin və vərdişlərin sirlərini öyrənmişəm. Bir sözlə, hərbi xidmət bizi həm bacarıqlı əsgər kimi, həm də cəmiyyətə yararlı vətəndaş kimi formalaşdırır. Xidmətimizin uğurlu keçməsi üçün hər cür şəraitimiz var. Komandirlərimiz qayğılarımızla mütəmadi olaraq maraqlanırlar. Hərbi xidmət üçün yaradılan yüksək şəraitə görə öz adımdan və bütün əsgər yoldaşlarım adından Ali Baş Komandanımıza və Müdafiə Nazirliyinin rəhbərliyinə dərin minnətdarlığımı bildirirəm.
Bu gün Azərbaycan vətəndaşı olan hər kəs, dövlətimizlə və müstəqilliyimizin dayağı olan ordumuzla qürur duyur. İkinci Qarabağ müharibəsində ordumuzun gücünü və qüdrətini bütün dünya gördü. Otuz ilə yaxın müddətdən sonra xalqımıza zəfər sevinci yaşadan igid qardaşlarımızın göstərdiyi qəhrəmanlıqlar bizim üçün örnəkdir. Döyüşlər zamanı torpaqlarımızın azadlığı uğrunda şəhid olanların xatirəsi hər zaman  əzizdir və bizimlədir. Onların yolunu biz davam etdirir, əmanət qoyduqları ərazi bütövlüyümüzü inamla qoruyuruq.
Böyük həyəcan və sevinclə  gəldiyim hərbi xidməti artıq qürurla başa vurmağa hazırlaşıram. Rəşadətli ordumuzun sıralarında hərbi xidmət keçən qardaşlarımın hər birinə bu şərəfli vəzifələrin öhdəsindən layiqincə gəlməyi, şərəfli əsgər adını tərxis edildikdən sonra layiqli vətəndaş adı ilə tamamlamağı arzu edirəm.

Cabir İSGƏNDƏROV "N" hərbi hissəsi