Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

16 Mart 2022 15:10

“İdman insanları həm fiziki, həm də mənəvi cəhətdən yüksəldən bir vasitədir”

"N" hərbi hissəsindəyik. Günün ikinci yarısıdır.  Zabit Fərahim Baratoğluyla hərbi hissədə şəxsi heyətin gündəlik fəaliyyətindən danışırıq. Fərahim deyir ki, bu fəaliyyətlərin hamısı günün nizam qaydaları ilə tənzimlənir. Əsgərlərə döyüş hazırlığı ilə yanaşı, ictimai-siyasi və fiziki hazırlıq məşğələləri, siyasi məlumatlandırma və digər dərslər təşkil olunur. Bu dərslərin hamısı  həm səmərəli keçirilir, həm də komandirlər tərəfindən ciddi nəzarətdə saxlanılır. Fərahimlə söhbətimizi biraz aralıda yüksələn marş səsləri pozur. Saatına baxan zabit şəxsi heyətin fiziki hazırlıq vaxtının çatdığını deyir. Birlikdə idman şəhərciyinə gedirik. İdman şəhərciyi idman qurğuları və səliqə-sahmanı ilə diqqətimi çəkir. Burada ən tənbəl, idmana marağı olmayan insan belə məşq etmək həvəsinə düşər. Əsgərlər komandirlərinin rəhbərliyi ilə marş sədaları altında idman şəhərciyinə yanaşırlar. Təyin olunmuş yerdə və formada düzülürlər. Əvvəlcə  leytenant Təbriz Əzizovun göstərişi ilə isinmə-gərilmə hərəkətləri icra olunur. Sonra isə əsgərlər turnikdə dartınma, arxası üstə uzanmış vəziyyətdən gövdənin qaldırılması məşqlərini, paralelqollarda və başqa idman qurğularında digər fiziki hərəkətləri icra edirlər. Bu hərəkətləri hər birinin böyük həvəs və çevikliklə yerinə yetirdiyini izləyirik. Gördüklərimdən əminliklə deyə bilərəm ki, şəxsi heyətin fiziki hazırlığı yüksəkdir.
Ümumiyyətlə, idman insanların mənəvi və fiziki sağlamlığında mühüm rol oynayır. İdman bizi nəinki sağlamlaşdırır, həm də özünə inam hissi aşılayır. İdman insanların sağlamlığına xidmət edən ən mühüm amil, uşaq və gənclərin mənəvi tərbiyəçisidir. Hal-hazırda idman dünyanın hər yerində insanların həyat tərzinin ayrılmaz hissəsidir. Məşhur fizioloq, Nobel mükafatı laureatı İvan Pavlovun tarixə düşən "Təbiətin ən ali məhsulu olan insan ən mürəkkəb və ən zərif sistemdir. Lakin təbiətin sərvətindən istifadə etmək üçün insan sağlam, qüvvətli və ağıllı  olmalıdır. Bunun üçün də mütəmadi olaraq idmanla məşğul olmalıdır" fikirləri də idmanın insanların sağlamlığı və fizioloji formalaşması üçün vacibliyini bir daha göstərir.
Ölkəmizdə də dövlət qayğısı ilə əhatə olunan  idman geniş miqyasda yayılıb. Gələcəyimiz olan gənc nəslin sağlamlığı, fəal həyat tərzi keçirməsi bütün arzuların üstündə dayanır. Uşaq və yeniyetmələrin bu sahəyə fəal surətdə cəlb olunması istiqamətində mühüm işlər görülür. Bu sahədə aparılan uğurlu siyasətin nəticəsində bu gün respublikamızın hər sahəsində idmana böyük maraq və diqqət var. Bütün sahələrdə olduğu kimi ordu quruculuğunda da idmana yüksək diqqət göstərilir. Bu gün izlədiyim fiziki hazırlıq məşğələsi də buna bariz nümunə oldu. Həm əsgərlər idmana həvəslidirlər, həm də onların  idman etməsi üçün hər cür şərait yaradılıb. Qeyd etdiyim kimi idmanın insan orqanizminə bir çox xeyirli tərəfləri var. Onun hərbi qulluqçular üçün digər vacib tərəflərini, döyüş hazırlığına təsirlərini və bu kimi məlumatları  idman şəhərciyindəki şəxsi heyətdən öyrənirəm. Atalar sözlərindən birində deyir: "Aşın az-çoxun qazan bilməz, qab bilər, yolun az-çoxun ər bilməz, at bilər". Ona görə də idmanın hərbi xidmətdəki vacibliyini hərbçilərimizin öz dilindən öyrənirəm.
