Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

19 Mart 2022 19:00

Türkiyəli məktəblilərin məktubları Azərbaycan əsgərlərinə təqdim edilib

Bu günlərdə bir qrup türkiyəli məktəblinin Azərbaycan əsgərlərinə yazdığı sevgi və sayğı dolu məktubları ordumuzun hərbi qulluqçularına təqdim olunub və onlar da balaca şagirdlərin məktublarına cavablar göndəriblər.
30 ilə yaxın Qarabağın ermənilərin işğalı altında qalması hər bir azərbaycanlının qanayan yarası, nisgil yeri olmuşdu. Ali Baş Komandan İlham Əliyevin sülh çağırışı cavabsız qalır, düşmən tərəfindən mövqelərimiz atəşə tutulurdu. Azərbaycan xalqı isə heç vaxt bu işğala göz yummayacağını hər zaman bəyan edirdi. Nəticədə rəşadətli ordumuzun səyi nəticəsində torpaqlarımız işğal damğasından azad edildi. Qazanılan bu qələbə 44 günə sığdı. İmkansız görünəni Azərbaycan əsgəri mümkün etdi.
Yalnız 44 gün boyunca deyil, həmişə olduğu kimi müharibənin əvvəlindən indiki vaxta qədər türk qardaşlarımız yanımızdadır. Vətən müharibəsi zamanı Türkiyə Cümhuriyyətinin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın səsləndirdiyi nitqlər hər bir döyüşçü üçün əvəzolunmaz motivasiya və ruh yüksəkliyi demək idi. "Cəbhədə uğurla irəliləyən Azərbaycan Ordusu çox yeri işğaldan qurtardı. Qarabağ işğaldan azad edilənə qədər bu savaş davam edəcək. Biz dost və qardaş Azərbaycanın yanındayıq, hər zaman da yanında olacağıq", - sözlərini deyən Rəcəb Tayyib Ərdoğan hər bir əsgərimizə mənəvi güc verdi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vətən müharibəsində qələbəyə həsr olunmuş paradda Türkiyə Dövlətinə bu sözlərlə cavab verdi: "Vətən müharibəsinin ilk günlərindən, daha doğrusu, ilk saatlarından biz Türkiyənin dəstəyini hiss edirdik. Türkiyənin Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan ilk saatlardan Azərbaycanın haqq işinə öz dəstəyini verdi. Onun açıq, birmənalı və sərt açıqlamaları Azərbaycan xalqını çox sevindirdi. Mənim qardaşım demişdir ki, bu müharibədə Azərbaycan haqlıdır, demişdir ki, Azərbaycan tək deyil və Türkiyə hər zaman Azərbaycanın yanındadır. Bu, birliyimizin, qardaşlığımızın təzahürüdür. Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək hər bir Azərbaycan vətəndaşını qürurlandırır, sevindirir. Bu gün biz birlikdə Zəfər paradında iştirak edərkən, bir daha bizim birliyimizi həm xalqlarımıza, eyni zamanda, bütün dünyaya göstəririk".
Bu müharibə zamanı Türkiyənin yalnız dövlət başçısı deyil, kiçikdən-böyüyə hər bir vətəndaşı kömək etməyə və mənəvi dəstək olmağa çalışdı. Ermənistan silahlı qüvvələrinin gecə saatlarında Gəncəni və onun dinc əhalisini raket atəşinə məruz qoyması xəbərini dünyaya çatdıranlardan biri də jurnalist Fülya Öztürk idi. Türkiyəli jurnalistlər 44 gün boyunca Azərbaycanda mətbuat mənsubu olaraq aktiv fəaliyyət göstərdi, dərdimizə şərik oldu, Azərbaycan Ordusunun uğurlarına sevindi, qələbə xəbərini Azərbaycandan Türkiyəyə və dünyaya müjdələdi.
