Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

23 Mart 2022 15:00

Azərbaycan Ordusunun şəxsi heyəti ilə keçirilən ictimai-siyasi hazırlıq dərsi (İctimai-siyasi hazırlıq dərsinin qrup rəhbərinə kömək)

Mövzu: 1941-1945-ci illərdə alman faşizminə qarşı aparılan mübarizədə Azərbaycan xalqının rolu

Suallar:
1. Almaniyanın SSRİ-yə qəfil hücumu və Böyük Vətən müharibəsinin başlanması.
2. Azərbaycan II Dünya müharibəsi illərində.
3. Azərbaycanlıların faşistlərə qarşı döyüşlərdə qəhrəmanlıqları.

Almaniyanın SSRİ-yə qəfil hücumu və müharibənin başlanması

 
İkinci dünya müharibəsi bəşəriyyətin XX əsrdə üzləşdiyi ən ağır və dəhşətli dövrü olmuşdur. 1933-cü ilin yanvarında Hitlerin Almaniyada hakimiyyətə gəlməsi ilə müharibənin reallaşması həqiqətə çevrildi. Dünya ağalığı iddiasında olan alman faşizmi öz niyyətlərinə çatmaq məqsədilə 1939-cu il sentyabrın 1-də Polşaya hücum etməklə İkinci Dünya müharibəsinə başladı. 1941-ci ilin yayına qədər alman faşistləri, demək olar ki, Polşanı, Avstriyanı, Çexoslovakiyanı, Yuqoslaviyanı, Yunanıstanı, bütövlükdə Avropanın bir neçə ölkəsini və Fransanın xeyli hissəsini zəbt etmişdilər. Onlar Avropanın təqribən 290 milyon nəfər əhali yaşayan 2 milyon kvadratkilometr ərarizisini ələ keçirmişdilər.
Almaniya hələ 1940-cı ilin ikinci yarısında SSRİ-yə hücüm etmək planı hazırlamağa başlamış və 1940-cı il dekabrın 18-də Hitler tərəfindən təsdiq olunmuşdu. Ona simvolik olaraq "Barbarossa" adı verilsə də, "ildırım sürətli müharibə" planı adlandırılırdı. Həmin plana görə, 1941-ci ilin payızına qədər SSRİ diz çökdürülməli idi.
Faşist Almaniyası 23 avqust 1939-cu ildə imzalanmış, on il müddətinə hücüm etməmək, dostluq və əməkdaşlıq haqqında müqavilələrini pozaraq, 1941-ci il iyunun 22-də bütün sərhəd boyu SSRİ-yə hücum etdi. Bu, Rusiyanın sovet dövrü tarixinə Böyük Vətən müharibəsi kimi daxil olmuşdur. Düşmənin yaxşı silahlandırılmış və hərtərəfli təcrübə, habelə təlim keçmiş 5,5 milyonluq canlı qüvvəsi, yüksək hərbi texnikaya malik 190 diviziyası Barens dənizindən cənuba doğru uzanan 5 min kilometrlik ərazidə: şimal, mərkəz və cənub istiqamətlərində geniş əməliyyata başladı. Müharibənin ilk dövründə qüvvələr nisbəti düşmənin xeyrinə idi və ilk yarım ildə xeyli uğur qazandı, ölkənin içərilərinə soxuldu, Leninqradı (Sankt-Peterburq) mühasirəyə aldı. Moskvaya qədər irəliləyə bildi, sovet ordusunun 1,5 milyon canlı qüvvəsini əsir aldı, xeyli hərbi texnikasını sıradan çıxara bildi.
Faşist Almaniyası İtaliya, Rumıniya, Macarıstan və Finlandiya da daxil olmaqla, işğal etdiyi bütün ölkələrin iqtisadi və hərbi potensialını öz əlində cəmləşdirdi. Faşist Almaniyası hərbi cəhətdən SSRİ-dən 1,5-2 dəfə güclü idi. SSRİ isə hələ müharibəyə tam hazır deyildi. Ölkədə arxayınlıq hökm sürürdü, üstəlik, müharibə ərəfəsində keçirilən kütləvi-siyasi repressiyalar orduya böyük zərbə vurmuşdu. Sovet ordusunun komanda heyətindən 43 min nəfər repressiyaya məruz qalmışdı. Məhz bunlara və digər səbəblərə görə faşistlər ilk vaxtlar böyük qələbələr qazandılar.
Müharibənin ilk mərhələsində antihitler koalisiyası formalaşdı. 1941-ci ilin yayında SSRİ, ABŞ və Böyük Britaniya arasında çox fəal danışıqlar aparıldı və bir sıra müqavilələr imzalandı. Avqustun 2-də ABŞ SSRİ-yə iqtisadi yardım edəcəyi barədə qərarını bildirdi. 1942-ci ilin 23 fevralında ABŞ və Böyük Britaniya arasında təcavüzkara qarşı mübarizəyə qarşılıqlı yardım prinsipləri barədə saziş imzalandı. Faşizm əleyhinə kapitalizm və sosializm sistemlərinin vahid koalisiyası yaradıldı, burada 50 dövlət birləşdi.
Müharibənin gedişində əsaslı dönüşün yaranmasında Şərq cəbhəsində sovet qoşunlarının Stalinqrad (1942-1943) və Oryol-Kursk ətrafında faşist ordularına qarşı keçirdikləri hərbi əməliyyatların müstəsna rolu oldu. 1944-cü ilin əvvəlindən etibarən SSRİ qoşunlarının keçirdiyi bir sıra strateji hərbi əməliyyatlar nəticəsində faşistlər tərəfindən zəbt olunmuş sovet əraziləri tamamilə azad edildi, döyüşlər Avropa ölkələrinə keçirildi. 1944-cü ilin oktyabrı üçün SSRİ-nin keçmiş sərhədi bərpa olundu. 1944-cü il iyulun 6-da Fransanın şimalına (Normandiya) qoşun çıxarılması ilə ikinci cəbhə açıldı. 1945-ci il aprelin 16-da Berlin uğrunda döyüşlər başlandı. Aprelin 25-də Elbada müttəfiq qoşunları görüşdü. Berlinin mühasirəsi başa çatdı. Mayın 2-də Berlin alındı. Mayın 8-də Almaniya danışıqsız təslim aktını imzaladı.

