Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

19 Mart 2022 19:00

Əsgər Vətən əmanətidir

Azərbaycan Ordusunda xidmət edən hərbi qulluqçuların döyüş hazırlığı ilə yanaşı, sosial-məişət şəraiti və qida norması da daim diqqət mərkəzində olan məsələlərdəndir. İşğaldan azad olunan ərazilərdə xidmət edən hərbi qulluqçuların lazımi qida rasionu ilə vaxtlı-vaxtında təmin olunması üçün arzuolunan şərait mövcuddur.
"N" hərbi hissəsinin əsgər yeməkxanasında yaradılan şəraitlə tanış olduq. Yeməkxana növbətçisi müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Kənan Rzayev əsgərin düzgün qidalanması, gündəlik ərzaq norması ilə bağlı məlumat verdi. “Qida rasionunda milli xörəklər üstünlük təşkil edir. Əsgərlərə immunitetin möhkəmləndirilməsi məqsədilə vitaminlər, fəslə uyğun meyvələr və tərəvəzlər verilir. Səliqə-sahmana, təmizlik və gigiyena qaydalarına ciddi əməl olunur. Mövcud pandemiya qaydalarını nəzərə almaqla, mülki işçilərimiz bütün məişət işlərini (yeməklərin hazırlanması, təmizlik işləri, səliqə-sahman) görürlər. Əsgərlərimizin üzərinə düşən isə komandirlərinin tapşırıqlarına əməl etmək, hərbi bilik və bacarıqlarını artırmaqdır. Vətənə xidmət edən oğullarımıza xidmət göstərməyi özlərinə müqəddəs vəzifə bilən ana və bacılarımızın əsgərlərimiz üçün bişirdiyi yeməklər olduqca ləzizdir. Aşpazlarımızın hər biri öz işinin peşəkarıdır. Əsgərlərin tələb olunan kalorili qida ilə təmin olunması çox mühüm məsələlərdəndir. Şəxsi heyət üçün hazırlanan yeməklərdə istifadə olunan ərzaqlar bir əsgərin ərzaq payı normasına əsasən bölüşdürülür. Saxlanma şəraiti də ciddi nəzərə alınan mövzulardandır. Müasir avadanlıqlar sayəsində ərzaqlar müvafiq kameralarda lazımi temperaturlarda tələb olunan normada qorunub saxlanılır. Həmçinin şəxsi heyətin əyləşdiyi zal da fəslə uyğun olaraq havalandırma sistemi ilə təchiz edilib. Bir sözlə, hərbi qulluqçuların qidalanmasının düzgün təşkil edilməsi üçün hərbi hissədə bütün lazımi şərait mövcuddur". Söhbət əsnasında öyrənirəm ki, Kənan 44 günlük Vətən müharibəsinin də iştirakçısıdır və döyüşlər vaxtı göstərdiyi xidmətlərə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən "Cəsur döyüşçü" medalı ilə təltif olunub.
Aşpazlar Afət Bağırova, Gülnar Tağıyeva və Gülbəniz Cabbarova uzun illərdir ki, əsgərlərimizin bir ana kimi qeydinə qalır, onlar üçün müxtəlif təamlar hazırlayırlar. Onların yeməklərini dadlı edən əsas səbəb əsgərlərin hər birinə doğma övladları kimi yanaşmaqlarıdır. "Onları dadlı qida ilə təmin etmək biz aşpazların vəzifə borcudur" deyən xanımlarımız gördükləri işdən qürur duyduqlarını vurğuladılar və burada yaradılan şəraitdən də məmnunluqlarını ifadə etdilər. Müsahiblərimdən Afət Bağırovanın bacısı oğlu hazırda "N" hərbi hissəsində hərbi xidmətdədir, Gülbəniz Cabbarovanın qardaşı oğlu Cəfər Cəfərov isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alır. "Əsgərlərimizi öz övladımız bilir, doğmalarımızdan ayırmırıq, çünki əsgər Vətən əmanətidir, onların hər biri bu gün müqəddəs amala xidmət edir. Hazırladığımız yeməkləri iştahla yeməkləri, üzlərində yaranan sevinc və gülüş bizə əvəzolunmaz könül xoşluğu aşılayır və peşəmizə olan sevgimizi artırır", - aşpazlar dedilər. Onu da qeyd etmək yerinə düşərdi ki, adı çəkilən aşpaz xanımlarımız "Dəmir yumruq" əməliyyatı zamanı da Azərbaycan əsgərini fasiləsiz qida ilə təmin etmək üçün səfərbər olublar. Onlar stasionar şəraitdə mərmi səsləri altında hərbçilərimiz üçün yeməklər bişirərək, əsl hünər göstərib, analıq və vətəndaşlıq borcunu layiqincə yerinə yetiriblər.
Əsgərlər Amin Rəşidov və Şahin Abdullayevlə də söhbətləşdik. Onlar yekdilliklə burada verilən yeməklərdən və bütövlükdə şəxsi heyət üçün hərbi hissədə yaradılan şəraitdən ağızdolusu danışdılar. Əslən Saatlı rayonundan olan Amin gənc yaşlarından idmanla məşğul olduğundan yüksək kalorili qidanın önəmini xüsusi qeyd etdi və qəbul edilən qidanın əsgərin gündəlik fəaliyyətinə də mühüm təsirindən danışdı. Şahin Azərbaycan Universitetinin məzunudur, o da öz növbəsində dadlı yeməklər bişirdikləri üçün aşpazlara hər dəfə minnətdarlığını bildirdiyini vurğuladı və göstərilən bu qayğının qarşılığını öz nümunəvi xidmətləri ilə verdiklərini bildirdi.
Burada olduğum müddətdə bir daha şahidi oldum ki, ordu quruculuğunda aparılan düşünülmüş siyasətin məntiqi nəticəsidir ki, əsgərlərin məişət şəraiti, təminatı ilə bağlı məsələlər hər zaman prioritet hesab olunub və bu gün də əsgərin xidməti şəraitinin yaxşılaşdırılması istiqamətində saysız-hesabsız işlər görülür. Göstərilən yüksək diqqət şəxsi heyətə əlavə stimul verir və onun döyüş əzmini daha da möhkəmləndirir. Bir sözlə, Azərbaycan əsgəri hər şeyin ən yaxşısına layiqdir - çünki o, Qalib Ali Baş Komandanın, Qalib Xalqın, Qalib Ordunun əsgəridir.

Fuad CƏFƏROV "Azərbaycan Ordusu"