Qardaş və dost Azərbaycana mənəvi dəstək kampaniyasında türkiyəli məktəblilər daim fəallıq nümayiş etdirir, cəbhədən gələn hər bir xəbərə diqqətlə yanaşır, şəhidlərimizə kədərlənir, uğurlarımıza sevinib qələbələrimizlə qürur duyurdular. Onlar ordumuza, Azərbaycan əsgərinə olan dəstəklərini bildirmək üçün məktublar yazır, əl işi hədiyyələrini və video formatda olan təbriklərini qalib əsgərlərimizə göndərirdilər. Bu məktublar balaca əllərlə yazılsa da, türk dünyasına, elinə və türk yurduna sevgi ilə alışıb-yanan böyük ürəklərdən xəbər verirdi.
Belə dəstək aksiyasına qoşulanlardan biri də İstanbul şəhərinin, Sultanqazi rayonunun, İsmətpaşa məhəlləsində yerləşən Şəhit Furkan Doğan İmam Hatip Ortaokulunun şagirdləridir. Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə erməni işğalından azad edilmiş Laçın, Kəlbəcər və Şuşa rayonlarındakı hərbi hissələrdə tədbirlər keçirilmişdir. Tədbirlər zamanı türkiyəli şagirdlərin yazdıqları məktublar Vətən torpaqlarını göz bəbəyi kimi qoruyan Azərbaycan Ordusunun hərbi qulluqçularına çatdırılmışdır. "Əsgərə məktub" layihəsi çərçivəsində baş tutan tədbirdə qardaş Türkiyədən bir qrup məktəblinin göndərdiyi məktubları oxuyan əsgərlərimiz tərəfindən şagirdlərə minnətdarlıq dolu 46 cavab məktubu ünvanlanmışdır. Tədbirdə, həmçinin məktəblilərin məktublar yazmasına və Azərbaycan Ordusunun hərbi qulluqçularına çatdırılmasına yardımçı olan Şəhit Furkan Doğan İmam Hatip Ortaokulu məktəbinin İngilis dili müəllimi Muhammet Buğrahan Kılıca, eləcə də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Türkiyədəki Hərbi Attaşelik Aparatının əməkdaşlarının ünvanına da təşəkkürlər ifadə edilmişdir.
Əsgərlərimizin yazdığı cavab məktublarının bir neçəsinin qısa məzmununu oxucularımızla bölüşürük.
Qalib Azərbaycan Ordusunun əsgəri Adil Qədimovdan orta məktəb şagirdi Muhammed Akifə cavab məktubu.
"Vətən keşiyində dayanan məğrur əsgər olaraq Muhammed Akifə təşəkkürümü bildirirəm. Bizləri nəzərlərində saxladıqlarına görə minnətdaram. Sizləri azad edilmiş Qarabağ torpaqlarında görmək istərdik. Diləyim dövlətlərimizin qardaşlığının əbədi olmasıdır. Bizlərə yazdığınız hər bir məktub üçün sizə təşəkkür edirik".
"Salam olsun Türk qardaşlarımıza. Məktubunuzu aldım və oxudum. Bunun üçün sizlərə təşəkkür edirəm. Xoş diləkləriniz, arzularınız bizi daha da ruhlandırdı. Biz qardaş ölkəyik, hər zaman bir-birimizə dəstəyik", - əsgər Nəriman Hüseynovdan orta məktəb şagirdi Esma Cemilə cavab məktubu.
Əsgər İsmayıl Zeynalovdan türkiyəli orta məktəb şagirdi Ahmet Emir Özdemirə.
"Ahmet və bütün türk qardaşlarımıza yanımızda olduqları üçün sonsuz minnətdaram. Biz də hər zaman sizin yanınızdayıq və hər zaman da olacağıq. Bu gün bir əsgər kimi Vətənə xidmət etdiyim üçün fəxr edir, qürur duyuram. Siz də gələcəyin əsgərləri olaraq Vətəninizin hər qarışını göz bəbəyi kimi sevin. Tanrı Türkü qorusun. Yaşasın Azərbaycan, yaşasın Türkiyə! Qarabağ Azərbaycandır!".

Hüsniyyə İDRİSOVA "Azərbaycan Ordusu"