Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

12 Mart 2022 12:00

Şəhid zabitə həsr olunan kitabın təqdimatı keçirildi

Vətən müharibəsi şəhidi baş leytenant Həsənağa Abdullazadənin doğum günü ilə əlaqədar Müdafiə Nazirliyinin hərbi qulluqçularının, Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının kollektivinin, şəhidin ailə üzvlərinin, doğmalarının, döyüş yoldaşlarının və ictimaiyyət nümayəndələrinin iştirakı ilə İkinci  Şəhidlər xiyabanında xatirə tədbiri keçirildi. Şəhidin məzarı ziyarət edilərək önünə tər qərənfillər düzüldü, ruhuna dualar oxundu.
Şəhid baş leytenant Həsənağa Abdullazadəyə həsr olunmuş xatirə tədbiri AMEA-nın Mərkəzi Elmi Kitabxanasının Şuşa zalında davam etdi. Şəhidin anası Səmilə Abdullayevanın şəxsi təşəbbüsü ilə ərsəyə gətirilən "Bu dünyanın Həsənağası" adlı kitabın və eyniadlı sənədli filmin təqdimatı oldu.
Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın suverenliyi, müstəqilliyi uğrunda şəhid olan Vətən övladlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.  
Təqdimatda iştirak edən millət vəkilləri Razi Nurullayev, Vüqar İsgəndərov, AMEA-nın Mərkəzi Elmi Kitabxanasının baş direktoru, professor Məmməd Əliyev, Yeni Azərbaycan Partiyasının Suraxanı rayon təşkilatının əməkdaşı Salman Əbdülov, Suraxanı rayon İcra Hakimiyyətinin nümayəndəsi, ehtiyatda olan polkovnik-leytenant Elmar Hüseynov, filmin rejissoru Teymur Zahidoğlu, şəhid anaları və digər qonaqlar çıxış edərək, 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun parlaq Qələbəsindən, Ali Baş Komandanın qətiyyətindən, yüksək diplomatik bacarığından, torpaqlarımız uğrunda canından keçən, ölümün gözünə dik baxan Vətən oğullarının gələcək nəslə örnək olan şanlı döyüş yollarından, şəhid baş leytenant Həsənağa Abdullazadədən bəhs edən kitabın əhəmiyyətindən danışdılar.
Bildirildi ki, Həsənağa kimi xalqımızın qəhrəman, mərd, vətənpərvər oğulları sayəsində 30 ilə yaxın müddətdə erməni faşistləri tərəfindən işğal olunan tarixi torpaqlarımız azad olundu. Qanları, canları bahasına torpağı Vətən edən bu şəhid oğullar heç zaman unudulmayacaq, onların əziz xatirəsi daima xalqımızın qəlbində əbədi yaşayacaq. Doğulduğu Lənkəran şəhərinin küçələrdən biri şəhid zabitimizin adını daşıyır. Şəhərin mərkəzi küçələrindən birində şəhid baş leytenant Həsənağa Abdullazadənin xatirəsinə  bulaq kompleksi tikilib. Şəhidlər ölmür. Şəhid ömrü əbədiyyət qazanan ömürdür. Dövlət qayğısı ilə daima əhatə olunan şəhid ailələrimiz cəmiyyətdə ən hörmətli ali insanlar hesab olunurlar.
Şəhidin anası Səmilə Abdullayeva şəhid ailələrinə göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və tədbirin təşkilatçılarına minnətdarlığını ifadə etdi.
"Bu dünyanın Həsənağası" adlı sənədli film tədbir iştirakçılarına təqdim olundu.
Təqdimat mərasiminin sonunda qonaqlar Mərkəzi Elmi Kitabxananın Qarabağ müharibəsi Fondunda qorunub saxlanılan qəhrəmanlara aid fotoşəkillər, sənədlər, videoçarxlarla tanış oldular.
Vətən müharibəsi şəhidi baş leytenant Həsənağa Abdullazadənin doğum gününə həsr olunmuş xatirə tədbiri ehsan süfrəsi ilə sona çatdı.

Lalə HÜSEYNOVA "Azərbaycan Ordusu"