Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

16 Mart 2022 14:47

Nizam-intizam sıradan başlayır

Hərbi xidmət dövründə hərbi qulluqçuların təlim və tərbiyəsində mühüm rol oynayan amillərdən biri də sıra hazırlığıdır. Hər zaman deyildiyi kimi şəxsi heyətin nizam-intizamı sıradan başlayır. Sıra Nizamnaməsinə əsasən keçirilən dərslərdə hərbçilərə silahsız və silahla hərəkətlər, düzgün addımlama, əsgəri salamlaşma, rəisə yaxınlaşma, habelə yerdəyişmə qaydaları öyrədilir. Mütəmadi olaraq keçirilən sıra hazırlığı məşğələlərində hərbi qulluqçuların tək və bölmə tərkibində düzgün hərəkət qaydaları təkmilləşdirilir.
"N" hərbi hissəsində bir qrup şəxsi heyətin sıra meydanında plana uyğun olaraq sıra hazırlığı keçdiyinin şahidi olduq. Əsgərlər verilən komandaları yerinə yetirərək eyni anda ayaqlarını yerdən qaldırıb endirir, silahla və silahsız hərəkətləri icra edirdilər. Onların sıra hazırlığı elementlərini belə nizami şəkildə və cəld yerinə yetirməsini kənardan izləmək hər birimizdə xoş təəssürat yaradırdı. Əsgərlərimizin gözlərindən Vətən sevgisi, torpaq sevdası aydın sezilirdi. Əlbəttə, belə vətənpərvər oğulların mətin addımları dosta güvən, düşmənə qorxu yaratmağa kifayətdir.
Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş Nicat Abbasov əsgərlərin sıra hazırlığının yüksək səviyyədə olduğunu deyərək söhbətə başladı. "Sıra hazırlığı dərsləri mütəmadi olaraq günün nizam qaydasına uyğun sıra meydanında keçirilir. Bütün dərslərdə olduğu kimi, sıra hazırlığı məşğələlərində də əsgərlərimiz fəal iştirak edirlər. Xidmətə yeni başlayan əsgərlər ilk günlərdə sıra elementlərini icra etməkdə müəyyən çətinliklər çəksələr də, bu gün artıq onların hər biri əsl hərbçi kimi formalaşıb.  Verilən komandaları asan qavrayır, cəld və nöqsansız icra edirlər. Şəxsi heyətin döyüş ruhu kimi, sıra hazırlığı da yüksək səviyyədədir. Hərbi xidmət dövründə keçirilən məşğələlər əsgərləri təkmilləşdirir, onları döyüşə hazırlayır. Döyüş ruhu da sıra meydanından başlayır. 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbə ordumuzun hərtərəfli hazırlığının, keçirilən məşğələlərin effektivliyinin bariz nümunəsidir".
Sıra hazırlığı ilə bağlı söhbətimi əsgər Hüseyn Hüseynovla davam etdirdim. Ağstafa rayonundan xidmətə çağırılan Hüseyn hərb sənətinin sirlərini ona öyrədən təcrübəli komandirlərinin olmasına çox sevindiyini dedi. "Əsgər olmaq hər birimizin uşaqlıq arzusudur. Hərbi formanı geyinib, Vətənimizin müdafiəsində dayanmaqdan böyük sevinc ola bilməz. Həm zabitlər, həm də çavuşlar bizə hərbin bütün sirlərini öyrədirlər. Hər gün daha da çox təcrübə qazanır, yeni döyüş vərdişlərinə yiyələnirik. Öyrəndiklərimizi xidmətimiz dövründə əxz etdiririk. Məqsədim nizam-intizamla xidmət etmək, ordumuza layiqli əsgər olmaq, valideynlərimin yanına başıuca qayıtmaqdır".
Əsgər Habil Əsgərov keçirilən məşğələlərdən səmərəli istifadə etdiklərini bildirdi. "Yaxşı hərbçi nizam intizamı ilə seçilməlidir. Nizam-intizam da sıradan başlayır. Hər birimiz üzərimizə düşən vəzifənin məsuliyyətini başa düşürük. Güclü ordunun layiqli əsgərləri olmaq üçün komandirlərimizin döyüş təcrübəsindən maksimum yararlanaraq hərbi biliklərimizi artırırıq. Komandirlərimiz də bu yolda köməkliklərini əsirgəmirlər. Onlar döyüş meydanında düşmənə qarşı amansız olmağı, silah və texnikalardan düzgün istifadə qaydalarını öyrədirlər".
Digər əsgərlər də söhbət zamanı öz vəzifələrini layiqincə yerinə yetirməyə çalışdıqlarını, Vətənə sədaqətlə xidmət etdiklərini, qarşıya qoyulan bütün tapşırıqları uğurla yerinə yetirməyə hər an hazır olduqlarını dedilər.

Oruc MUSTAFAYEV "Azərbaycan Ordusu"