Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

16 Mart 2022 15:03

Vətən uğrunda canından keçməyə hazır ata və oğul

Mayor Kərimov Vüsal Aslan oğlu Vətən müharibəsinin iştirakçısıdır. Əks-hücum əməliyyatının ilk günlərindən üzərinə düşən bütün tapşırıqların öhdəsindən bacarıqla gəlib. Döyüşlər zamanı əldə etdiyi uğurlara görə Ali Baş Komandanın Sərəncamı ilə "Şücaətə görə" medalına layiq görülüb.
Vətən müharibəsində qazanılan Qələbədə təkcə ön xətdə vuruşanların deyil, onları silah-sursatla, yanacaqla, texnika ilə, ərzaqla və başqa zəruri vasitələrlə təmin edənlərin də zəhməti var. Mayor Vüsal Kərimovun rəhbərlik etdiyi zabit və əsgərlər İkinci Qarabağ müharibəsində torpaqlarımızın azadlığı uğrunda döyüşənləri texniki vasitələrlə təmin edib. Müharibənin davam etdiyi günlərdə onlar komandanlığın qarşıya qoyduğu bütün tapşırıqları cəsarətlə yerinə yetiriblər. Düşmən üzərində qələbəmiz naminə çalışıblar. Sonda qələbə sevincini yaşayıblar.
Söhbət zamanı mayor Vüsal Kərimovun ömür və döyüş yolu ilə yaxından tanış olduq. Öyrəndik ki, o, 15 noyabr 1987-ci ildə Kürdəmir rayonunun Pirili kəndində anadan olub. Sonra valideynləri Bakıya köçüb. 9-cu sinfə qədər 276 nömrəli məktəbdə oxuyub. Kiçik yaşlarından hərbçi olmaq qərarına gəlib. 2003-cü ildə C.Naxçıvanski adına Hərbi Liseyə qəbul olub. Təhsil ocağında bilik və hərbi vərdişlərini daha da zənginləşdirib. Üç ildən sonra - 2006-cı ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olub, motoatıcı ixtisasına yiyələnib. 2010-cu ildə hərbi ali təhsilini uğurla başa vurub. Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində zabit ixtisasartırma kursunu keçib. 2011-ci ildə taqım komandiri kimi cəbhə bölgəsində yerləşən hərbi hissədə xidmətə başlayıb.
Qəhrəmanlıq tariximizə böyük hərflərlə yazılmış Aprel döyüşləri zamanı xidmət etdiyi hərbi hissənin şəxsi heyəti də əməliyyatlara cəlb olunub. Zabit Vüsal Kərimov Tapqaraqoyunlu və Talış kəndləri istiqamətində vuruşub. Aprel döyüşlərində kifayət qədər təcrübə qazanıb. Vətən müharibəsi zamanı həmin təcrübə ona uğurlar qazandırıb. İkinci Qarabağ müharibəsində zabitin rəhbəri olduğu bölmə döyüşən qüvvələri texniki vasitələrlə təmin etmək kimi vacib bir tapşırığı yerinə yetirib. Texniki-təminat və təmir məntəqəsində zədələnmiş, nasaz vəziyyətə düşmüş avtomobillərin qısa müddət ərzində cəbhə xəttindən çıxarılmasına və işlək vəziyyətə gətirilməsinə nail olublar. 44 gün ərzində zabit Vüsal Kərimov tabeçiliyində olan şəxsi heyət ilə birlikdə qələbəmiz naminə üzərlərinə düşən döyüş tapşırıqlarının öhdəsindən bacarıqla gəlib.
- Döyüşlər zamanı üç avtomobilimiz ərazidə qalmışdı, - deyə zabit əks-hücum əməliyyatları zamanı düşdükləri təhlükəli vəziyyətdən və bu anlarda göstərdikləri fədakarlıqdan söz açdı. - Biz maşınlarımızı həmin sahədə qoya bilməzdik. Necə olursa-olsun, texnikaları oradan çıxartmalıydıq. Qaranlıq düşən kimi bacarıqlı və qorxmaz əsgərlərimizlə təhlükəsiz yerlərdən keçib avtomobillərimizin yanına getdik. Xoşbəxtlikdən düşmən texnikalarımızı vurmamışdı. Maşınların hər üçünün mühərrikini tez işə saldıq. Sürücülərimiz avtomobillərin işıqlarını yandırmadan onları təhlükəli zonadan çıxartdılar. Sürücülərimizin cəsarəti və bacarığı sayəsində texnikalarımız düşmən əlinə keçmədi.
Söhbət əsnasında mayor Vüsal Kərimovdan onu da öyrəndik ki, atası Aslan Kərimov Birinci Qarabağ müharibəsində iştirak edib, erməni qəsbkarları ilə vuruşub, yurdumuzu düşmənlərdən qoruyub. Təəssüflər olsun ki, Ağdam rayonu uğrunda gedən döyüşlərin birində ağır yaralanıb. Zabit Vüsal Kərimov 28 ildən sonra atasının yarımçıq qalmış döyüşlərini uğurla davam etdirib. Və bu döyüşlər Azərbaycan Ordusunun qələbəsi ilə başa çatıb. Bu Qələbəni ata da, oğul da hər zaman qürurla xatırlayacaqlar!
Ataya da, oğula da hərbi mundir geyinib Vətən uğrunda döyüşmək, ərazi bütövlüyümüzün bərpası üçün xidmət etmək həyatın bəxş etdiyi nemətdir. Bu neməti Vətən bilib döyüşənlər ölümü şərbət bilib candan keçməyə hazır oldular. Vüsalın da, atasının da Vətən uğrunda fədakarlığı hər kəsə örnəkdir.

Vahid MƏHƏRRƏMOV "Azərbaycan Ordusu”