Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

19 Mart 2022 19:00

Peşəkarlıq və əzmkarlıq uğurlara yol açır

Çöl məşğələsi keçən istehkamçıların hərəkətlərini yaxından izlədikcə bir daha inanırsan ki, döyüşlər zamanı bu ixtisas sahiblərinin üzərinə olduqca məsuliyyətli və zəruri vəzifələr düşür. Qarşıya qoyulan bu vəzifələri icra etmək üçün zabit və əsgərlərimiz daim nəzəri və əməli məşğələlər keçir, bacarıq və peşəkarlıqlarını artırırlar ki, komandirin verdiyi əmr və tapşırıqları bacarıqla, qüsura yol vermədən yerinə yetirsinlər. Daim uğur qazansınlar.
Hərbçilər arasında istehkamçılar haqqında məşhur bir deyim var: "İstehkamçılar yalnız bir dəfə səhv edirlər". Barələrində deyilən bu sözlər onları qorxutmur. Çünki onlar ixtisaslarını sevirlər, ona ürəkdən bağlıdırlar. İstehkamçılar təcrübə və peşəkarlıqlarını həm nəzəri, həm də əməli məşğələlərdə artırırlar. Dərslərin daha da səmərəli keçirilməsi üçün komandanlıq həm tədris otaqlarında, həm də səhra şəraitində geniş imkanlar yaradıb. Bunun nəticəsidir ki, şəxsi heyətin döyüş hazırlığı yüksək səviyyədədir. İstehkamçılar bacarıqlı və peşəkar olduqlarını Vətən müharibəsində bir daha göstərdilər. Onlar İkinci Qarabağ müharibəsində torpaqlarımızın azadlığı naminə qarşılarında dayanan vəzifələrin öhdəsindən bacarıqla gəldilər. Ordu hissələrinin düşmən üzərinə hücuma keçmələri üçün təhlükəsizlik dəhlizləri açdılar, sədləri yardılar, düşmənin maneələrini dəf etmək döyüşçülərimizə yardımçı oldular. Zabit və əsgərlərimiz isə bu sahələrdən bacarıqla keçərək əks-hücum əməliyyatlarını zəfərlə başa çatdırdılar. Bir sözlə, istehkamçılar döyüşlər zamanı üzərlərinə düşən tapşırıqların öhdəsindən bacarıqla gəldilər, böyük qəhrəmanlıqlar göstərdilər.
Vətən müharibəsində qalib gəlmiş istehkamçılar əldə etdikləri uğurlara arxayınlaşmadan yenə də təlim keçir, bacarıq və səriştələrini artırırlar. "N" hərbi hissəsində istehkamçıların təlim-məşqlərini yaxından izləmək imkanı qazanırıq.  
İstehkamçılara təlim keçən leytenant Adəm Novruzlu dərsin mövzusunu şəxsi heyətə izah edir, verilən tapşırıqları yerinə yetirərkən tələb olunan zəruri hərəkətlər haqqında onlara əhatəli danışır. Gənc zabit məşğələnin mövzusunu ətraflı izah etdikdən sonra əsgərlərdən birini sıranın qarşısına çağırır və ona bir az əvvəl göstərdiyi hərəkətləri təkrar etmək tapşırığını verir. Əyani vəsaitlərdən səmərəli istifadə edən əsgər komandirin tapşırığını bacarıqla yerinə yetirir. Məşğələyə qatılan digər əsgərlər növbə ilə irəli çıxaraq mənimsədikləri vərdişləri təkrar-təkrar göstərirlər. Məşğələ davam etdikcə şəxsi heyətin necə də bacarıqlı və peşəkar olduğunu görürük. Bu isə gələcək uğur və zəfərlərdən xəbər verir.