Fiziki hazırlıq məşğələsinə nəzarət edən zabit bildirir ki, hər sahədə olduğu kimi, Vətənimizin müdafiəsində duran hərbi qulluqçularımız tərəfindən də idmana böyük həvəs və maraq var. "Şəxsi heyətin gündəlik fəaliyyətindən danışdıqda fiziki hazırlıq saatlarını mütləq qeyd etməliyik. Fiziki hazırlıq sağlamlığın möhkəmləndirilməsi ilə yanaşı, həm də döyüş qabiliyyətinin artırılmasına istiqamətlənmiş fəaliyyət prosesidir. İmdanla məşğul olan hərbi qulluqçu daha möhkəm, dözümlü, mübariz, bacarıqlı və özgüvəndə olur, yüksək əhval-ruhiyyədə xidmət edir. Yüksək fiziki göstəricilərə malik əsgərlər verilən tapşırıqları daha çevik və dəqiq yerinə yetirirlər. Buna görə də onların yüksək döyüş qabiliyyətinə malik, bacarıqlı əsgərlər kimi formalaşması prosesində idmanla məşğul olmaları mühüm yer tutur. Ordumuzun bütün bölmələrində olduğu kimi, burada da idmanla məşğul olmağımız üçün müasir idman avadanlıqları ilə təchiz olunmuş idman şəhərciyi salınıb. Fiziki hazırlığın mahiyyətini yaxşı başa düşən əsgərlərimiz də bədən tərbiyəsinə xüsusi diqqət göstərir, yüksək həvəslə idmanla məşğul olurlar", - leytenant Təbriz Əzizov deyir.
Zabitin dediyi kimi əsgərlərin idmana olan maraqlarının əyani şahidi oldum. Əsgərlər komandirlərinin göstərişinə əsasən idman şəhərciyindəki alətlərdə həvəslə, yorulmadan məşq edir, idman hərəkətlərini bacarıqla yerinə yetirirdilər. İmkan tapdıqca onların da düşüncələrini öyrəndim. İlk həmsöhbətim əsgər Səbuhi Hüseynov hərbi xidmətin onlara bir çox üstün keyfiyyətlər aşıladığını bildirir. "Əsgərlik həyatı hərbi biliklər öyrənməklə yanaşı, müsbət vərdişlər də aşılayır. Bu vərdişlərin ən vacibi idmandır. Hərbi xidmətə gələndən idmana olan marağım daha da artıb. Həmçinin fikizi göstəricilərimi də yüksəltmişəm. Özümü daha gümrah, sağlam və enerjili hiss edirəm. Bunlar da xidmətimin nümunəvi və uğurlu təşkilində mühüm rol oynayır".
Əsgər Hafiz Vəzirov isə deyir ki, fiziki hazırlığın mahiyyətini döyüş hazırlığı dərslərində, təlimlərdə daha aydın hiss edirik. "Aramızda fiziki cəhətdən kim daha hazırlıqlıdırsa, verilən tapşırıqları o daha cəld və çevik yerinə yetirir. Ona görə də hər birimiz çalışırıq ki, idman saatlarından səmərəli istifadə edib, fiziki göstəricilərimizi artıraq. Sağ olsun dövlətimiz, hər təminatımızla yanaşı, idmanla məşğul olmamız üçün də yaxşı şərait yaradıb. Bizim üzərimizə bircə iş düşür, bu şəraitdən faydalanıb sağlam, güclü, yüksək döyüş qabiliyyətli əsgərlər kimi formalaşaq".
Digər əsgərlər də silahdaşları kimi eyni mənalı fikirlər səsləndirirlər. Dövlət sərhədlərimizin müdafiəsində inamla dayanan, rəşadətli ordumuzun adına layiqli, mərd və cəsur əsgərlər kimi formalaşmalarında bədən tərbiyəsinin rolunun əvəzsiz olduğunu bildirirlər.
Azərbaycanın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində olduğu kimi, idman sahəsi də müstəqil dövlətimizin qurucusu ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Tariximizə, öz xalqının milli xüsusiyyətlərinə dərindən bələd olan, gənclərimizin idmana marağını yüksək dəyərləndirən və bu sahənin inkişafına və kütləvililiyinə hər zaman xüsusi diqqət göstərən Ulu Öndər demişdir: "İdman insanları həm fiziki, həm də mənəvi cəhətdən yüksəldən bir vasitədir".

Mahmud MÖHBALIYEV "Azərbaycan Ordusu"