Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

12 Mart 2022 12:00

Muradın “Murad”ı

Sabunçu Gənclər evində şəhid leytenant Murad Nağıyevin anım mərasimi keçirildi. Mərasimdə şəhidin ailə üzvləri, millət vəkilləri Fazil Mustafa və Ceyhun Məmmədov, hərbçi dostları, müəllimlər və ictimaiyyət nümayəndələri iştirak edirdilər.
Tədbirdə xalqımızın ümummilli lideri Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Ermənistan ordusu 30 ilə yaxın torpaqlarımızın 20 faizini işğal altında saxlasa da, xalqımız heç zaman düşmənin bu işğalı ilə barışmadı. Dövlətimiz hər zaman torpaqlarımızı azad etmək üçün həm diplomatik, həm də ordunu gücləndirmək yolunu tutdu. 2020-ci il sentyabrın 27-də başlayan əks-hücum əməliyyatı ilə Azərbaycan Ordusu 44 gün ərzində xalqımıza tarixi Zəfər yaşatdı. Bu Zəfərin əldə olunmasında tankçı Murad kimi xalqımızın yüzlərlə qeyrətli oğlu silaha sarılaraq erməni işğalına son qoydu.
Şəhidin anası Xavər xanım bildirdi ki, Murad 14 yaşından əyninə hərbi libas geyinib. Ömrünü Vətənə, hərbi xidmətə bağlamışdı. Həsrətində olduğu zabit rütbəsini çiynində həvəslə gəzdirirdi. Lakin Murad qısa və şərəfli zabit həyatını yaşadı. İgidliyi ilə təkcə tanıyanların deyil, bütün xalqın sevimlisinə çevrildi.  
Leytenant Murad Nağıyev tankçı olsa da, o, bədii yaradıcılığa da böyük maraq göstərirdi. Onun yazdığı şeirlər toplusu və döyüş yolu haqqında kitabının da təqdimatı keçirildi. "Murad" kitabının ideya müəllifi Orxan Nağıyev bildirdi ki, kitabda şəhid Murad Nağıyevin yazdığı şeirlər, ailə üzvlərinin, döyüşçü yoldaşlarının, dostlarının xatirələri və fotoları yer alıb.  
Kitabın redaktoru İbrahim İlyaslı bildirdi ki, bu kitab həm də şəhidin xatirəsinə ucaldılmış bir abidədir.
Tədbirdə çıxış edən millət vəkilləri Fazil Mustafa və Ceyhun Məmmədov İkinci Qarabağ müharibəsində xalqımızın vətənpərvər oğullarının göstərdiyi şücaətdən danışdılar. Dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi altında 44 gün ərzində ordumuzun böyük qələbə qazandığını qeyd etdilər.
Daha sonra şəhid leytenant Murad Nağıyevin döyüşçü dostları, müəllimlər və başqa qonaqlar çıxış edərək bildirdilər ki, Vətənin ərazi bütövlüyü uğrunda canlarından keçən bütün şəhidlərin xatirəsini əziz tutmaq, onları hər zaman ehtiramla yad etmək hər birimizin mənəvi borcudur.
Azərbaycan Respublikasının  Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə leytenant Nağıyev Murad Mayıl oğlu ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif olunub.
Tədbir Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solistlərinin ifasında vətənpərvərliyi tərənnüm edən mahnılarla başa çatdı.

Bəxtiyar ƏLİYEV "Azərbaycan Ordusu"