 

Azərbaycan II Dünya müharibəsi illərində



Zəngin sərvətlərə və əlverişli coğrafi mövqeyə malik olan Azərbaycan İkinci Dünya müharibəsində də iri dövlətlərin marağında mühüm yer tuturdu. Almaniya Bakı neftini ələ keçirməklə Şərqə - İran körfəzinə və Hind okeanına hərəkət etmək niyyətində idi. Hitlerin tapşırığı əsasında hətta Bakının sənaye və hərbi əhəmiyyətli obyektlərinin dəqiq xəritəsi də hazırlanmışdı.
Sovet Azərbaycanı SSRİ-nin tərkibində olduğuna görə hələ 1939-cu ilin payızında müharibəyə cəlb olunmuşdu. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev demişdir: "İkinci Dünya müharibəsi, əvvəlki müharibələrdən fərqli olaraq, süvari və piyadaların deyil, ilk növbədə motorların, tankların, qırıcı və bombardmançı təyyarələrin, digər döyüş maşınlarının müharibəsi olmuşdur. Neft və neft məhsulları olmadan hərbçilər bu texnikanı hərəkətə gətirib düşmən üzərində qələbəni təmin edə bilməzdilər. Müharibə illərində Azərbaycan neftçiləri bütün çətinliklərə baxmayaraq, silahlı qüvvələri kifayət qədər yanacaqla təmin edə bilmişdilər".
Müharibə illərində Azərbaycanın bütün iqtisadiyyatı da müharibə tələblərinə uyğun qurulmuşdu. Bütün sənaye sahələri cəbhə üçün məhsul istehsal etməyə başlamışdı. Müharibə illərində Bakı ölkə neftinin 70-75%-ni, benzinin 85-90%-ni verirdi. 1941-1945-ci illərdə Bakı ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin vermişdi. Bakı döyüşən ordunun cəbbəxanalarından birinə çevrilmiş, "Katyuşa" raketi, “Şpakin” pulemyotu istehsal edir, burada "YAK-3" qırıcı təyyarəsi yığılırdı. Ümumən Bakıda 130-dan çox silah və hissələri hazırlanırdı.
Müharibə illərində Azərbaycanın elm xadimləri də müxtəlif problemlərin uğurlu həlli yolunda səylə çalışırdılar. Məşhur kimyaçı alimlərimizin, o cümlədən Yusif Məmmədəliyevin və başqalarının birgə səyi və əməkdaşlığı nəticəsində ən yüksək oktanlı benzin və sürtkü yağları növləri alınmışdı. Kimyaçı alimlər müharibə illərində 38 növ sürtkü yağı, 9 adda təyyarə benzini və 8 növ dizel yağı istehsalını təşkil etmişlər. Keçmiş SSRİ-nin sabiq müdafiə naziri, Sovet İttifaqı marşalı, dörd dəfə Sovet İttifaqı Qəhrəmanı K.Y.Jukov öz memuarında yazmışdı: "Bakı cəbhəni lazım olduğu qədər yanacaqla fasiləsiz olaraq təmin edirdi". Rus şairi S.Mixalkov isə bu münasibətlə yazırdı: "Bakı nefti olmasaydı, heç bir tank, heç bir təyyarə yerindən tərpənməzdi, ölkədə istehsal olunan külli miqdarda hərbi texnika dəmir yığnağı olardı və qələbə qazanılmazdı".
Müharibə dövründə respublikamızın sənaye müəssisələri qələbə naminə cəbhəni lazımi məhsullarla aramsız olaraq təmin edirdilər. Azərbaycanın yüngül sənayesi cəbhənin ehtiyacları üçün təxminən 30, yeyinti sənayesi 50, yerli sənayesi isə 200 növə qədər məhsul istehsal edirdi. Müharibə illərində ümümilikdə cəbhəyə respublikamızdan 125 vaqon isti paltar, o cümlədən, milyonlarla zəruri mal yollanmışdı. Eyni zamanda, ordu üçün respublikamızdan dava-dərman, tibbi preparatlar və başqa lazımi dərmanlar da göndərilmişdi. Azərbaycan vətəndaşları 1941-1943-cü illərdə müdafiə fonduna 15 kq qızıl, 952 kq gümüş, 311 milyon manatlıq istiqraz vermişdilər.
Azərbaycan xalqının misilsiz xidmətləri, qələbə naminə göstərdiyi fədakarlıq ermənipərəst İttifaq rəhbərliyi tərəfindən qiymətləndirilməmiş, hətta Azərbaycana qarşı ayrı-seçkilik, ikili standart tətbiq olunmuşdu. Bakı müharibə illərində cəbhəyə həm yanacaq verir, həm də hərbi texnika istehsal edirdi. Lakin bunun müqabilində Bakıya "qəhrəman şəhər" adı verilmədi, keçmiş SSRİ-də Moskva, Leninqrad və Kiyevdən sonra iri şəhər olan Bakıya II və III dərəcəli status verildi, Tiflis və Yerevan isə I dərəcəli şəhər kimi ən yüksək dərəcədə təmin edildi.