Məşğələdə fasilə elan olunanda istehkamçılarla görüşüb söhbət edirik, onlarla yaxından tanış oluruq. Leytenant Adəm Novruzlu deyir ki, əsgərlərimizin hazırlığı, peşəkarlığı yüksək səviyyədədir. “Buna görə də hərbi hissənin şəxsi heyəti Vətən müharibəsində qarşıya qoyulan bütün döyüş tapşırıqlarının öhdəsindən bacarıqla gəldi, zabit və əsgərlərimiz böyük igidlik göstərdilər. Qoşunlarımızın təhlükəsiz şəkildə irəliləməsi üçün strateji nöqtələrdən dəhliz açıldı. Döyüşçülərimiz bu təhlükəsiz yerlərdən keçərək işğalçıların üzərinə hücum edib, bir-birindən uğurlu döyüş əməliyyatlarının iştirakçısı oldular. Torpaqlarımızın azadlığı naminə hamımız erməni işğalçılarına qarşı cəsarətlə vuruşduq. İkinci Qarabağ müharibəsində hər kəs üzərinə düşən tapşırıqların öhdəsindən bacarıqla gəldi. Buna görə də biz Vətən müharibəsində illərdən bəri yurdumuzu işğalda saxlayan düşmənə sarsıdıcı zərbələr endirərək, torpaqlarımızı azad etdik. Qələbələrimizin davamlı olması üçün komandanlığın təsdiq etdiyi döyüş hazırlığı planına uyğun olaraq dərs və məşğələlər keçir, əsgərlərimizin bilik və təcrübələrini daha da artırırıq.
Bugünkü məşğələnin mövzusu "Tank əleyhinə minanın torpaq səthinə qurulması"dır. Bir qayda olaraq, biz məşğələlərin mövzularını əsgərlərimizə əhatəli şəkildə izah edirik. Onların vərdiş və bilikləri dərindən mənimsəmələri üçün əyani vəsaitlərdən də bacarıqla istifadə olunur. Məşğələlər döyüş şəraitinə uyğun keçirildiyindən şəxsi heyət həvəslə iştirak edir. Məqsədimiz odur ki, əsgərlərimizin bilik və bacarıqlarını daim yüksək səviyyədə saxlayaq ki, döyüşlər zamanı tapşırıqların öhdəsindən bacarıqla gəlsinlər”.
- Hərbi hissəmizin şəxsi heyəti Vətən müharibəsində böyük igidlik və qəhrəmanlıq göstərdi. Zabit və əsgərlərimizin erməni qəsbkarları üzərində qələbə qazanmasından qürur duyuruq, - deyə əsgər Elvin Ələkbərov söhbətimizə qoşuldu. - Yaxşı bilirik ki, qələbələrin əldə olunmasında döyüş hazırlığının yüksək olması böyük əhəmiyyət daşıyır. Ona görə də dərs və məşğələlərdə fəal iştirak edərək biliklərimizi daim təkmilləşdiririk. Çalışırıq ki, sələflərimizin zəfər dolu döyüş yollarını yeni-yeni uğurlarımızla davam etdirək.
Şəxsi heyətin məşğələsini yaxından izləyən baş leytenant Fərahim Baratoğlu bizimlə söhbətində dedi ki, zabit və əsgərlərimizin təkcə döyüş hazırlığı deyil, mənəvi-psixoloji hazırlığı da yüksək səviyyədədir. “Çünki müntəzəm olaraq ideoloji dərslər keçirilir, mövzular geniş şəkildə onlara izah olunur. Həm döyüş hazırlığı, həm də mənəvi-psixoloji hazırlığı yüksək olan əsgərlərimiz tapşırıqları peşəkarlıq və əzmkarlıqla yerinə yetirir, onların öhdəsindən bacarıqla gəlirlər”.
Əsgərlərdən Fuad İsgəndərov, Habil Əsgərov, İlqar Əliyev, Danil Volodin və başqaları ilə də söhbət etdik. Əmin olduq ki, təlimlərdə mənimsədikləri bilik və vərdişlər gələcək xidmətlərində onlara böyük uğurlar qazandıracaq.
 
Vahid MƏHƏRRƏMOV "Azərbaycan Ordusu"

Fotolar Namiq PƏNAHOVUNDUR