Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

19 Mart 2022 19:00

Şəxsi heyətin mənəvi-psixoloji hazırlığı yüksək səviyyədədir

Döyüşdə şəxsi heyətin uğur əldə etməsinin əsas şərtlərindən biri  möhkəm nizam-intizam və mənəvi-psixoloji cəhətdən  hazırlıqlı olmasıdır. Bu məqsədlə Müdafiə Nazirliyi rəhbərliyinin diqqət və qayğısı sayəsində hərbi qulluqçuların mənəvi-psixoloji hazırlığı daim yüksək səviyyədə saxlanılır. Bunun üçün təsdiq edilmiş plana əsasən hərbi hissələrdə günün nizam qaydasına uyğun olaraq ictimai-siyasi hazırlıq məşğələləri keçirilir.
"N" hərbi hissəsində şəxsi heyət müvafiq standartlara uyğun formalaşdırılan ideoloji otaqda ictimai-siyasi hazırlıq dərsi keçirdi. Otaqda xalqımızın ümummilli lideri Heydər Əliyevin ön xətdə əsgərlərlə görüşünü və Ali Baş Komandanın işğaldan azad edilən torpaqlarımızda xidmət edən döyüşçülərlə görüşünü əks etdirən fotoları və dövlət atributları əks olunub. Bunlar Ali Baş Komandanın daim əsgərin yanında olduğunu nümayiş etdirir.
Zabit günün mövzusunu - "31 Mart - Azərbaycanlıların Soyqırımı Günü" - olduğunu bildirərək dərsə başladı. O bildirdi ki, azərbaycanlıların soyqırımı erməni faşizminin xalqımızın taleyinə həkk etdiyi qanlı salnamə, bütün türk dünyası və bəşəriyyət üçün ibrət dərsidir.
- Azərbaycan xalqına qarşı ermənilər tərəfindən törədilmiş soyqırımı uzun müddət tarixin açılmamış səhifələrindən biri olmuşdur. Yalnız 80 il sonra - 1998-ci il martın 26-da Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin imzaladığı "Azərbaycanlıların soyqırımı haqqında" Fərmanda həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verilib və “31 Mart - Azərbaycanlıların Soyqırımı Günü" elan edilib. Fərmanda deyilirdi: "Azərbaycanın XIX-XX əsrlərdə baş verən bütün faciələri torpaqlarının zəbti ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil etmişdir. Bu hadisələrin yalnız birinə - 1918-ci il mart qırğınına siyasi qiymət vermək cəhdi göstərilmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi Azərbaycan Respublikası bu gün onun axıra qədər həyata keçirə bilmədiyi qərarların məntiqi davamı olaraq soyqırımı hadisələrinə siyasi qiymət vermək borcunu tarixin hökmü kimi qəbul edir".
Bu mühüm sənəddə tariximizdə ilk dəfə olaraq, Azərbaycanın XIX əsrdə zorakılıqla parçalandıqdan sonra azərbaycanlılara qarşı törədilmiş, bəşər tarixində görünməyən vəhşiliklərlə həyata keçirilmiş kütləvi qırğınların - soyqırımların rəsmən adı çəkilir, xüsusilə 1905-1907, 1918-1920, 1948-1953 və 1988-1993-cü illərdə erməni millətçi, şovinist dairələri və onları dəstəkləyən  mürtəce qüvvələr tərəfindən bütün Zaqafqaziya miqyasında azərbaycanlı əhaliyə qarşı aparılmış düşmənçilik siyasətinin kökləri açılır. "Böyük Ermənistan" xülyasını həyata keçirməyin əsas yolunu tarix boyu bu ərazilərin yerli sakini olmuş azərbaycanlıların məhv edilməsində, köçürülməsində, onların tarix və mədəniyyət abidələrinin dağıdılmasında, yer adlarının dəyişdirilməsində görən antiazərbaycan qüvvələrinin mənfur fəaliyyətinə siyasi qiymət verilir.
Dərs başa çatdıqdan sonra qrup rəhbəri leytenant Təbriz Əzizov bildirdi ki, şəxsi heyətin döyüş ruhunun və mənəvi-psixoloji hazırlığının yüksəldilməsində ictimai-siyasi hazırlıq dərslərinin əhəmiyyəti böyükdür. Keçirilən dərslərlə şəxsi heyətin hərb tarixi biliklərini zənginləşdirir, onlarda ruh yüksəkliyi yaradaraq peşəkar döyüşçü kimi formalaşdırırıq.
Əsgər Hafiz Nəsirov söhbət zamanı bildirdi ki, xain erməni əsgərlərinin xalqımızın övladlarına verdiyi əzab əziyyətlərin qisasını cəsur əsgər yoldaşlarım Müzəffər Ali Baş Komandanın döyüş əmri ilə aldılar. "Düşmənin illərlə işğal etdiyi torpaqlarımızı məğrur oğullarımız cəmi 44 gün ərzində azad etdilər. Bununla bir daha bütün dünyaya sübut olundu ki, Qarabağ Azərbaycandır! Bu gün qalib Azərbaycan Ordusunun sıralarında xidmət etdiyim üçün qürur duyuram".
Əsgər Habil Əsgərov isə bildirdi ki, 2016-cı ilin Aprel döyüşləri Azərbaycan Ordusunun istənilən an torpaqlarımızı azad edə biləcək gücdə olduğunun sübutudur. "Yalnız bunu dərk etməyən düşmən 2020-ci il sentyabrın 27-də növbəti genişmiqyaslı təxribatlara əl atdı. Bu səbrimizin son damlası oldu. Əks-hücum əməliyyatına başlayan rəşadətli ordumuz düşmənin belini qırdı. Yüzlərlə canlı qüvvəsini məhv etdi. Hər gün mətin addımlarla irəliləyən ordumuz qısa müddətdə işğalçılığa son qoydu. Gücümüz qarşısında aciz qalan mənfurlar 10 noyabr tarixində bəyanat imzalamağa məcbur oldu. Bununla da torpaqlarımız gerçək sahibinə geri döndü. Haqq-ədalət bərqərar olundu. Əlbəttə, hər bir əsgər kimi, mən də qalib Azərbaycan Ordusunun sıralarında yer aldığım, Vətənim qarşısında övladlıq borcumu şərəflə yerinə yetirdiyim üçün fəxr edirəm".
Əsgərlərlə söhbətləşdikdən sonra xidmətlərində yeni-yeni uğurlara imza atmaqlarını arzu etdik. Leytenant Təbriz Əzizovun rəhbərliyi altında keçirilən məşğələnin gedişatından və əsgərlərin söhbətlərindən əmin olduq ki, onların mənəvi-psixoloji hazırlıqları yüksək səviyyədədir.

Orxan HÜSEYNLİ "Azərbaycan Ordusu"