 

Azərbaycanlıların faşistlərə qarşı döyüşlərdə qəhrəmanlıqları



Ümumi əhalisi 3,4 milyon olan Azərbaycan "Böyük Vətən müharibəsi" kimi tarixə düşmüş 1941-1945-ci illər müharibəsinə 640 minə yaxın oğlan və qız göndərmişdi. Böyük Vətən müharibəsi illərində Azərbaycanda yaradılan beş milli diviziya - 77-ci, 223-cü, 271-ci, 402-ci və 416-cı diviziyalar şərəfli döyüş yolu keçərək Azərbaycan xalqının və Böyük Vətən müharibəsi tarixinə qızıl hərflərlə daxil oldu. Müxtəlif cəbhələrdə göstərdikləri rəşadətə görə 416-cı diviziya "Taqanroq diviziyası" (Taqanroqu azad etdiyinə görə), döyüşçülərinin əksəriyyətini azərbaycanlılar təşkil edən 227-ci diviziya "Temryuk diviziyası" (Taman yarımadasını azad etdiyinə görə), 77-ci diviziya isə "Simferopol diviziyası" (Simferopolu azad etdiyinə görə) adını qazanmışdılar. 416-cı diviziya Qafqazdan Berlinə qədər döyüş yolu keçmiş, Berlinin zəbt olunmasında iştirak etmişdi. Cəbhə xətti üçün Azərbaycanda 15 min tibb işçisi, 750 rabitəçi, 3 min sürücü hazırlanmışdı. Azərbaycan xalqının bu müharibədə göstərdiyi əzmkarlıq və qəhrəmanlıqları haqqında ulu öndər Heydər Əliyev demişdir: "Azərbaycan xalqı İkinci Dünya müharibəsində həm döyüş meydanlarında, həm də arxa cəbhədə əsl şücaət və əzmkarlıq nümunələri göstərmişdir. Müharibə başlanandan keçən qısa müddət ərzində Azərbaycan Respublikası ərazisində 87 qırıcı batalyon, 1124 özünümüdafiə dəstəsi təşkil edilmişdir".
1941-ci il iyulun 17-də Leninqrad səmasında Hüseynbala Əliyev döyüş tapşırığını uğurla yerinə yetirib geri qayıdarkən 3 düşmən təyyarəsi ilə üz-üzə gəlir. Qeyri-bərabər döyüşdə sərrast atəşlə düşmən təyyarələrinin üçünü də məhv edən cəsur pilot 17 güllə yarası almasına baxmayaraq öz qırıcısını yerə endirə bilir. Göstərdiyi igidliyə görə o, ölümündən sonra Lenin ordeni və Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdü.
1941-ci ilin dekabrında Novqorod yaxınlığındakı Pustinka kəndi uğrunda döyüşlərdə İsrafil Məmmədov misilsiz igidlik göstərmiş, 10 saat düşmənlə qeyri-bərabər qanlı döyüşdə təkbaşına yüzlərlə alman faşistini öldürmüşdü. Döyüşlərdə yüksək iradə və qəhrəmanlıq göstərən İsrafil Məmmədov ilk azərbaycanlı olaraq  Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdü. Qafur Məmmədov və İdris Süleymanov da Şimali Qafqaz uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərmişlər. 1942-ci ildə Stalinqrad uğrunda döyüşlərdə Baloğlan Abbasovun snayperlər qrupu, Həzi Aslanovun tank alayı böyük igidlik göstərmişdi. Həzi Aslanovun tank alayı düşmənin 45 tankını, 26 topunu, 50 avtomobilini və eyni zamanda, 2 min nəfərədək zabit və əsgərini məhv etmiş, 13 tankını və 175 avtomaşınını ələ keçirmiş, 700 nəfəri əsir götürmüşdü. H.Aslanov 1942-ci il dekabrın 22-də Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdü. O, ikinci dəfə bu adı Brezina çayını keçərək Presini şəhərini və 508 yaşayış məntəqəsini azad etdiyinə görə almışdı. 1945-ci ilin yanvarında Polşa və Çexoslovakiyanın faşistlərdən təmizlənməsi uğrundakı döyüşlərdə göstərdiyi igidliyə görə Ziya Bünyadov da daxil olmaqla, 20 nəfər azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdü.
Azərbaycandan cəbhəyə səfərbər olunan 640 min nəfərdən yarıdan çoxu həlak olmuş, itkin düşmüş, 123 nəfər Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş, 170 mindən çox azərbaycanlı əsgər və zabit müharibədə göstərdiyi igidliklərə görə müxtəlif orden və medallarla təltif olunmuşdu. Təkcə SSRİ-nin deyil, digər ölkələrin də faşizm işğalından azad edilməsində xüsusi qəhrəmanlıq göstərmiş əfsanəvi qəhrəman "Mixaylo" - Mehdi Hüseynzadə kimi Azərbaycan övladları həm İtaliya, həm Yuqoslaviya, həm də Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb.
Ulu öndər Heydər Əliyevin 1993-cü ildə yenidən hakimiyyətə gəlməsindən sonra müharibə veteranlarının xidmətləri çox yüksək qiymətləndirilmiş, veteranlara dövlət qayğısı göstərmək haqda 1994-cü ildə fərman imzalamışdır. Ölkəmizdə müharibə veteranlarına göstərilən diqqət və qayğı ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən bu gün də yüksək səviyyədə davam etdirilir. Prezident İlham Əliyevin 1941-1945-ci illər müharibəsi veteranlarına, əlillərinə, həlak olmuş və sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, müharibə illərində arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə dövlət qayğısının artırılması haqqında verilmiş fərmanı, Qələbə günü münasibətilə hər il müharibə veteranlarının təbrik edilməsi və onlara verilən birdəfəlik yardımlar haqqında sərəncamları və yubiley medalları ilə təltif edilməsi buna əyani sübutdur.
XX əsrdə bəşəriyyət alman faşizmi ilə, azərbaycan xalqı isə həm də dörd dəfə (1905-1911, 1918-1924, 1948-1954, 1988-1994) erməni faşizminin vəhşilikləri ilə üzləşmişdir. Erməni daşnaqlarının törətdikləri vəhşiliklər öz miqyasına və qəddarlığına görə heç də Böyük Vətən müharibəsində faşistlərin törətdikləri vəhşiliklərdən az deyil. 1988-1994-cü illərdə növbəti dəfə Azərbaycan Respublikasının ərazi bütövlüyünə göz dikən Ermənistan havadarları ilə öz istəyinə qismən nail olmuş, Azərbaycanın 20 faiz ərazisini işğal etmişdi. 2020-ci il sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əks-hücum əmri verdi. Babalarımızın Böyük Vətən müharibəsində, atalarımızın Birinci Qarabağ savaşında, qardaşlarımızın Aprel döyüşlərində və Naxçıvan əməliyyatında göstərdikləri qəhrəmanlıqları özünə örnək götürən qəhrəman Azərbaycan əsgəri Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə torpaqlarımızı işğaldan azad etdi. Azərbaycan tarixi Zəfər qazandı.  
    
İdeoloji İş və Mənəvi-Psixoloji  Təminat İdarəsi